“Pəhləvanlar”ın sahibiylə bağlı yeni ittiham: “Əmim İrandakı adamlarına pul verib qardaşımı videoya çəkdirdi”

Bu günlərdə QAFQAZXEBER.AZ saytında Abşeron rayonu, Saray qəsəbəsinin sakini Xalidə Ramazanovanın şikayəti dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, o, əri Habil Ramazanovun əkiz qardaşı Qabil Ramazanov və digər qaynı Mübariz Ramazanov tərəfindən haqsızlığa, hətta şantaja məruz qaldığını bildirib.

“Onlar ərimin obyektlərini mənimsəyiblər, Habili və oğlumu da öz yanlarına çəkiblər, narkotikə qurşandırıblar. Mənimsə haqqımda müxtəlif şayiələr yayıblar”, – deyə X.Ramazanova bildirdi.

Şikayətçi qeyd etdi ki, “Pəhləvanlar”ın sahibi Qabil Ramazanovdur, Mübariz isə onun “sağ əl”idir.

Onun sözlərinə görə, qardaşlar hətta öz yaxın qohumlarından birinə işgəncə verib, guya X.Ramazanova ilə gəzdiyini boynuna qoyublar.

“Həmin adam da böyük qaynımın oğludur. Onlar çox vicdansız adamlardır. Onu da şantaj edirlər. Mənim barəmdə də ağlasığmaz şeylər yayırlar ki, adam arasına çıxmayım”, – deyə X.Ramazanova vurğulayıb.

O, Ramazanov qardaşlarının şantaj-işgəncə əməlləriylə bağlı Abşeron RPİ-yə fotofakt da təqdim etdiyini qeyd etdi.

X.Ramazanova əlavə etdi ki, Qabil və Mübarizin işlətdiyi o kafe əxlaqsız yuva kimi tanınır: “Təhqiqatçı Rəfael müəllim isə işə baxmır, marağında deyil. Ancaq Mehriban xanıma etdiyim şikayətdən sonra mənə zəng edib çağırdılar, dedilər ki, araşdıracağıq. Amma yenə də, inanmıram ki, bir tədbir görələr”.

Biz adıkeçən Rəfael müəllimi də tapdıq.

“O işə mən baxmıram, sadəcə indi təhqiqat şöbəsinin rəisini əvəz edirəm. İşə kim baxır, bilmirəm. O qadınla rəis müavini görüşüb. Əlavə məlumat üçün DİN-in mətbuat xidmətinə zəng edin”, – deyə Abşeron RPİ-nin təhqiqatçısı bildirdi.

Biz sonrakı saatlarda Abşeron RPİ-dən əlavə məlumat öyrənməyə çalışdıq. Lakin bizə bildirdilər ki, bu işlə bağlı təhqiqatçı Rəfael müəllimlə əlaqə saxlasaq yaxşı olar… Sonra isə adıkeçən polis zabitiylə danışmaq bizə müyəssər olmadı.

Bu yazıdan bir neçə gün sonra, biz sözügedən fotodakı şəxsin qardaşı Ümid Ramazanovla əlaqə saxlaya bildik.

O bildirdi ki, Qabil Ramazanov onun qardaşını şərləyib və qardaşı İrana gedərkən, ordakı adamlarına işgəncə videosunu çəkməyi sifariş edib: “Onun orda adamları var, pul verib video çəkdirib, sonra da burda ona-buna yayıb. Hamıya da deyir ki, mən elətdirmişəm. Qardaşım hazırda Bakıdadır. Onunla birlikdə müxtəlif yerlərə şikayət etməyi planlaşdırırıq. İnsan hüquqları üzrə müvəkkilə də şikayət etməyi düşünürük. Bu adam qardaşoğlu, qohum tanımır. Qardaşımın başına gətirdikləri heç bir insaniyyətə sığmır. Qabil Ramazanov cəzasını almalıdır”.

Biz internetdə araşdırma apararkən, aşağıdakı məlumata rast gəldik (9 aprel 2015-ci il, publika.az):

“Sumqayıt Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən 1987-ci il təvəllüdlü Ümid Ramazanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, 2013-cü ilin avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Qabil Ramazanovun evindən 200 min manat oğurlanıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Qabil Ramazanovun qohumu olduğu üzə çıxıb. Ev sahibi Qabil Ramazanovun əmisi oğlu Ümid Ramazanov avqustun 19-da ailənin evdə olmamasından istifadə edərək, evə girib və 200 min manat pulu götürüb. Ümidin əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb.

