Gecə qara, cücə qara, Hacıbala… – Səkinin ortasında “sürpriz” köşkü kim yerləşdirib?

Yasamal RİH məsuliyyəti meriyanın üzərinə atır, meriya rəsmiləri isə işçilərinin gecə işləməsindən xəbərsizdirlər….

“Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi”

Bakı şəhərində köhnə “budka”ların sökülməsindən sonra, yeni tipli köşklər yayılmağa başladı.

Bir çox yerlərdə “yağışdan sonra çıxan göbələk” kimi yayılmış bu köşklər əhaliyə və ictimaiyyətə “qəzet köşkü” kimi təqdim olunsa da, bəzi köşklərdə rəngi saralmış bir-iki qəzetdən savayı, hər şeyə rast gəlmək olar.

Siqaret, enerji içkiləri, dəftərxana ləvazimatları və müxtəlif “xırda-xuruş” məhsullar…

Bu barədə ölkə mətbuatı da dəfələrlə yazıb.

Lakin köşklərin “repertuar”ından başqa, yerləşdirmə məsələsi də davamlı olaraq ictimaiyyətdə mübahisə mövzusu olmaqdadır.

İyunun 24-də Yasamal rayonu, H.Cavid küçəsi 5 ünvanında yerləşən binanın sakinləri Qafqaz Hüquq Mərkəzinə müraciət edərək, ötən gecə binalarının qarşısında baş verən “xəlvəti” hadisəylə bağlı onlara hüquqi yardım göstərilməsini xahiş ediblər.

Bu barədə Qafqaznews.az-a açıqlama verən Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib ki, iyunun 24-dən 25-nə keçən gecə, kimliyi bilinməyən şəxslər ağır texnika ilə köşk gətirərək, binanın qarşısında, düz səkinin ortasında yerləşdiriblər.

“Bu hadisə ötən gecə saat 1-də baş verib. Köşk səkinin ortasında yerləşdirilib. Səkinin kənarında isə ağaclar var. Görünür ki, növbəti gecə də, o köşkün qarşısındakı ağacları kəsib, köşkü bir az irəli çəkməyi planlaşdırıblar. Yaxınlıqda məktəb var, köşkün orda olması dərs ilində həmin səkidə uşaqların hərəkətinə maneə yaradacaq. Həmçinin, ağacların da kəsilməsi yol verilməzdir. Ümumiyyətlə, o köşkün həmin ərazidə yerləşdirilməsi məqsədəuyğun deyil. Sakinlər məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət ediblər. Lakin onlara deyilib ki, iyunun 29-na qədər bayram günləridir, bir neçə gündən sonra gələrsiniz. Maraqlıdır ki, köşkü məhz bayram günləri başlayarkən, gecə saatlarında gətirib qoyublar və belə “xəlvəti” addımın atılması da bir çox suallar doğurur”, – deyə İ.Abbasov vurğuladı.

Yasamal RİH başçısının 1-ci müavini Səməd İslamov Qafqaznews.az-a bildirdi ki, o, bir həftədir öz hesabına məzuniyyətə çıxıb və rayonda baş verənlərdən xəbəri yoxdur.

“Sizcə, gecə saat 1-də, düz səkinin ortasında köşkün yerləşməsi doğrudur?”, – deyə soruşduq.

“Şəhər ərazisində köşklərin yerləşdirilməsi ilə Bakı Şəhər icra Hakimiyyəti məşğul olur. Bu yerləşdirmənin normativ qaydalarını müəyyən edilməsiylə də onlar məşğuldur”, – deyə S.İslamov sualımızı şərh etməkdən yayındı.

Bakı Şəhər İcra Hakimiyyəti Nəzarət Departamentinin müdiri Zülfəli İsmayılov da Qafqaznews.az-a bildirdi ki, məsələ barədə məlumatı yoxdur. “Köşkün gecə vaxtı, səkinin ortasında qoyulması düz deyil, amma… Bu işlə Bakı Şəhər Ticarət və Xidmət Departamenti məşğul olur, onlarla əlaqə saxlayın”, – deyə Z.İsmayılov bildirdi.

Biz Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən Əliabbas Bağırovla əlaqə saxladıq. “Bəli, köşkləri şəhərdə biz yerləşdiririk…. Amma elə vaxtda zəng etmisiniz ki, mən necə araşdırım, sizə necə məlumat verim? Ancaq bayramdan sonra araşdırıb məlumat verə bilərəm”, – deyə Ə.Bağırov bildirdi. “Bəs gecə saat 1-də işləyirsiniz?”, – deyə soruşduq.

“Yox,əlbəttə ki… Bu işlər gündüz aparılmalıdır, gecə saatlarında yox”, – deyə departament rəsmisi cavab verdi.

“Köşkləri hansısa özəl şirkət yerləşdirir, yoxsa, birbaşa sizin departamentin işçiləri?”, – deyə soruşduq.

“O köşkləri bilavasitə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin işçiləri yerləşdirir, amma harda qoyulması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilir”, – deyə Ə.Bağırov qeyd etdi.

O, həmçinin bizə bir saat sonra, ətraflı məlumat üçün əlaqə saxlamağı təklif etdi.

Bir saat sonra zəng etdiyimizdə isə Əliabbas Bağırov Qafqaznews.az-a belə dedi: “Telefonuma cavab verən olmadı… Ən yaxşısı, bayramdan sonra əlaqə saxlayaq”.

Araşdırmamız davam edir.

Ümid edirik ki, qeyri-iş günləri bitdikdən sonra, Bakı meriyasının səlahiyyətli şəxsləri şairin “gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” misrasına da uyğun bir qafiyə düşünə biləcəklər…

Rüfət Əhmədzadə

Qafqaznews.az



  DİGƏR XƏBƏRLƏR