Əhliman Əmiraslanovun qohumları mətbuata müharibə elan etdilər? – MARAQLI MƏQAMLAR(FOTO)

Azər Əmiraslanovun müdafiəsinə əmisiqızı Arzu Əmiraslanova qalxdı, ifşa olunduqda isə rəylərini silib hesabını dondurdu…

Bu günlərdə 365info.az saytı sabiq ATU rektoru, millət vəkili Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanov və istər cəmiyyətdə, istərsə də mətbuatda onun köməkçisi kimi tanınan Vüqar Cavadov barədə bir sıra məlumatlar dərc etmişdi.
Məsələ ondadır ki, “Azər Türk Med” klinikasına rəhbərlik edən Vüqar Cavadov nümayəndələri vasitəsilə mətbuata bu məlumatları təkzib etməyə çalışmışdı. Lakin vaxtilə Azər Əmiraslanovun adından pul tələb etdiyi Emin Hüseynovun (hazırda general Ramiz Zeynalovun qardaşıoğlu Qoşqar Zeynalovun şikayəti əsasında həbsdədir – red.) anası Lətifə Hüseynova LEGİON-a açıqlamasında bildirmişdi ki, Azər Əmiraslanovun onun oğlundan alacağı pullarla bağlı dəfələrlə Vüqar Cavadovdan zənglər daxil olub, Tural adlı ailə sürücüsü isə bir neçə dəfə pulları aparıb məhz Vüqar Cavadova verib.

Qeyd edək ki, LEGİON saytı bu günlərdə “Deputat oğlunun nələri yoxmuş?! – “Azər-Türk” klinikası, “A club”, 060 maşın nömrələri…” başlıqlı yazını “regionxeberleri.com” və 365info.az-a istinadla dərc edərək, öz “Facebook” səhifəsində də paylaşmışdı.
Bundan sonra, bir çox sosial şəbəkə istifadəçiləri də deputat oğlu barəsində məlumatları paylaşdılar və hətta bir çoxunun reaksiyası xoşagələn sayılmazdı.

Lakin bir incə məqam diqqəti çəkdi ki, onu da oxucularla bölüşmək istərdik. Adətən, bəzi məmur və işbazlar səhifəmizə “fake” profillər vasitəsilə hücum edir. Saxta profillərdən olan hücumları, təhqiramiz rəyləri və mesajları elə də ciddiyə almırıq. Lakin “Amiraslanova Arzu” adlı bir istifadəçi fevralın 25-də “Facebook” səhifəmizə daxil olaraq, kollektivimizin ünvanına xoşagəlməz və hətta təhqiramiz ifadələrlə hücuma keçdi. Onun yazdığı rəyləri “screenshot” etmək imkanımız da oldu.

Əlbəttə, Arzu xanımı səsləndirdiyi ağır ifadələrə görə, ədəbsizlikdə ittiham etməyəcəyik. Ümumiyyətlə, Azərbaycan xanımlarına qarşı heç vaxt aqressiya göstərməmişik… Lakin yetərincə hörmətlə və “Siz” xitabıyla danışdığımız bu xanım bizə qarğışlar etməyə başlayınca, onun soyadının bu məsələdə rol oynayıb-oynamadığını soruşduq. O isə Əmiraslanovlarla qohum olmadığını bildirdi.

Lakin qısa araşdırmadan sonra, Arzu Əmiraslanova barəsində xeyli məlumatlar öyrəndik. O məlumatların hamısını yazmağa ehtiyac yoxdur, lakin onu deyə bilərik ki, Azər Əmiraslanovun “hansısa möcüzə ilə” tibb elmləri doktoru, professor və akademik olması kimi, Arzu Surxay qızı Əmiraslanova da gənc yaşlarından xeyli “uğurlara imza atıb” və hazırda BDU-nun ingilis dili kafedrasında baş müəllimdir, bir neçə kitabları da var.

Biz bu məlumatı öyrəndikdən sonra, ona atasının adının Surxay olduğunu xatırlatdıq. Elə bunu yazmışdıq ki, A.Əmiraslanova bir neçə saniyədə bütün rəylərini sildi və hesabını da dondurdu.
Sual yarana bilər ki, “alimlər nəsli” olan Əmiraslanovlar müstəqil mətbuata müharibə elan ediblər?
Bilmirik… Belə bir varianta inanmaq belə istəməzdik. Axı, ziyalı və alimlər yetişdirən bir nəsil niyə sosial şəbəkələrdə təhqir və qarğış yağdırmaq taktikasına keçsin?
Nəzəri olaraq, öz qohumlarını “tapış”la qabağa çəkib elmi dərəcə verən, düşmənlərini də “Banditizm”lə, tutdurmaqla, şərləməklə cəzalandıran adamlar sosial şəbəkələrə az həssaslıq göstərməlidir.
Lakin həyatda hər şey ola bilər…

Araz Məmmədov

LEGİON

Mövzu ilə bağlı linklər:

Azər Əmiraslanov və Vüqar Cavadov iş adamına təzyiq edirlər? – NÜANSLAR

Klinika rəhbəri müstəqil mətbuatı şantajda ittiham edir – ABSURD

Əhliman Əmiraslanovun oğlunun başına Sloveniyada nə gəlib? – NÜANSLAR

 

 

  DİGƏR XƏBƏRLƏR