Sürücü maşınla mağazaya çırpıldı, sərnişini öldü

Avqustun 10-da saat 2 radələrində Astara rayonunun Maşxan kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, rayon sakini Kənan Ağayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə (mağazanın divarına) vurub. Nəticədə onun sərnişini, həmyerlisi Xəzan Səmədov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Ötən gün saat 2 radələrində Goranboy rayonunun Borsunlu kəndində də qəza baş verib.

Şəmkir rayon sakini Elçin Həsənovun  idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Ceyhun Xəlilovun idarə etdiyi “KamAz” markalı avtomobillər toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bundan başqa, dünən saat 10 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Həmçinin bu gecə saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Həmin faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR