“ASMET”-in kollektivi Prezidentə müraciət etdi

Azəriqaz bir aydı qaz borusunda sızma axtarır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları uzun müddətdir ölkədə sağlam biznes, bərabər rəqabət mühitinin yaradılması, inhisarçılığın aradan qaldırılması, sahibkarlar və iş adamları üçün münbit şəraitin təmin olunması üçün ortaya siyasi iradə qoyub və bu istiqamətdə lazım olan bütün addımları atır.

Ancaq bəzi yerində olmayan irili-xırdalı məmurlar bu xoşməramlı prosesin həyata keçməsinə mane olurlar.

Ölkəmizdə digər həlli vacib problemlərdən biri də istehsalçı və istehlakçı arasındakı münasibətlərin düzgün tənzimlənməməsidir.

Loru dildə desək, vətəndaş pulu keçirməyən kimi işıq, qaz, su kəsilir. Yəni vətəndaşın qarşısında konkret tələb qoyulub: pulunu keçir, qazını, suyunu, işığını al… Yəni qışın şaxtası, yayın qızmarı olsa da, evdə xəstə olsa da, pul-limit bitən kimi… qaz, su, işıq kəsilir.

Bəs görəsən, belə konkret tələb qarşı tərəfdən, yəni istehsalçıdan niyə tələb olunmur..?

Sən mənim evimə çirkli qaz verirsən… qaz təmiz deyil… qazdan boğulan olur… və ya birdən elan edirlər ki, filan ərazidə qaz olmayacaq… və s…

Nə üçün qarşı tərəf, yəni istehsalçı istehlakçıya cərimə vermir..?

Məgər belə qayda olar..?

Bəs, mənim sonuncu qəpiyim bitən kimi qazımı, suyumu, işığımı kəsirsən… Yəni ikitərəfli əlaqədə bütün məsuliyyət ancaq istehlakçının- vətəndaşın, iş adamının, obyektin boynuna yıxılıb.

Qarşı tərəfin işi ancaq pul yığmaqdır.

Sözün qısası, qanunvericiliyimizdə də boşluq var, məmurlarımızın vicdanında daha yekə boşluq var..

Gəncədə fəaliyyət göstərən rəngli metal istehsal edən şirkətin işçiləri ölkə başçısı İlham Əliyevdən kömək istəyirlər:

“Cənab Prezindet!

2003 -cü ildən bugünədək şirkətimiz əlvan metalların tədarükü, istehsalı və satışı ilə məşğuldur.

2016 -cı il ərzində 5 milyon 352 min manat məbləğində məhsul istehsal edilərək satışa göndərilmişdir. Ondan 4 milyon 373 min manat məbləğində məhsul ixraca yönəlmişdir. Hazırda şirkətimizdə 21 nəfər işçi çalışır. Yəni bu müəssisədən 21 ailə dolanır.

Möhtərəm Cənab Prezident!

Siz sahibkarlara dəstək olaraq daha geniş layihələrin həyata keçirilməsinə dəstək verirsiniz, yeni iş yerlərinin açılması haqqında qərarlar qəbul edirsiniz. Lakin bir sıra bəzi məmurlar bu xoşmərama məhəl qoymurlar, sahibkarların işinə mane olurlar.

Bildirmək istəyirik ki, 08 may 2017-ci il tarixdən bizim şirkətə qaz verilməsi dayandırılıb. Biz qaz sərfinə görə vaxtında pulumuzu ödəmişik. Qazın kəsilməsinin səbəbini soruşanda deyirlər ki, Maşınqayırma zavodu deyilən ərazidə qaz xəttində sızma olduğu üçün ümumi xətti Regional Qaz İstismar idarəsinin işçiləri tərəfindən bağlanmışdır. Lakin bu sızmanın bizə heç bir aidiyyəti yoxdur. Bu sızma qaz xətti olan yerdən bizim qaz xətti olan yerə qədər kilometrlərlə məsafə var.

Möhtərəm Prezident!

İstehsal prosesi dayananda onu bərpa etmək üçün günlərlə, bəzən aylarla vaxt lazım olur. Biz bir istehsalçı olaraq Azərqaz-ın günahından bir aydan artıqdır ki, işimizi dayandırmışıq. Yaxud qaz sızmasının vətəndaşa, abonentə, və ya iş adamına nə dəxli var..? Bunun üçün məsuliyyət “Azərqaz”-ın üzərinə düşür.

Həm də bizə bir aydan artıq müddətdə dəyən zərəri kim ödəyəcək..? Axı, biznes qurumu olaraq bizim də sifarişçilərimiz var.

Biz onlara nə cavab verək..?

Deyək ki, Azərqaz bir aydır qaz sızmasını axtarır..?

Cənab Prezident!

Bu qaz xəttinin bağlanması bizim şirkətimizə xeyli miqdarda ziyan vurmuşdur.

2017 –ci ilin aprel ayında ölkədən ixrac etdiyimiz məhsuldan daxil olan vəsait 486.278 azn olmuşdur. Bir aydır işləmirik. Yəni yuxarıda göstərilən məbləğ qədər ziyana düşmüşük. Regional Qaz İstismar idarəsinin rəhbərləri ilə dəfələrlə görüşlər keçirməyimizə baxmayaraq “Bu gün- sabah veriləcək” vədindən başqa heç nə görmədik.

Möhtərəm Prezident!

Hər zaman olduğu kimi yenə də iş adamlarına dəstək verəcəyinizə ümid edirik. Ümidimiz ancaq Sizədir.

Əvvəlcədən təşəkkür edirik!

Hörmətlə, “ASMET LTD” MMC-nin kollektivi

Qafqaznews.az

  DİGƏR XƏBƏRLƏR