Bank Standard qanunu pozub?

24 may 2017-ci il tarixdə LEGION saytında “Standart Insurance sığorta haqqını ödəməkdən imtina edir” başlıqlı məqalə dərc olunub. Məqalə Masallı rayon sakini Kamal Qafarlının Qafqaz Xəbər Agentliyinə müraciəti əsasında hazırlanıb: “ 2015-ci ildə mənim həyat yoldaşım Rövşanə Mehdiyeva Toyota Prado markalı avtomobil alıb. O, avtomobili almaq üçün 2015-ci ilin avqustunda «Bank Standard»-dan 16 faizlə 31200 manat kredit götürüb. 2015-ci ilin avqustunda avtomobil CASCO üzrə Standard Insurance-də sığortalanıb. Həmin avtomobili etibarnamə ilə mən idarə etmişəm.

19 may 2016-cı ildə həmin avtomobili mən idarə edərkən Ələt-Astara yolunda qəzaya düşdüm. Biz bu barədə sığorta şirkətinə məlumat verdik. Həmin anda hadisə yerinə Standard Insurance-in Lənkərandakı nümayəndəsi gəldi”.

Qafarlının sözlərinə görə, polis tərəfindən aparılan təhqiqat sübut etdi ki, qəza onun günahı üzündən baş verməyib: “ Bunu Standard Insurance şirkəti də etiraf etdi. Sığorta müqaviləsinə əsasən avtomobilin təmir olunacağı servis mərkəzini biz müəyyən edə bilərik. Biz isə “Prado” servis mərkəzini seçdik. Ancaq bugünədək bizim avtomobilimiz təmir olunmayıb. Çünki Standard Insurance şirkəti bizim avtomobilin təmiri üçün servis mərkəzinə pul ödəmək istəmir. Sığorta şirkəti bildirir ki, sığorta haqqı ancaq «Bank Standard»-a ödənə bilər. Bankın avtomobilin təmiri ilə nə əlaqəsi ola bilər…aydın deyil.

Bundan başqa həyat yoldaşımla “Bank Standard” arasında bağlanan kredit müqaviləsində qəza vaxtı ödənilən sığorta haqqının mütləq banka ödənilməsi ilə bağlı bircə söz də yoxdur”.

Məsələ ilə bağlı Standard Insurance şirkətinin sığorta ödənişləri üzrə mütəxəssisi Pərviz Məmmədrzayev Qafqaz Xəbər Agentliyinə bildirdi ki, sığorta haqqı “fayda götürən şəxsin” müəyyən edilməsi əsasında köçürülür: “ СASCO sığortanın qaydalarında belə bir termin var, “fayda götürən şəxs”. Fayda götürən şəxs bizim şirkətə ödəniş edir. Hazırkı halda bu “Bank Standard”dır”. (LEGION).

30 sentyabr 2016-cı ildə mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bəyan etdi ki, Bank Standard-ın lisenziyasının ləğv olunması, Standard Insurance sığorta şirkətinin bağlanması demək deyil. Aslanlı qeyd edib ki, bank və sığorta şirkəti eyni holddinqə – AB Standard-a daxildir. (interfax.az).

25 may 2017-ci ildə Kamal Qafarlı Qafqaz Xəbər Agentlyinə bildirib ki, onun həyat yoldaşı Bank Standard-dan kredit götürən zaman bank tələb edib ki, Standard Insurance-lə sığorta müqaviləsi bağlasın. Bununla bağlı “Şəffaf Azərbaycan” təşkilatının rəhbəri Rəna Səfərəliyeva Qafqaz Xəbər Agentlyinə bildirib ki, bank və sığorta şirkəti eyni holdinqə daxil olduğu üçün Standard Bank-ın öz müştərisindən Standard Insurance-lə sığorta müqaviləsi bağlamasını tələb etməsi qanuna ziddir.

Məsələ ilə bağlı iqtisadçı Qubad İbadoğlu Qafqaz Xəbər Agentliyinə bildirib ki, hər bir vətəndaş öz əmlakını sığorta etdirmək üçün özü istədiyi sığorta şirkətini seçə bilər: “Banklar sadəcə məsləhət verə bilər ki, hansı şirkətin şərtləri daha münasibdir. Amma bankın öz müştərisindən hansı şirkətlə müqavilə bağlamağı tələb etməyə hüququ yoxdur”.

Məsələ ilə bağlı iqtisadçı Sabit Bağırov isə Qafqaz Xəbər Agentliyinə bildirib ki, sığorta  kompensasiyası banka deyil, mütləq əmlakı sığortalanan müştəriyə ödənməlidir: “ Əgər belə hal baş veribsə, deməli qanunvericilikdə boşluq var. Hazırki halla trast və trest razılaşmaları ilə oxşar elementlər var. Belə olmamalıdır. Qanunvericilik bir vəsilədə olan agentlərin sərbəstliyini təmin etməlidir. Əgər bu agentlər arasında əlaqə varsa, bu istehlakçının mənafeyini pozur”.

R.Həsənoğlu

Kavkaznews.az

Mövzu ilə bağlı link:
«Standart Insurance sığorta haqqını ödəməkdən imtina edir”

  DİGƏR XƏBƏRLƏR