“Uşaqların çığırtısı qonşulara gedib çatırdı”: evində axtarış aparılan qadın – YENİLƏNİB

Prosesdə şahid qismində MTN-nin intihar edən polkovniki Malik Mustafayevin qardaşı, zərərçəkmiş Mətləb Mustafayev və bacısı İradə Hümbətova ifadə verib. O bildirib ki,  2014-cü il  sentyabr ayında həyat yoldaşı ilə birlikdə işdən evə qayıdan zaman yaşadığı küçənin qara paltarlılar tərəfindən bağlandığını görüb:

“Qonşulardan bunun səbəbini soruşdum. Bildirdilər ki, MTN əməkdaşları qonşu İldırım Rüstəmovun evində axtarış aparırlar. Təxminən bir saatdan sonra qara paltarlılar getdilər, küçə boşaldı. Qonşular dedilər ki, axtarış aparanlar İldırım Rüstəmovun övladının toy əşyalarını, bağlamalarını açıb-töküblər. Şoka düşmüş İldırım Rüstəmov onlardan nə axtardıqlarını soruşduqda ona bildiriblər ki, evinizdə silah-sursat saxlanıldığı barədə məlumat daxil olub və buna görə də axtarış aparılır. İldırım Rüstəmov evində silah olmadığını bildirib. Və deyib ki, siz kimin evinə gəldiyinizi bilirsiniz? Bu zaman əməliyyatçılar ona deyiblər ki, bura Tofiq Hümbətova məxsus ev deyil? Məlum olub ki, yanlış  gəliblər. Sonra üzr istəyib axtarışı dayandırıblar və evdən çıxıblar. Məsələ burasındadır ki, mənim şəxsiyyət vəsiqəmdə olan ünvanda mənzil səhvən 15 göstərilib, buna görə də onlar həmin evə daxil olublar”.
Şahid bildirib ki, evə girəndən bir müddət sonra bacısıgilə getmək istəyiblər: ” Biz evimizə daxil olduq, təxminən yarım saatdan sonra bacımgilə getmək istədik. Həyat yoldaşım qarajdan maşını çıxaran zaman əllərində silah olan qara paltarlılar ərimi mühasirəyə aldılar, həyətə daxil oldular. Onlar 15-16 nəfər idilər. Onlardan ikisi hasardan aşıb qaynım Tahir Hümbətovun həyətinə daxil oldular. Onun iki azyaşlı övladının qorxusundan necə çığırdığını bütün qonşular eşitdilər. Qaynımın evində olan əşyaları ortalığa tullayır, qarmaqarışıqlıq yaradırdılar. Qaynım evdə olmadığı üçün telefonla ona xəbər verdik. O, təcili evə gəldi. Axtarışı iki qrup aparırdı. Birinə sonradan adını bildiyimiz Elşən Murtuzov,  digərinə isə Samir Əliyev adlı müstəntiqlər rəhbərlik edirdi. Bizim evimizdə olan axtarışa rəhbərliyi Elşən Murtuzov, qaynımda olan axtarışa isə müstəntiq Samir Əliyev rəhbərlik edirdi. Biz tələb etdik ki, axtarışda müstəntiq, hal şahidləri olsun və çəkiliş aparılsın. Amma bunun əksinə hələ üstəlik 7-8 nəfər də gəlib axtarışa müdaxilə etdi. Mən qardaşım Mətləbin yaşadığı mənzilə tapança qoyulduğunu bildim. Bunun üçün evimə kamera çəkən və axtarışda rəsmi adı keçənlərin mənzilimə daxil olmasını tələb etdim. Mən Qurani Kərim kitabını götürdüm, evimə silah və narkotik vasitəsi keçirən şəxsin bu kitabının üstündən keçməsini dedim. Söylədim ki, evimə nəsə atsanız özümə xəsarət yetirəcəyəm. Otağa keçəndə ərim onlardan məhkəmə qərarını tələb etdi. Müstəntiq qərar göstərdi, ona baxanda bildik ki, mənim və qaynımın evində guya silah və sursat saxlanılıb və bu sübut olunub. Onlar axtarışa başladılar. Evin əşyalarını, avadanlıqlarını izah etmədən dağıtdılar, guya axtarış apardılar. Əslində bizə və qardaşlarıma təzyiq etmək üçün bunu edirdilər. Mətləbə aid flaş-kart istədilər dedim o bizdə nə gəzir. Sonra çıxıb getdilər”.
Şahid intihar edən qardaşı ilə bağlı danışıb: “Malik heç zaman intihar edə biləcək adam olmayıb. Bütün bunlar ona görə, baş verdi ki, qardaşım Mətləb Mustafayev Əmlak Komitəsindən işdən çıxarıldı və bundan sonra da qanunsuz işdən çıxarılması ilə bağlı şikayətləri oldu”.
Daha sonra general Elçin Quliyev ifadə verərək hələ də bu epizod üzrə niyə təqsirləndiyini anlamadığını deyib: “Malik Mustafayevin intihar etməsinə səbəb qardaşı Mətləb Mustafayevin məsuliyyətsiz olmasıdır. Malik Mustafayev peşəkar işçi olub, onunla münasibətlərimiz yaxşı idi. Sonuncu dəfə Malik Mustafayevlə xidməti otağımda görüşmüşük. Öpüşüb ayrıldıq. Həmin zaman onun mənə dediklərini qapalı iclasda deyəcəm”.
General Elçin Quliyev bildirib ki, axtarışı Antiterror Mərkəzi aparmayıb: “Mən daxil olan əməliyyat məlumatını araşdırıb istintaqa təqdim edirdim. Kiminsə evində axtarış aparmamışam”.
Zərərçəkən Mətləb Mustafayev isə bildirib ki, Antiterror Mərkəzinin əməkdaşları Ramin Əliyev, İsmayıl Ənsərli, Samir Bayramov axtarışda iştirak ediblər.
Proses avqustun 18-də davam edəcək.

11:35

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Mətləb Mustafayev çıxış edib. O, evində və bacısı İradə Hümbətovanın evində axtarış aparılmasını qanunsuz olduğunu və intihar edən MTN polkovniki olan qardaşının Elçin Quliyevin əlindən intihar etdiyini deyib.

Bu zaman Elçin Quliyev və zərərçəkən arasında mübahisə yaranıb.

Elçin Quliyev zərərçəkənə barmağını ona tərəf uzatmaması ilə bağlı irad bildirib və onu təhqir edib.

Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Həmçinin hakim Elbəyi Allahverdiyev və zərərçəkən Mətləb Mustafayevin dediklərinin protokollaşmasını istəyib.

Elçin Quliyev qısa ifadə verərək Malik Mustafayevi  intiharı ilə heç bir əlaqəsinin olmadığını deyib.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR