Həbs təhlükəsiylə üzləşən baş redaktor Prezidentdən kömək istədi – MÜRACİƏT

Anar Asimoğlu: “Mənə qarşı da belə amansız yolu tutan MTN generalı Pərviz Səfərov, Texnika bankın sabiq direktoru Etibar Əliyev, o cümlədən, “North west” şirkətinin icraçı direktoru Elçin Bədəlov öz keçmiş əməllərini göz önünə gətirmirlər?”

Bir qrup “qüdrətli” şəxs tərəfindən təzyiqlərə məruz qalan və həbs təhlükəsiylə üzləşən 365info.az saytının baş redaktoru Anar Asim oğlu Qasımov (Anar Asimoğlu) dövlət başçısı İlham Əliyevə müraciət edib.

Müraciətdə deyilir:

Cənab Prezident!

Azad və müstəqil mətbuata Siz ATA-OĞUL Əliyevlərin münasibətini bircə faktla qeyd etmək istəyirəm.

Böyük Həsən Bəy Zərdabidən başlayan Azərbaycan mətbuatının başı üzərində 100 ildən artıq müddətdə SENZURA olmuşdur.

Bu Çar Rusiyası dövründə, Sovet dönəmində, hətta özünü demokrat hesab edən AXC-Müsavat hakimiyyəti dövründə də belə olmuşdur.

Yəni Azərbaycan mətbuatını ilk dəfə Ümumilli Liderimiz Heydər Əliyev cənabları SENZURA-dan xilas etdi, yəni azad mətbuatın inkişafına təkan verdi.

Siz İlham Əliyev cənabları Ümumilli Liderin layiqli davamçısı olaraq müstəqil mətbuata, azad mediaya dəstək və qayğınızı həmişə artıqlaması ilə etmisiniz.

Sizin bu qayğınızdan ruhlanan xeyli sayda ziyalımız, o cümlədən mən xeyli müddətdir ki, 365info.az saytını təsis edərək fəaliyyət göstəririk.

Fəaliyyət göstərtdiyim müddətdə heç bir siyasi partiyanın ruporuna çevrilməmişik, qrup maraqlarına xidmət etməmişik, həmişə Sizin apardığınız uzaqgörən siyasəti dəstəkləmişik.

Onu da xüsusi olaraq qeyd edim ki, bir media orqanı olaraq daha çox sosial mövzuları ictimailəşdirərək, onun həllinə nail olmağa, hüququ tapdalanan ölkə vətəndaşlarının problemlərini dövlət orqanlarının nəzərinə çatdırmağa çalışmışıq.

Son vaxtlar 365info.az xəbər portalı olaraq “North West” şirkətinin icraçı direktoru Elçin Bədəlovla, ləğv olunmuş keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, general Pərviz Səfərovla bağlı araşdırma yazıları dərc etmişik.

Onu da qeyd edim ki, yazılarda “Texnika bank”ın sabiq direktoru Etibar Əliyevin də adı bir epizodda keçir.

Biz o iddiada deyilik ki, bizim yazdıqlarımız Quran ayəsidir. Amma fəaliyyət göstərdiyimiz müddətdə çalışmışıq ki, hazırladığımız məqalələr, materiallar faktlara söykənsin. Və məlumdur ki, sivil dünyada mətbuatla birgə işləməyin yolları var: qarşı tərəf öz mövqeyinin işıqlandırılmasını tələb edə bilər.

Amma çox təəssüf ki, son vaxtlar yazdığımız məqalələrdən qəzəblənən qüvvələr, konkret olaraq “North west” şirkətinin icraçı direktoru Elçin Bədəlov, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi, general Pərviz Səfərov, o cümlədən “Texnika bank”ın direktoru Etibar Əliyev, Binəqədi məhkəməsinin hakimi Mirheydər Zeynalov və bunlara dəstək olan şəxslər bütün sivil metodları bir kənara ataraq 365info.az saytına və şəxsən mənə qarşı təzyiq və hədə-qorxu yolunu tutublar.

Bununla da nə yolla olur-olsun mənim həbsimə nail olmaq, azad mətbuatı, müstəqil medianı susdurmaq qərarına gəliblər.

Cənab Prezident!

Siz bugünlərdə parlamentə Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılması və azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması ilə bağlı layihə təqdim etmisiniz. Bu Sizin böyük ürəyinizin və humanist siyasətinizin nəticəsidir.

Məmurlar isə hər an yeri gəldi-gəlmədi media nümayəndələrini, qələm əhlini həbs etdirməyə can atırlar.

Mənə qarşı da belə amansız yolu tutan MTN generalı Pərviz Səfərov, Texnika bankın sabiq direktoru Etibar Əliyev, o cümlədən “North west” şirkətinin icraçı direktoru Elçin Bədəlov öz keçmiş əməllərini göz önünə gətrimirlər?

Görəsən, Etibar Əliyev başqalarının pulu hesabına onun ailə üzvlərinin çıxardığı oyunları unudub ?

Bəlkə keçmiş MTN generalı öz əməllərindən əl çəkib?

Cənab Prezident!

Mən bir daha bəyan edirəm ki, rəhbərlik etdiyim sayt heç bir qüvvəyə deyil, ancaq Azərbaycan dövlətinə qulluq edir və dövlətçiliyimizə sadiqdir. Bu yoldan dönmək fikrimiz və niyyətimiz də yoxdur.

Ancaq Elçin Bədəlov və onun ətrafında toplanmış bir qrup vəzifəli şəxs məni həbs etdirmək üçün bəzi instansiyalara sifariş veriblər.

Onu da qeyd edim ki, bu şəxslərin mənə hədə-qorxu və təzyiqlərindən sonra səhhətimdə ciddi problemlər yaranıb. Mən hər an həyatımı itirə bilərəm. Həm də Elçin Bədəlovun ətrafında cəmləşmiş bu qrup təkcə mənə qarşı deyil, ailə üzvlərimə də qarşı hər addımı ata bilərlər.

Cənab Prezident!

Bütün bunları nəzərə alaraq Sizdən xahiş edirəm ki, özümün və ailə üzvlərimin təhlükəsizliyinin təmin olunması üçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz.

Hörmətlə, 365info.az saytının təsisiçisi və baş redaktoru Anar Asim oğlu Qasımov

 
 
 
 

  DİGƏR XƏBƏRLƏR