Mətbuatın “16 yaşlı qatil” kampaniyası hansı səhvləri düzəldəcək? – ARAŞDIRMA

“O uşağın gələcəyini də məhv etməyə haqqımız yoxdur”

Mətbuat böyük qüvvədir və bir çox məsələlərdə ictimai rəyə təsir edə bilər. Amma bu təsir hansı nəticələr verəcək… Bəzən bu haqda jurnalistlər düşünmür və ya düşünmək istəmir. Sensasiya yaratmaq, cəmiyyətdə “hoydu-hoydu” ab-havasını formalaşdırmaq həvəsi çox zaman vicdandan qabağa keçir.

Bəzən də özünü “haqsızlıqla barışmayan” kimi göstərən bəzi həmkarlarımız iki ailənin faciə yaşadığı halda, “revanşizm”ə qapılır və bununla daha bir insanın da həyatını və gələcəyini məhv edəcəyini düşünmür.

Bu günlərdə ölkə mətbuatında “16 yaşlı qatil” kimi adlandırılan Ağaəli Fərəcov barədə bir sıra məlumatlar yayıldı.

Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.

Qafqazxeber.az-ın verdiyi məlumata görə, qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.

Xatırladaq ki, ilkin məlumatlarda Ağaəli Fərəclinin 14 yaşı olduğu bildirilirdi. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda A.Fərəclinin 16 yaşının olduğu açıqlanıb.

Təəssüflə qeyd etmək istərdik ki, bu barədə yazan bəzi həmkarlarımız müxtəlif sitatlardan istifadə etməklə, ifrat “revaşizm” nümayiş etdirir, həmin yeniyetmənin ən ağır şəkildə cəzalanmasını, nəinki tərbiyə müəssisəsinə, hətta həbsə göndərilməsini tələb edirlər.

Hətta bir sıra saytlarda A.Fərəclinin qəlyan çəkən yerdə çəkilmiş fotoşəklini paylaşması, tez-tez onun “iş adamının oğlu” olmasını vurğulaması…. müəyyən insanlarda Fərəcovlar iləsinə qarşıantipatiya və qıcıq yaranmasına səbəb olur və bu, danılmaz faktdır. Bu tip jurnalist yanaşmaları “linçləməyə çağırış” təsəvvürü də yarada bilər.

Biz bu və ya digər tərəfin haqlı olması barədə şərhlər yürütmək istəmirik. Obyektivliyi qoruyaraq, aylardır cəmiyyətin gündəmini işğal edən məsələni araşdırmaq qərarına gəldik.

Bu barədə Qafqazxeber.az-a danışan İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov bildirdi ki, bu cür hadisələr hər ailənin başına gələ bilər: “Hər birimizin ailəsində bu və ya digər dərəcədə ərköyün uşaqlar ola bilər. Lakin məsələnin mahiyyətini araşdırmadan, o yeniyetməni və ailəsini linçləmək haqsızlıq olardı. Qəza yolun piyada keçidi olmayan hissəsində baş verib və Ağaəli Fərəcli maşını yüksək sürətlə idarə etməyib. Digər tərəfdən, mən o uşağın avtomobil idarə etməsini əks etdirən bəzi videolara baxmışam, heç də pis idarə etmir… Olub, əldən qəza çıxıb. Həmin qadının ailəsi də notarial qaydada şikayətçi olmadığını bildirib və Fərəcovlar ailəsi dəfn xərclərini qarşılayıb, mərhumun ailəsinə mənəvi dəstək olub. Heç kim istəməzdi ki, belə hadisə olsun”.

Onun sözlərinə görə, mərhum Xəyalə Məmmədovanın hadisədən üç ay əvvəl “Koroğlu” metrosu yaxınlığındakı körpüdən özünü atmaq istəməsi barədə də məlumatlar əldə edib: “Hazırda həmin məlumatları araşdırırıq.Lakin demək istərdim ki, Fərəcovlar ailəsinə qarşı hücumlar etmək də doğru deyil.O ailə yaşadığı ərazidə tərbiyəli və mehriban ailə kimi tanınır. Biznesmen olanda nə olar? Korrupsioner məmur deyil ki… Tənqid etməyinizə bir söz demirəm, amma görün, həmkarlarınız yetkinlik yaşında hadisə törədən general və məmur uşaqları haqqında da belə “revanşist” yazılar yazırlarmı? Sadəcə oxucu toplamaq, sensasiya yaratmaq naminə bir yeniyetməni məhv etmək olmaz.O uşaq onsuz da ömrü boyu bu vicdan yükü ilə yaşayacaq. Zənnimcə, istəmədən bir hadisə törədib deyə, onu ailəsindən ayırmaq, kriminal çevrədə formalaşmış uşaqlarla eyni yerə salmaq düzgün deyil. O uşağın gələcəyini də məhv etməyə haqqımız yoxdur”.

