Somalidən olan idmançılar Bakıda itkin düşdülər

Polis Bakıda mayın 12-dən 22-dək keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Somalidən olan idmançıları axtarır. Somali Federativ Respublikasının iki vətəndaşı öz yığmaları ilə birlikdə vətənə qayıtmayaraq Azərbaycanda qalıblar. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, onların dəqiq harada olması ilə bağlı heç bir məlumat yoxdur.

Axtarılan idmançıların adları hələ açıqlanmır. Yalnız bu idmançıların atlet-qaçışçılar olduqları məlumdur. Qeyd edək ki, Somalidən olan nümayəndə heyətinin sayı az olub – cəmi səkkiz idmançı. Məlumdur ki, 800 metrlik məsafəyə qaçışda Somalidən olan idmançı Əhməd Adissalam iştirak edib və 12-ci yeri tutub. 1500 metr məsafəyə qaçışda isə Həssən Əli 16-cı yeri tutub. Ancaq məhz bu idmançıların geri qayıtmadığı dəqiq bəlli deyil.

Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, gec-tez idmançılar tapılacaq və öz ölkələrinə deportasiya ediləcəklər. Güman edilir ki, əcnəbilər Azərbaycan vasitəsilə üçüncü ölkəyə getmək üçün burada qalıblar.

Somalidən olan atletlərin yoxa çıxması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin əməkdaşları xəbərdar ediliblər.

Qeyd edək ki, hazırda Somalidə silahlı toqquşmalar davam edir. Beynəlxalq KİV-in yazdığına görə, ölkədə faciəli vəziyyət hökm sürür, ərzaq çatmır və buna görə qaçışçıların vətənə qayıtmaq istəməməsi təəccüblü deyil.(Sputnik Azərbaycan)

  DİGƏR XƏBƏRLƏR