“100 AZN yığın, ana xətti dəyişək”- SABUNÇU SAKİNLƏRİNİN SU PROBLEMİ (FOTOLAR)

“Bizim problemimiz su ilə bağlıdır. Yefim Saratov küçəsində  istifadə edilən xəttlərdə 1980-ci ildə sovet dönəmində təzələnən su borulardır. Tez-tez partlayır. Yayın istisində  bir qram su yoxdur, həsrətik suya. Kimə şikayət edək, bilmirik. Çünki etdiyimiz şikayətlərə baxan da yoxdur. Nə qədər su alaq? 10 manata 1 ton su satırlar. Qışda su al, yayda su al, belə zülm olar?”.

Gununsesi.infonun reportyor qrupu Sabunçu rayonu Y.Saratov küçəsinin sakinlərinin şikayətini yerində dinləyib və reportaj hazırlayıb.

Qeyd edək ki, Y.Saratov küçəsinin sakinləri neçə illərdir ki, suya həsrətdir. Öz hesablarına təmir etdirdikləri su borusu da dadlarına yetmir. Gün ərzində 1 saat belə su üzü görməyən sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət etmələrinə baxmayaraq, indiyədək problem öz həllini tapmayıb.

Sakinlərdən Xəyalə Rzayevanın sözlərinə görə,  sanki küçənin sakinlərinin vəziyyətini hamı unudub:

“Azərbaycanın Avropaya inteqrasiya elədiyi bir dövrdə  küçəmizdə hələ də su boruları sovet donemindən qalmadır. Borular pas atıb,  hər dəfə partladıqca “təmir” zamanı vurulan taxta çivlərdən aşsüzənə dönüb. Sabunçu rayonu Bakı şəhərinə ən yaxın rayondur, ancaq bizə su vermirlər. Dəfələrlə gedib şikayət etmişik, hər dəfə də borularin təmirini sakinlər özləri  həyata keçirib.  Deyirlər problem ana xəttdədir. Biz heç bilmirik bu suyun mənbəyi hara gedir, verdiyimiz pul hara gedir”.

Cəmalə Musayeva: “1980-ci ildən burada yaşayırıq. Su borularI ömrünü bağışlayıb bu işlərlə məşğul olanlara. Onları təzələmək lazımdır. Su idarəsinə, qaynar xəttə  dəfələrlə zəng etmişik, gəlirlər, lakin heç nə etmədən gedirlər. Ərazi üzrə su idarəsi gəlir çürüyən yerlərə tıxac vurub gedirlər”.

Mehparə Güləhmədova isə deyir ki, bir həftə susuz qaldıqdan sonra  əlacımız kəsildi:

“Suyun 1 tonunu 10 AZN-ə alırdıq. Çatdıra  bilmirdik. Kasıb adamlarıq. Elə imkanımız  yoxdur ki,  dövlət qiymətində tonu 50 qəpik olan suyu hər gün 10 AZN-ə alaq, verə bilmirik. Dəfələrlə “Azərsu”nun 955 saylı qaynar  xətt xidmətinə zəng edib bu haqda məlumat vermişik. Yoxlasalar, görəcəklər ki, neçə dəfə müraciət etmişik.  Sakinlər cana doymuşdu. Onlara xəbər verdim ki, millət burada yığışıb magistral yolu kəsmək istəyir. Cavab verdilər ki, bizlik  deyil, biz neyləyə bilərik?  Şikayətinizlə  bağlı  ərazi üzrə əlaqədar  idarəyə xəbər vermişik. Gələnlər isə  deyirlər ki, dövlət bizə su  borularının təzələnməsi və təmiri  üçün material  vermir. Öz vəsaitiniz hesabına pul yığın, düzəldək. Biz hara  gediriksə, öz vəsaitimiz hesabina edirik. Siz də həmin pulu bizə  verməlisiniz. Bir dəfə gəldilər,  gördülər ki, hamımız  kasıb adamlarıq,  bunlara  pul verən yoxdur, çıxıb getdilər.  Çarəsi  kəsilən sakinlər  yığışıb özləri yolu qazdılar ki, borunu təmir etsinlər. Bundan xəbər tutan kimi  yenə gəldilər ki, özümüzdə boru var. Pulunu verin düzəldək. Çarəmiz  kəsildi,  borc-xərc istədikləri pulu verdik,  amma yenə bizi aldatdılar.  Su borusu əvəzinə qaz şlanqını calayıb gediblər. Hazırda suyumuz gəlir, lakin bu da  müvəqqətidir. Deyirlər ki, bunun da  uzaq başı 1 ay ömrü  var . Sonra  yenə köhnə  hamam, köhnə tas. Borular plastik deyil  deyə, partlayan  kimi çiv vururlar. İndi  daaha çiv vurlmağa yeri də qalmayıb.

