Sirena MMC-dən avtomobil alan müştəri şirkəti özbaşınalıqda ittiham edir-ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya

Qazax rayon sakini, YAP-ın üzvü, həkim Yusubov Mahir Şahvələd oğlu tərəfindən 

Abşeron rayonunda yerləşən “Sirena MMC” barədə

Şikayət Ərizəsi

Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirəm ki, 2013-cü ilin noyabr ayında “Sirena MMC”dən dəyəri 14.800 AZN olan CHANGAN EADO avtomobilini 3 illik kredit yolu ilə aldım. İlkin ödəniş olaraq mən 2500 AZN nəğd pul ödədim. Sonrakı dövrdə 20 ay ardıcıl 533 AZN olmaqla 10.660 man Sirena MMC-yə pul ödədim. Beləliklə ilkin ödənişlə birgə ödədiyim məbləğ 13.160 AZN təşkil etmişdir.

2015-ci ilin avqust ayında cari ödənişimi etdikdən sonra mən qalan borcumu tam ödəmək istədikdə Sirena MMC-dən mənə bildirdilər ki sən cəmi 9.100 AZN pul ödəmisən. Lakin mən onlarla razılaşmadım və əlimdəki qəbzlərə əsasən 13.160 AZN indiyədək pul ödədiyimi bildirdim. Bundan sonra aramızda mübahisə yarandı və Sirena MMC Qazax Rayon Məhkəməsinə müraciət etdi.

2016-cı ilin oktyabr ayında avtomobildə yaranmış nasazlığa görə mən həmin avtomobili Sirena MMC-nin təmir sexinə apardım. Təmir olunduqdan sonra həmin avtomobili mənə vermədilər. Artıq 8 aydır ki Sirena MMC həmin avtomobili özündə saxlayır.

Qazax Rayon Məhkəməsi mübahisəni aradan götürmək üçün Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası təyin etdi. Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mənim ödənişlərimi rəsmi olaraq təsdiq etdi. Qazax məhkəməsinin çıxardığı qətnamədə həmin avtomobilin ümumi dəyərinin əsas hissəsi ödənildiyi üçün Sirena MMC-nin həmin avtomobilin məndən alınmasını ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirdi. Lakin Sirena MMC məhkəmə qətnaməsini nəzərə almadı və həmin avtomobili bu günə qədər də özündə girov saxlayıb. Sirena MMC-nin məhkəmə qərarına biganə yanaşması mənə əsas verir deyim ki, Sirena MMC-nin arxasında hansısa səlahiyyətli məmur dayanır. Məhz buna görə də onlar məhkəmə qərarlarını nəzərə almırlar.

Hörmətli cənab Prezident!

Sirena MMC məndən savayı bir çox müştəriləriylə bu cür davrandığı barədə mətbuatda, həm də ictimaiyyət arasında faktlar var. Sizdən xahiş edirəm Sirena MMC-nin özbaşınalıqlarına son qoyulması üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.

Hörmətlə Yusubov Mahir Şahvələd oğlu.

Tarix 17.05.2017   tel 0503280819

qafqazxeber.az

  DİGƏR XƏBƏRLƏR