Mikayıl İsmayılovun yeznəsi məcburi köçkündən qisas alır? – ŞİKAYƏT

Şəmsəddin Həsənov: “Elsevər Qurbanov məni Gədəbəydə tikdirdiyi villasında işləməyə göndərmək istəyirdi, imtina etdim”

Bu günlərdə ölkə mətbuatında Laçın rayonu Qarakeçdi kəndindən məcburi köçkün Həsənov Şəmsəddin Qəzənfər oğlunun Prezidentə müraciəti yayılmışdı.

Həmin şikayətdə Şəmsəddin Həsənov qeyd etmişdi ki, SOCAR İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsinin rəisi Elsevər Qurbanov ona qarşı qərəzli rəftar nümayiş etdirir və əvvəlki iş yerindən uzaqlaşdırmaqla yanaşı, həm də onun maaşından dəniz əmsalını kəsdirib.

QAFQAZXEBER.AZ  iyulun 20-də şikayətçi ilə əlaqə saxladı.

“Mənim o müraciətdə yazdıqlarım, başıma gətirilənlərin çox az hissəsidir. Elsevər Qurbanov SOCAR vitse-prezidenti Mikayıl İsmayılovun bacısının əri, yəni, yeznəsidir. Mən “prorab” işləyəndə adi fəhlə idi, sonra Mikayıl İsmayılovun köməyilə hardansa diplom aldı, oldu idarə rəisi. Bu adamın işi-gücü öz əmlakını, sərvətini böyütməkdir. Onun mənlə qərəzli münasibəti 2013-cü ildə başlayıb. O vaxt məni yanına çağırıb dedi ki, Gədəbəy rayonu Rüstəm Əliyev kəndində (Miskinli kəndi – red.) ev tikdirirəm, get ustaların yanında ol… Mənsə nəzakətlə imtina elədim ki, başına dönüm, mən neftçiyəm, nə işim var şəxsi mülk tikintisində… Bu söz onun acığına gəldi və o vaxtdan bəri məndən qisas almağa çalışır”, – deyə Ş.Həsənov vurğuladı.

Onun sözlərinə görə, 2013-cü ildən bəri, E.Qurbanov tərəfindən dəfələrlə qərəzli və qisas xarakterli rəftarla üzləşib, işlədiyi sahədən uzaqlaşdırılıb.

“Keçən il dəniz əmsalım kəsilmişdi, 3-4 ay belə davam etdi, sonra bərpa etdilər, amma almadığım ayların pulu verilmədi. Maaşım 450 manatdır, dəniz əmsalıyla 600-650 manat olurdu, borclarımı verə bilirdim. Hazırda üç banka borcum var. Bu günlərdə “Bank of Baku” məni məhkəməyə verib. Kreditlərimi ödəməkdə çətinlik çəkirəm. Mən kimdənsə pul istəmirəm ki, fəhlə babayam, dövlətdən haqqıma düşəni də bu məmurlar vermirlər. Sırf villasında işləmədim deyə, Elsevər Qurbanov məndən qisas alır”, – deyə Ş.Həsənov bildirdi.

O, bu günlərdə aclıq aksiyasına başlayacağını da bildirdi: “Əgər səsimi eşitməsələr, gedib Mikayıl İsmayılovun oturduğu yerin… SOCAR-ın binasının qarşısında özümü yandıracam”.

Biz SOCAR-ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə dəfələrlə zəng etsək də, zəngimizə cavab verən olmadı.

İş günü olmasına baxmayaraq, İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində də telefonlara cavab verilmədi.

Sənan Məmmədli

QAFQAZXEBER.AZ 

Socarın “Qara Kralı” Mikayıl İsmayılovun “adamları” Laçın qaçqınına “göz verir işıq vermir” – İTTİHAM

  DİGƏR XƏBƏRLƏR