Bu qəsəbə hələ 19-cu əsrdən mövcuddur. Sovet  vaxtı burada neft mədənlərində işləyən digər xalqların nümayəndələri yaşayıb.  Sonuncu dəfə borular  1980-ci ildə  sakinlərin şəxsi vəsaiti hesabına çəkilib. Vallah, hər  gün  mətbuatdan, TV-lərdən prezidentimizin abadlıq  işləri üçün ayırdığı vəsaitlər  haqqında eşidirik. Deməli, yerlərdə ayrılan  vəsaitlər təyinatı üzrə xərclənmir. 2010-cu ildən 2014-cü ilədək  Rusiyada yaşamışıq. Həmin  vaxtda sudan istifadə etməmişik.  Lakin  buna baxmayaraq, indiyədək də istifadə etmədiyimiz suyun debütor borcunu  ödəyirik.  Baxmayaraq ki, prezidentimiz bizim kimi kasıb insanları nəzərə alıb o borcları ləğv etmişdi.  Amma bu günədək də o pulu bizdən tələb edirlər.  Dirənirlər ki, ödəməsəniz, gəlib suyunuzu kəsəcəyik. Sayğac qoşulub, istifadə etdiyimiz pulu da ödəyirik. Bəs o zaman bizim günahımız nədir ki, susuz qalırıq? Pul toplamağa  gələn işçiyə deyirik ki, bir həftədir suyumuz yox idi.  Bəs onda siz hardaydınız? Cavab verir ki, mən çağırmışam qəza xidmətinin əməkdaşlarını. Onlara dedim ki, sakinlər pul toplayıb, gedin pulunuzu alın, sularını çəkin. Su düzələn kimi gəldilər, pul yığmağa, sayğacları yoxlamağa. Görək, kimin “levi”si var, kəsək. Amma bəlli oldu ki, heç kimdə qeyri-qanunu su xətti yoxdur. Sayğacda nə yazılırsa, ödəyirik.  Sudan fərqli olaraq,  qazla, elektrik enerjisinin  verilməsində  heç  vaxt  problem olmur. Problem olanda da  özləri həmən həll edir ki, abonentin  işığı, qazı olsun. Su  idarəsindən gələnlər  isə bizdən ancaq  pul  istəyirlər. Deyirlər ki, adambaşına  100 AZN yığın,  ana xətti dəyişək. Elə küçələr var ki,  orada  imkanlı şəxslər yaşayır deyə,  onlar  başqa xəttdən özlərinə  su çəkiblər.  Bizim imkanımız  isə yoxdur. Hardan alaq axı 100 AZN-i?

Xahiş edirik,  əlaqədar  təşkilatlardan ki,  su  borularımızı dəyişsinlər. Yayın günündə suyla  sınağa  çəkməsinlər bizi. Körpə uşaqlarımızın su daşımaqdan belləri əyilir. Sayğacla olduğundan suyu bir-iki vedrə götürəndə ev sahibləri də narazılıq edirlər. Əslində haqlıdırlar, su üçün pul ödəyirlər.

Düşünürük ki, bu qədər abadlaşan şəhərin, ucqar küçələrinin də sakinlərinin  haqqıdır, suyla təmin olunmaq”.

Sakinlər küçələrinin  adının da dəyişdirilməsini istəyirlər. Dediklərinə görə, əslində küçələrinin adını daşıdığı bu şəxs haqqında heç bir məlumatları yoxdur: “ O qədər Milli qəhrəmanlarımız var. Birinin adını versinlər küçəmizə. Bəlkə onda “Azərsu” insafa gələr, küçənin halına yanar”.

QAFQAZXEBER.AZ









  DİGƏR XƏBƏRLƏR