Başsağlığı

2006-cı ildə reportaj hazırlamaqdan ötrü növbəti dəfə Bakı kəndlərindən birinə getmişdim. Ona qədər Bakının 32 kəndindən Maştağa, Mərdəkan, Buzovna, Nardaran, Fatmayi, Bilgəh kəndlərindən reportajlar yazmışdım. Bu dəfə Türkandaydım.

Kəndin mərkəzində köhnə taksilərin dayandığı yerdə avtobusdan düşüb, bələdçimə zəng vurdum. Çünki mənə hər Bakı kəndində yerlilərdən biri bələdçilik edirdi. Bu bələdçiləri şəhərdəki yaşlı dostum tapır, onun telefon nömrəsini mənə verirdi. Mən bir gün əvvəl bələdçiyə zəng vurur, dostumun adını deyir, razılıq aldıqdan sonra ora yollanırdım. Kəndə gedən kimi yenə zəng vurur, bələdçimlə görüşürdüm.

Ancaq Türkan kəndinə çatıb zəng vursam da, bələdçim “evdəyəm, gözlə, bir azdan uşaq göndərəcəm” deyib, gəlmədi. Bir-iki saat gözləsəm də bələdçim yenə telefonda dediklərini təkrarladı, evdən bayıra çıxmadı. Axırıncı dəfə zəng vuranda əsəbiləşib onunla mübahisə də elədim ki, gəlməyəcəkdinsə daha mənə niyə söz verirdin?! Adam nə desə yaxşıdı? Dedi “mən,… şikəstəm, ayaqlarım yoxdu, bayaqdan nəvəmi gözləyirəm səni gətirsin, o da yoxa çıxıb…” Hələ bələdçilik etməmiş “bələdçim”dən əsəbləşdiyimə görə üzr istəyib, kəndi təkbaşına gəzmək qərarına gəldim.

Ancaq bunun xeyri yox idi: adamlardan mənə lazım olan şey barədə bir xəbər ala bilmirdim. Məsələ burasındadı ki, həmin vaxt Türkanla bağlı bir maraqlı şayiə yayılmışdı. Mən də camaatın sosial vəziyyətini öyrənməkdən daha çox həmin şayiələrin yalan, ya da doğru olmasını öyrənib qəzetdə yazmaqdan ötrü gəlmişdim. Təkbaşına gəzərkən kənddə yaxınlaşdığım adamlardan bu barədə heç nə öyrənə bilmədim. Ağlıma gələn o oldu ki, adamlar “jurmalistəm” deyib yaxınlaşan mənə o qədər də ürək qızdırmır yəqin. Kəndi yerli sakinlərdən biriylə gəzsəydim, bir şey öyrənə biləcəkdim.

Yenə dayanacağa qayıtdım. Köhnə taksilərdən birinə yaxınlaşıb sürücüdən kəndi gəzdirməyini istədim. Qiyməti razılaşıb maşina mindim. Sürücü 35-40 yaşında bir kişiydi. Üz-gözündən qəmginlik yağırdı. Maşını işə salanda başqa bir taksi sürücüsü ona “əşşi, ürəyini çox sıxmaginən, canın sağ olsun, özünü möhkəm tut” dedi. O biri sürücülər həmin kişiyə qoşulub sürücümə ürək-dirək verdilər. Sürücümün qəmli sifəti daha da qaraldı. Fikirləşdim yəqin adamın yaxını ölüb, ya da nəsə başqa bir bədbəxt hadisə baş verib. Yola düşdük.

Türkandakı şayiələrin nəylə bağlı olduğunu da deyim. Bunlar naməlum adamların kənddəki bəzi həyətlərə qazanda yeməklər, topa-topa paltarlar atılması barədə idi. Qəzetlərdə də yazılar çıxırdı.

Taksi sürücüsü maşını bir həyətin qarşısında saxladı, dedi ki, tanış adamdı, əvvəlcə bundan soruşaq. Həyətdən çıxan orta yaşlı qadın salamlaşıb bayaqkı taksi sürücüləri kimi başsalığı verməyə, ya da ki, “dil-ağız eləməyə” başladı: “Eşitdim, vallah çox pis oldum. Evinizə də gələcəkdik, bu başıbatmış məktəbdə dava salıb, bizi direktor çağırmışdı”. Qadın “bu başıbatmış” deyərkən əliylə həyətdəki on bir-on iki yaşlı oğlanı göstərirdi. Sürücü başsağlığını dinləyib bir az da qaraldı. Sanki başsağlıqları onun dərdini yadına salıb bir az ad qəmləndirirdi.

