“Azərbaycanda sosial mənzil tikintisi aparılmır”

Minval.az-ın yaydığı məlumata görə, ötən ilin dekabrında Yasamal rayonu ərazisində birinci sosial evin tikintisinə start verilib. Sayt yazır ki, sosial evlərin tikintisi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi məşğul olur. Agentlik layihəni həyata keçirmək üçün inşaat şirkətləri arasında tender keçirir. Agentliyin tabeliyində olan “MİDA” MMC sifarişçi qismində çoxmərtəbəli yaşayış binalarının, ictimai-işgüzar zonaların və başqa obyektlərin tikintisini həyata keçirəcək.

MMC –ni 5 nəfərdən ibarət Müşahidə Şurası idarə edəcək. Şura icra orqanına direktor və iki müavin təyin edir. Dövlət Agentliyinin idarə edilməsi ilə bağlı əsas səlahiyyətlər Azərbaycan Prezidentinə aiddir. Agentliyin yaradılması ilə bağlı digər icra orqanlarına tapşırıqlar verilib. (Minval.az)

1 mart 2017-ci ildə Bakıda “Caspian European Club” və “Caspian American Club” tərəfindən təşkil olunmuş və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyevin iştirak etdiyi biznes-forumda güzəştli mənzillərin tikintisi ilə bağlı əsas suallar müzakirə edilib. Biznes forumda çıxış edən Samir Nuriyev bildirib ki, hazırda Yasamalda tiikilən ilk sosial evlər 2018-ci ilin ikinci yarısında istifadəyə veriləcək: “ Hazırda Hövsan qəsəbəsində həyata keçiriləcək ikinci layihə üzərində iş gedir, həmin ərazidə 3 min 300-ədək mənzil tikiləcək”.

Nuriyev bildirib ki, sosial mənzillərin dəyəri yerləşdiyi məkandan və digər şərtlərdən asılı olacaq: “ Sosial evlər bazar qiymətindən 20-25 faiz ( bəlkə də artıq ) ucuz olacaq”. (abc.az).

Ümumiyyətlə, görək sosial ev nədir? Sosial ev əhalini mənzillə təmin etməyin bir yoludur ki, bu zaman mülkiyyətin sahibi ya dövlət, ya da bələdiyyə olur. Dünya praktikasında bu termin kommersiya məqsədi daşımamaq şərti ilə bir çox icarə formalarını, qeyri-kommersiya təşkilatlarını özündə birləşdirir. (Vikipediya)

Sosial mənzil tikintisi bir çox ölkələrdə həyata keçirilir. Bütün ölkələrdə sosial mənzillər vətəndaşlara “ bazar qiymətindən 20-25 faiz ucuz” deyil, ümumiyyətlə, pulsuz verilir. Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənovun fikirlərini öyrəndik. O, LEGİON-a bildirdi ki, hələ ki sosial evlərin qiyməti məlum deyil: “ Amma strategiya belədir ki, qiymətlər bazar qiymətindən 20-30 faiz ucuz olmalıdır”.

Həsənovun fikrincə, MİDA-nın inşa etdiyi evlərin sosial mənzillərə dəxli yoxdur: “ Çünki sosial mənzil vətəndaşa yaşamaq üçün pulsuz verilir. Azərbaycanda sosial mənzillərə dövlətin qaçqın və məcburi köçkünlərə verdiyi evləri aid etmək olar, burda da evin sahibi dövlətdir. Mətbuatda sosial evlər adladırılan evlər əslində əhalinin aztəminatlı hissəsi üçün güzəştli şərtlərlə nəzərdə tutulub”.

İqtisadçı onu da qeyd etdi ki, hazırda söhbət əhalinin əksəriyyəti üçün məqbul qiymətləri olan mənzil tikintisindən gedir: “ Türkiyədə dövlət güzəştli mənzillərin tikintisi və satışı ilə məşğul olur. Amma Türkiyədə güzəştli mənzil üçün aylıq ödəniş Azərbaycandan aşağıdır. Hansı ki, Türkiyədə minimal əmək haqqı 1700 türk lirəsidir ki, bu da 500 dollara, bizim pulla 850 manata bərabərdir. Türkiyədə güzəştli mənzilə görə aylıq ödəniş 200-250 türk lirəsi, yəni bizim pulla 130 manatdır. Azərbaycanda isə 1 otaqlı güzəştli mənzil üçün aylıq ödəniş 130-140 manat, 2 otaqlı üçün 200-210 manat, 3 otaqlı üçün isə 300-310 manatdır. Bu layihə orta və aztəminaltı ailələr üçün nəzərdə tutulub. Ölkəmizdə isə orta aylıq əmək haqqı 500 manatdır. Bu məbləğin 60 faizini aylıq kimi ödəməlisən”.

Rəşad Rüstəmov

LEGİON

 

  DİGƏR XƏBƏRLƏR