Bakı meriyası uşaqların həyatını təhlükəyə atır?

İlqar Abbasov: “Sərəncamda uşaqların maşınla vurulması ehtimalı da nəzərdə tutulubmu?”

Bu günlərdə Qafqazxeber.az saytında “Gecə qara, cücə qara, Hacıbala… – Səkinin ortasında “sürpriz” köşkü kim yerləşdirib?” başlıqlı yazı dərc olunmuşdu.

Məqalənin başlığı nə qədər yumoristik səslənsə də, məzmunda o qədər ciddi, hətta acınacaqlı bir məsələdən söz açılırdı.

Məsələ ondadır ki, iyunun 24-də Yasamal rayonu, H.Cavid küçəsi 5 ünvanında yerləşən binanın sakinləri Qafqaz Hüquq Mərkəzinə müraciət edərək, ötən gecə binalarının qarşısında baş verən “xəlvəti” hadisəylə bağlı onlara hüquqi yardım göstərilməsini xahiş ediblər.

Bu barədə Qafqazxeber.az-a açıqlama verən Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov bildirib ki, iyunun 24-dən 25-nə keçən gecə, kimliyi bilinməyən şəxslər ağır texnika ilə köşk gətirərək, binanın qarşısında, düz səkinin ortasında yerləşdiriblər.

“Bu hadisə ötən gecə saat 1-də baş verib. Köşk səkinin ortasında yerləşdirilib. Səkinin kənarında isə ağaclar var. Görünür ki, növbəti gecə də, o köşkün qarşısındakı ağacları kəsib, köşkü bir az irəli çəkməyi planlaşdırıblar. Yaxınlıqda məktəb var, köşkün orda olması dərs ilində həmin səkidə uşaqların hərəkətinə maneə yaradacaq. Həmçinin, ağacların da kəsilməsi yol verilməzdir. Ümumiyyətlə, o köşkün həmin ərazidə yerləşdirilməsi məqsədəuyğun deyil. Sakinlər məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət ediblər. Lakin onlara deyilib ki, iyunun 29-na qədər bayram günləridir, bir neçə gündən sonra gələrsiniz. Maraqlıdır ki, köşkü məhz bayram günləri başlayarkən, gecə saatlarında gətirib qoyublar və belə “xəlvəti” addımın atılması da bir çox suallar doğurur”, – deyə İ.Abbasov vurğuladı.

Qafqazxeber.az-ın araşdırmaları zamanı Bakı Şəhər İcra Hakimiyyəti Nəzarət Departamentinin müdiri Zülfəli İsmayılov jurnalistimizə bildirdi ki, məsələ barədə məlumatı yoxdur. “Köşkün gecə vaxtı, səkinin ortasında qoyulması düz deyil, amma… Bu işlə Bakı Şəhər Ticarət və Xidmət Departamenti məşğul olur, onlarla əlaqə saxlayın”, – deyə Z.İsmayılov bildirdi.

Biz Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətindən Əliabbas Bağırovla əlaqə saxladıq. “Bəli, köşkləri şəhərdə biz yerləşdiririk…. Amma elə vaxtda zəng etmisiniz ki, mən necə araşdırım, sizə necə məlumat verim? Ancaq bayramdan sonra araşdırıb məlumat verə bilərəm”, – deyə Ə.Bağırov bildirdi.

“Bəs gecə saat 1-də işləyirsiniz?”, – deyə soruşduq.

“Yox,əlbəttə ki… Bu işlər gündüz aparılmalıdır, gecə saatlarında yox”, – deyə departament rəsmisi cavab verdi.

“Köşkləri hansısa özəl şirkət yerləşdirir, yoxsa, birbaşa sizin departamentin işçiləri?”, – deyə soruşduq.

“O köşkləri bilavasitə Bakı Şəhər Ticarət və Xidmət Departamentinin işçiləri yerləşdirir, amma harda qoyulması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müəyyənləşdirilir”, – deyə Ə.Bağırov qeyd etdi.

O, həmçinin bizə bir saat sonra, ətraflı məlumat üçün əlaqə saxlamağı təklif etdi.

Bir saat sonra zəng etdiyimizdə isə Əliabbas Bağırov belə dedi: “Telefonuma cavab verən olmadı… Ən yaxşısı, bayramdan sonra əlaqə saxlayaq”.

İyulun 4-də sakinlər bizə bildirdilər ki, artıq bayram günlərindən köşkə elektrik naqilləri çəkilib, köşkün ətrafındakı ağacların da kəsilməsi riski var… Bu məlumatdan sonra, bizim əməkdaş yenidən Əlabbas Bağırovla əlaqə saxladı.

Bu dəfə Ə.Bağırov bildirdi: “Mən soruşdum, dedilər ki, o köşk Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ora qoyulub və tam qanunidir”.

“Bəs səkinin ortasında, ağacların arasında köşk qoyulması… Gecə saatlarında həm də”, – deyə qeyd etdik.

“Bu məqamların hamısını dedim. Dedilər araşdıracağıq”, – deyə Ə.Bağırov bildirdi.

O, bizim jurnalistə “ağsaqqal” kimi qabağa düşməyi də təklif etdi.

“Düşün qabağa, sakinlərə yol göstərin, deyin ki, Hacıbala Abutalıbova yazılı müraciət ünvanlasınlar, məsələ “Baksovet”də araşdırılsın”, – deyə departament rəsmisi tövsiyə verdi.

Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov isə qafqazxeber.az-a bildirdi ki, sərəncamı olması ilə iş bitmir: “Nə olsun ki, sərəncam var. O sərəncam hüquqazidd olmalıdır? Cəmi üç metr eni olan səkinin iki metr yarımlıq hissəsi köşk tərəfindən tutulub. Hazırda yay günləridir, bəs dərs başlayanda uşaqlar nə edəcəklər? Mən deyim, orda basırıqlıq yaranacaq və məktəblilər yola, avtomobillərin hərəkət xəttinə çıxmalı olacaqlar. Sərəncamda uşaqların maşınla vurulması ehtimalı da nəzərdə tutulubmu?”, – deyə İ.Abbasov ritorik sualla çıxış etdi.

O vurğuladı ki, hazırda bəzi şəxslər Yasamal rayonundakı “başçısızlıq”dan və öz səlahiyyətlərindən sui-istifadə edirlər: “Yasamal RİH-də bu dəqiqə vəziyyət xoşagələn deyil. Konkret olaraq RİH-dən bu istiqamətdə ciddi addım gözləməyə dəyməz. Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri isə uşaqların həyatını təhlükəyə atırlar. Biz sakinlər adından Bakı ŞİH başçısı Hacıbala Abutalıbova müraciət hazırlamışıq, sabah həmin müraciət göndəriləcək”.

Tamerlan Zeynallı

Qafqazxeber.az

Gecə qara, cücə qara, Hacıbala… – Səkinin ortasında “sürpriz” köşkü kim yerləşdirib?



  DİGƏR XƏBƏRLƏR