Ümid Ramazanov elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərib ki, zərərçəkmiş Qabil Ramazanov onun əmisidir: “7-8 il əmimin kafesində nəzarətçi işləmişəm. Kafedə işlədiyim müddətdə Qabil mənə əmək haqqı verməyib. Əmim həmin aylıq maaşları yığaraq mənə toy edəcəyini deyib.

Cinayət törətməmişdən əvvəl əmimdən məni evləndirməsini xahiş etdim. Lakin əmim pul olmadığına görə məni evləndirməyəcəyini bildirdi. Bundan sonra onun evində pul olduğunu bildiyim üçün oğurluq etmək qərarına gəldim”.

Təqsirləndirilən şəxs deyib ki, oğurluq zamanı seyfdən sellofan torbada olan pulları saymadan götürüb: “Həmin vaxt seyfdəki pul və qızıl-zinət əşyalarını götürməmişəm. Pulları sayanda 120000 manat olduğunu bilmişəm. Həmin pullardan yalnız 3000 manat götürmüşəm, qalan pulları əmimə məxsus 90-DK-167 dövlət qeydiyyat nömrə nişanlı VAZ-21015 markalı avtomaşına qoyaraq, avtomaşını Bakı şəhəri avtovağzalının avtodayanacağında saxlamışam. Özüm isə Türkiyəyə getmişəm.

İki gündən sonra mobil telefonumdan qardaşım Zamiqin istifadəsində olan telefona mesaj yazaraq, oğurlanmış pulların olduğu yer haqqında məlumat vermişəm, qardaşımdan xahiş etmişəm ki, əmimə bu barədə desin”.

Şahid qismində dindirilən Zamiq Ramazanov qardaşının dediklərini təsdiqləyib: “Ümid xarici ölkənin telefonundan mesaj yazmışdı ki, qaqaş, maşını avtovağzalda padvala qoymuşam, pul da onun içində. Qabilə denən, getsin götürsün. Bundan sonra polis işçiləri ilə birlikdə avtovağzala getdik. Orada Ümidin idarə etdiyi avtomaşına müstəntiq baxış keçirdi. Avtomaşının salonunda 116700 manat pul aşkar edilərək götürüldü”.

Başqa bir şahid Elmin Məmmədov deyib ki, avqustun 19-da, saat 01:30 radələrində Ümid Ramazanov onu evindən çağırıb və ondan pulu saxlamağını xahiş edib: “Ümid dedi ki, əmisi Qabilin ona borcu var idi, lakin Qabil ona pul vermirdi, o da həmin pulları Qabilin evindən götürüb. Ümid daha sonra bildirdi ki, pulun bir hissəsini özünə götürəcək, qalan pulu maşına qoyacaq və telefonla məlumat verəcək ki, Qabil həmin pulları götürsün”.

Zərərçəkmiş Qabil Ramazanov məhkəməyə ərizə ilə müraciət edərək bildirib ki, qardaşı oğlu Ümid Ramazanov tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilib. Onun qeyd etdiyinə görə, Ümid Ramazanovu bağışlayıb: “Mənim təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və iddiam yoxdur. Məhkəmədən Ümid Ramazanova ən yüngül cəza təyin edilməsini xahiş edirəm”.

Biz məsələ ilə bağlı yenidən Ümid Ramazanova zəng etdik, lakin onun telefonuna zəng çatmırdı. Bu dəfə məsələyə Xalidə Ramazanova aydınlıq gətirdi: “Yazıq uşaq illərlə Qabil üçün işlədi, o isə bir qəpik də vermədi. Axırda o da məcbur olub, onun evinə girdi. Ona görə Ümidin nişanı pozuldu. Qabil söz vermişdi ki, sənin toyunu mən edəcəm, amma onu pulsuz-parasız işlədib aldatdı”.

O, hələ də Abşeron RPİ-dən “səs-səmir çıxmadığını bildirdi” və qeyd etdi ki, illərdir Qabil Ramazanovun polislə “yaxşı münasibətləri” var.

“Əgər onu qoruyan olmasaydı, yəqin, çoxdan şikayətimə baxmışdılar”, – deyə X.Ramazanova vurğuladı. O, bizdən xahiş etdi ki, Abşeron RPİ-nin xidmət üzrə rəis müavini Elçin Rəcəbovla əlaqə saxlayaq.

Lakin Elçin Rəcəbov QAFQAZXEBER.AZ-ın əməkdaşıyla danışmaq istəmədi.

“DİN-in mətbuat xidmətinə zəng edin”, – deyən rəis müavini dəstəyi atdı.

Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ

“Pəhləvanlar” kafesinin sahibi öz qardaşıoğluna işgəncə verib?

  DİGƏR XƏBƏRLƏR