“Müğənni Ağadadaş Ağayevin qardaşı mənə külli miqdarda ziyan vurub” — ŞİKAYƏT və İTTİHAM

Paytaxtın Nərimanov rayonu ərazisində ticarətlə məşğul olan iş adamı Rövşən Abdullayev xalq artisti Ağadadaş Ağayevin qardaşı Hakim Ağayevdən şikayət edib.

“Ölkə.Az”-ın redaksiyasına gələn şikayətçi iddia edir ki, Hakim Ağayev vergi müfəttişi işlədiyi dövrdə ona külli miqdarda maddi və mənəvi zərər vurub.

 

R.Abdullayev bildirir ki, Hakim Ağayev 2013-cü ildə Nərimanov rayonu ərazisində vergi müfəttişi təyin olunandan sonra ona qarşı təzyiqlər başlayıb:

“Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən və mənə məxsus olan “Qardaşlar” marketin fəaliyyətində heç bir nöqsan olmadığı halda Hakim Ağayev mənə qarşı vəzifəsindən sui-istifadə etməyə başlayıb. O, mənim marketimdə əsassız yoxlamalar aparıb, məndən pul alıb, kassa aparatıma müdaxilə etdirib və sairə. Hakim Ağayevin bütün bunları etməkdə məqsədi mənim işimə ziyan vurmaq və marketimi bağlatdırmaqdır. Çünki Hakim Ağayev mənim obyektima yaxın ərazidə 2 böyük market açıb. Hazırda onlardan biri “Star Store” marketi fəaliyyət göstərir, digəri isə açılmaq üzrədir. Baxmayaraq ki, Hakim Ağayev hazırda vergilər sahəsində çalışmır, ancaq keçmiş əlaqələrindən istifadə etməklə həmin marketində qanunsuz fəaliyyətlər aparır, kassa aparatı düzgün çalışmır, dövlətə vergi ödəməkdən yayınır və sairə. Təsəvvür edirsinizmi, adam vergi sistemində çalışır, ancaq vergi ödəməkdən yayınır. Belə qanunsuzluq olarmı? Hakim Ağayev Türkiyədə kreditlə ev almışdı. Hakim Ağayevin həmin evin kreditinin 28 min manatını mənə ödətdirib. Hər ay 4 min manat ödəməklə 7 ay ora pul ödəmişəm. Bütün bunların hamısı faktdır və mən sübut etməyə hazıram”.


İş adamı Hakim Ağayevin əməlləri ilə bağlı Prezidentə, Birinci xanıma, Respublika Baş Prokurorluğuna, Bakı şəhər Prokurorluğuna, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Vergilər Nazirliyinə də şikayət məktubu ilə müraciət etdiyini söyləyib:


“Şikayətimdən sonra məni Vergilər Nazirliyində bir neçə vəzifəli şəxslə görüşmüşəm. Nazirliyin Nihad adlı əməkdaşı məni qəbul etdi. Ona dərdimizi dedim, Nihad isə məni hədələdi. Bildirdi ki, bu məsələni unudum, üzərinə getməyim. Hətta, əks halda mənə yoxlama açdıracağı ilə hədələdi. Bütün bunlardan sonra mən də marketimin kassa aparatını özümlə Vergilər Nazirliyinin binası önünə gətirib yerə çırpdım. Sonra da nazir müavini Sahib Ələkbərovun qəbuluna yazıldım. Ancaq məni Nazirliyin İdarə rəisi Vüqar İsmayılov qəbul etdi. Bildirdi ki, mənim məsələmdən nazir müavinlərinin məlumatı var və araşdırma aparılacaq. O, məni vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovla da görüşdürdü. Hakim Ağayevin qanunsuz əməlləri barədə ona da məlumat verdim. Ancaq çox təəssüf ki, hələ də məsələm həllini tapmayıb. Üstəlik də bu gün Vergilər Nazirliyindən mənə açıq şəkildə deyildi ki, get hara istəyirsən şikayət elə, sənin məsələni həll etməyəcəyik”.

 

Məsələ ilə bağlı Hakim Ağayevlə də əlaqə saxlayıb fikirlərini öyrəndik.

H.Ağayev “Ölkə.Az”-a açıqlamasında Rövşən Abdullayevin tamamilə yalan danışdığını söyləyib:

“Bu adamlar mənə böhtan və şər atırlar. Rövşən Abdullayev bütün müvafiq orqanlara mənimlə bağlı yalandan şikayət edib, araşdırmalar aparılıb və mənimlə bağlı heç bir nöqsan aşkar olunmayıb. Mənə pul vermələri barədə də iddialar tamamilə cəfəngiyyatdır. Mən heç kəsdən pul almamışam. Vaxtilə vergi müfəttişi işləyəndə onun marketində yoxlama aparılıb, köhnə mallar, kassa aparatında qanunsuzluqlar aşkar edilib və lazımı tədbirlər görülüb. İddia edir ki, guya mənə 28 min manat pul ödəyib? Onda o qədər pul haradandır? Heç 28 manatı yoxdur, borcun içərisindədir. Yalandan deyir ki, guya 28 min manat pul ödəyib və sairə.
Digər tərəfdən isə Rövşən Abdullayev istəmir ki, onun marketi olan ərazidə başqa marketlər olsun. Həmin ərazidə bir-iki otel də fəaliyyət göstərdiyi üçün bu adam əl-ayağa düşüb. Nə var ki, otelin turistləri gəlib bundan bahalı alış-verişlər edəcəklər. Halbuki həmin ərazidə yaşayan sakinlərdən də heç kəs bunun marketindən alış-veriş etmir. Çünki köhnə mallar satır. Mən də vaxtilə bütün bunlara göz yummadığım üçün indi mənə qarşı yalan ittihamlar irəli sürür”.

H.Ağayev üzləşdiyi yalan və cəfəngiyyat ittihamlarla bağlı məhkəməyə müraciət edəcəyini söyləyib:
“Bu adamlar mənə şər-böhtan atırlar, nüfuzuma xələl gətirməyə çalışırlar. Ona görə də mən onları məhkəməyə verəcəm”.

H.Ağayevin “Star Store” marketinin də ona məxsus olmasını inkar etməyib.

QAFQAZXEBER.AZ



  DİGƏR XƏBƏRLƏR