“Yanğından zərər çəkən ailələr çadırlara yerləşdiriləcək” – Əli Həsənov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə birgə Yasamalda yanğının baş verdiyi köçkün yataqxanaya gəliblər.
Modern.az  xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar  sakinlərlə görüşən Ə. Həsənov hazırda FHN əməkdaşları tərəfindən neçə mənzilə ziyan dəydiyinin araşdırıldığını bildirib.
Hazırda hadisə yerində olan komitə sədri və icra başçısı vəziyyətlə tanış olur. Məcburi köçkünlər Əli Həsənova yataqxanadakı vəziyyətin dözülməz olduğunu deyərək, mənzil istəyiblər.
Ə.Həsənov yataqxanada yanğından ziyan çəkən ailələrin müvəqqəti yerləşdirilməsi barədə göstəriş verdiyini bildirib. Onun sözlərinə görə, təmir başa çatandan sonra zərərçəkənlər yataqxanaya qaytarılacaqlar.
Qeyd edək ki, bu gün Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasında yanğın olub. İlkin məlumata görə, yanğın zamanı 9 mənzil qismən, 1 mənzil isə tamamilə yanıb.

  DİGƏR XƏBƏRLƏR