Sürücüm məni ev sahibəsinə təqdim elədi. Suallarımı verib qadından az qala ətraflı cavab da aldım. O, mənə plov dolu qazanlardan, səbətdəki yumurtalardan, çemodan dolu paltarlardan danışdı. Özü də dedi ki, bunlar beş-altı nəfərin həyətinə atılıb. Ancaq özü onları görməmişdi, konkret hansı həyətlərə atıldığını da bilmirdi…

Sağollaşıb sürücümün başqa bir tanışının həyətinə getdik, burda da hər şey təkrarlandı: başsağlığı, sürücümün bunu kədərlə, sanki odun üstünə neft tökürlərmiş kimi qəbul eləməsi, sonra da mənim suallarım və eyni cavablar. Daha heç kim demirdi ki, yeməklər kimin həyətinə atılıb, mən də gedim həmin həyətin, evin sahibiylə danışım.

Artıq hava qaralardı. Ancaq bu kəndə bir sirlə gəlib, ikisiylə gedəcəkdim deyəsən. Çünki sürücümə verilən başsağlıqları artıq məni hövsələdən çıxarırdı. Biri “narahat olma, hamının başına gələn şeydi”, başqası “olan şeydi, canın sağ olsun” deyir, elə bil qəsdən məni hövsələdən çıxarırdılar. Az qalmışdı mən özüm də “Allah rəhmət eləsin” deyib qəmgin sürücümə başsağlığı verim. Ancaq demədim. Çünki o, hər başsağlığından sonra daha da qaralırdı. Ona dedim ki, məni apar kəndin mərkəzinə, orada avtobusa minib gedim şəhərə. Artıq təxmin eləmişdim ki, qazanla dolu yeməklər, içində paltarlar olan çemodanlar barədə deyilnlər şayiədir, yalandır. Dediyim kimi, yalnız təxmin eləmişdim, yüz faiz dəqiqləşdirə bilməmişdim.

Taksiylə gəlib kəndin mərkəzindəki avtobus və taksilərin dayanacağı olan yerdə düşdüm. Dayanacaqdakı cavan bir oğlan da sürücümlə salamlaşıb ona başsağlığı verdi: “Canın sağ olsun, hələ sənin nə yaşın var ki?” Sürücü növbəti başsağlığını qapqara təşəkkürlə qəbul edib getdi.

Artıq dözə bilmirdim. Sürücü gedən kimi oğlandan soruşdum ki, bu adamın başına nə iş gəlib? Oğlanın təəccüblə mənə baxdığını görüb, “yəni ki, bu adamın kimi ölüb?” deyib sualı başa salmağa çalışdım. Oğlan daha da təəccübləndi. Ona açıq sual verdim ki, qardaşım, bayaqdan deyirsən “canın sağ olsun, filan-filan”, nəyə görə elə deyirdin? O, yalnız indi nə barədə soruşduğumu anlayıb cavab verdi: “Bilirsən, o sürücünün üç qızı vardı, bu yaxınlarda arvadı bir uşaq da doğub. Oğlan gözləyirdi, ancaq bədbəxtin yenə qızı olub. Ona görə deyirdim ki, canın sağ olsun, hələ sənin nə yaşın var? Heç qırx yaşı yoxdu yazığın. Yəqin beşincisi oğlan olar…”

Türkandan şəhərə gəlməkdən ötrü avtobusa mindim. Bekarçılıqdan yox, ancaq nəyəsə görə avtobusdakı adamları saydım: iyirmi beş nəfəri kişiydi, cəmi iki qadın. Biri qoca qarı, o biri də onun qucağındakı qız uşağı…

Qeyd: Bu yazı 2011-ci ildə lent.az saytında dərc olunub.

Pərvin ABBASOV

modern.az

  DİGƏR XƏBƏRLƏR