R.Məmmədov sözügedən yeniyetmənin qəlyan çəkən yerdə şəkillərinin yayılmasına da münasibət bildirdi: “İctimaiyyətə bu cür təsir etmək olmaz. Qəlyan çəkmək nə vaxtdan avaralıq, kriminallıq göstəricisi olub? Bu şəkillərlə sanki cəmiyyətə təsir göstərib, “baxın, bu uşaq avaradır, kriminaldır, onu həbs etmək lazımdır” sözlərini demək istəyirlər”.

A.Fərəclinin vəkili Məmmədvəli Cəfərov bildirdi ki, yaxın günlərdə Sabunçu RM-in qətnaməsindən Bakı Şəhər Apellyasiya məhkəməsinə müraciət etmək niyyətindədir: “Qanuna görə, o uşağın barəsində ailəsindən ayırmadan da tərbiyəedici tədbirlər görmək olar. Sərt yanaşmaq, “qatil” damğası vurmaq doğru deyil. Mən bu işi yaxın günlərdə götürmüşəm, hazırda özüm də müəyyən araşdırmalar aparıram. Sadəcə deyə bilərəm ki, uşağın atasının bir-iki obyektə sahib olması onun “qudurğan”, “harın” olması anlamına gəlmir. Ağaəli Fərəcli də, onun ailəsi də bu müddətdə böyük sarsıntı keçirib. Onu ailəsindən ayıraraq, çətin tərbiyə olunan uşaqlarla bir müəssisəyə yerləşdirmək onun səhvləri üzərində düşünməsi və fərqli həyat qurması üçün köməkçi olmayacaq. Əksinə, təhsildən və ailə qayğısından məhrum olan uşağın xarakteri gələcəkdə daha çox kriminala meyilli şəkildə formalaşa bilər”.

Sabunçu Rayon Bakıxanov qəsəbəsi 72 saylı məktəbin direktoru Sevda Niyazova bildirdi ki, direktor vəzifəsini üç aydır icra edir: “Mən əvvəl rus bölməsinin tədris hissə müdiri olmuşam, o uşağı yaxından tanımamışam. Lakin hadisədən sonra onun ailəsiylə də, özüylə də tanış oldum. Hiss olunurdu ki, hadisədən sarsıntı keçirib, içinə qapanıb. Məktəbdə davakar və şuluq biri kimi tanınmayıb, barəsində müəllimlərdən hər hansı şikayət eşitməmişəm”.

Biz Fərəcovlar ailəsinin yaşadığı əraziyə nəzarət edən Sabunçu rayonu 146 saylı MİS-in sahə müfəttişi Cəmilə Yusifzadəni də tapdıq.

“Füzuli Fərəcovun ailəsni tanıyırsızmı, o ərazidə necə tanınır bu ailə?”, – deyə soruşduq.

“Gözəl ailədir. Mehriban və mədəniyyətli… Nə olub ki?”, – deyə C.Yusifzadə suala sualla cavab verdi.

Biz A.Fərəcovun qəza törətdiyini bildirdik.

O, bu hadisədən xəbərsiz olduğunu dedi: “Ölən var? Nə danışırsınız? Necə baş verib bu? Tutublar uşağı?”

“Qəza nəticəsində bir qadın dünyasını dəyişib. Tutmayıblar, amma məhkəmə onun barəsində qərar verib ki, çətin tərbiyə olunan uşaqlar üçün olan müəssisəyə yerləşdirilsin”.

“Vay, vay… Mən o uşağı yaxşı tanıyıram”, – deyə C.Yusifzadə bildirdi.

“Atasını necə tanıyırsınız?”, – deyə soruşduq.

“Normal və mədəni insan kimi. Bilirəm ki, biznesmendir, bir-iki yerdə obyekti var… Amma nə olsun ki,hər zaman qonşulara qarşı mehriban davranıb. Bilirsiz, orda çox insanı tanıyıram. Deyirlər ki, “filan ailə qudurğandır”, “filan ailə qonşulara qarşı kobuddur”… Amam Fərəcovlar ailəsi haqqında elə şey eşitməmişəm. Biz bəzən evlərə gedirik, Fərəcovlar bizi qapıda görəndə içəri dəvət edirlər. Ağaəlinin özü hər zaman bizi görəndə ədəb-ərkənla salam verib, nəzakətli davranıb. Mən onu “kriminal”, “avara” kimi tanımamışam. Nə də bir dava saldığını, kimisə incitdiyini eşitməmişəm. Uşaqdır, gözəl anası da var. Bir hadisə olub… Kaş ki, olmayaydı. Amma siz danışdınız, onun anasına ürəyim acıdı. Həqiqətən çox mehriban, mədəni xanımdır. Bu ailədən belə bir şey eşidəcəyim ağlıma da gəlməzdi”, – deyə C.Yusifzadə vurğuladı.

Sənan Məmmədli

Qafqazxeber.az

 

  DİGƏR XƏBƏRLƏR