47 yaşlı Qızılgül Alıyevanın köməyə ehtiyacı var – VİDEO

Şəkidə 47 yaşlı Qızılgül Alıyeva nə gəzə, nə də ailənin qayğıları ilə məşğul ola bilir.

Xezerxeber.az-ın məlumatına görə, o, artıq iki ildən artıqdır ki, əlil arabasına məhkum olub.

Şəkinin Çeşməli kəndində məskunlaşan kəlbəcərli məcburi köçkün Qızılgül Alıyeva onurğasında problem olduğu üçün sərbəst hərəkət edə bilmir. O, 2015-ci ildə qoz ağacından yıxılaraq onurğasını zədələyib. Həkimə gedəndə isə məlum olub ki, onun onurğasının 11-ci fəqərəsi qırılıb. O vaxtdan da əl arabası ilə hərəkət edir.

Ailənin başçısı Telman İsgəndərov 2-ci qrup əlil olduğu üçün hər işlə məşğul ola bilmir. Elə Qızılgül Alıyeva da ailəyə maddi dəstək olmaq üçün ağaclardan meyvə yığaraq pul qazanırdı. Ta ki, iki il əvvəl qoz ağacından yıxılanadək.

İndiyədək Alıyevlər ailəsi evin xanımını yenidən ayağa qaldırmaq üçün əllərindən gələni edib.

Qızılgül Alıyeva bundan əlavə böyrəyinin birini də itirib. İndi ailə tamamilə çarəsiz qalıb.

Artıq ailə Qızılgül Alıyevanın müalicə olunub sağalması üçün lazım olan məbləği toplamaq ümidi ilə imkanlı və xeyirxah insanlara üz tutublar. İnanırlar ki, onlara yardım ediləcək və evin xanımı yenidən ayağa qalxacaq.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir:

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR