Ankarada Telman İsmayılova həbs sanksiyası

Türkiyədə olmadığı güman edilən azərbaycanlı oliqarx yaxın günlərdə axtarışa veriləcək; Rusiya prezidenti Ərdoğandan “AST-Telman”ı istəyə bilərdimi?..

Rusiyada sifarişli qətilərdə adı hallanan  “AST” Şirkətlər  Qrupunun sabiq prezidenti Telman İsmayılovun (“AST Telman”) həbsi gündəmə gəlib. Ötən həftə cinayət işi üzrə 15 il köməkçisi işləmiş Sergey Qavryuşinin T.İsmayılovun əleyhinə ifadəsinin açıqlanması  tezliklə belə bir qərarın veriləcəyinə işarə idi. Təsadüfi deyil ki, Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilmişdi. Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər  və qurduqları planlardan onun da xəbəri olub.

Qeyd edək ki, bundan əvvəl də İsmayılovların əleyhinə daha bir yaxın adamları-Rafiq İsmayılovun “sağ əli” hesab olunan Harri Boleçerkovski ifadə vermişdi. O da demişdi ki, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib. Bütün qətllər Moskvanın Şimal Administrativ Dairəsində ticarət obyektləri uğrunda aparılan kriminal müharibə ilə bağlı olub. Beloçerkovski biznesmen Andrey Lobanovun aradan götürülməsi söhbətinə şəxsən şahidlik etdiyini bildirib.

Sentyabrın 29-da”Rosbalt” agentliyi xəbər verir ki, Moskva vilayətindəki “Abramtsevo” bazarına nəzarət edən “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetlərinin qətlə yetirilməsində “AST Telman”ın ailəsi şübhəli bilinir. Bunu agentliyə  Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, T.İsmayılova məxsus “Çerkizov” bazarının bağlanmasından sonra onun ailə üzvləri ticarətlərini davam etdirmək üçün yeni obyektlər axtarıblar və Moskva vilayətindəki “Abramtsevo” bazarı onların diqqətini cəlb edib.

Bu bazar isə “Lyubertsı” mütəşəkkil cinayətkar qruplaşmasının avtoritetləri və onlara yaxın biznesmenlərin nəzarəti altında olub. Bu ərəfədə həmin qruplaşmaların liderləri bir-bir qətlə yetirilib. Şahidlərin istintaqa verdiyi ifadəyə əsasən, hücumların arxasında T.İsmayılovun ailəsinin dayandığını söyləməyə əsas var.

“İş üzrə yalnız Telman yox, həm də onun övladlarının adları hallanır. Hər şey tezliklə Telman İsmayılovun axtarışa veriləcəyinə doğru gedir”, – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Yada salaq ki, “AST Telman”ın həbs edilən Rafiq İsmayılovdan başqa qardaşı- Vaqif İsmayılov da  2 nəfərin qətl işi üzrə əsas fiqurantdır. V.İsmayılov Rusiya DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş əməkdaşı hazırda axtarışdadır.

Rusiyada sıxışdırılandan sonra Türkiyəyə yerləşən “AST Telman”ın bu ölkəyə gəlməsinə hökumət o qədər də isti baxmırdı.  Amma sonrada müəyyən razılaşmalar oldu və 2009-cu ilin 23 mayında Antalyada atasının adını daşıyan yeddi ulduz  “Mardan Palace”nin açılışını etdi. 1 milyard dollara başa gələn “Mardan Palace”  Avropada ən lüks hotel hesab olunurdu. 2013-cü ildə T.İsmayılov Türkiyə vətəndaşlığını almaq üçün  rəsmi müraciət etmişdi.  2014-cü ildə  dəyişikliklər edilən “Türk Vətəndaşlığı Qanunu” Türkiyəyə investisiya vəsaiti yatıran əcnəbilərin ölkə vətəndaşı olmasını asanlaşdırdı.  Amma T.İsmayılovun  Türkiyə vətəndaşlığı alıb-almadığı bilinmədi.

Borcları səbəbindən hotelinin  indi kimə məxsus olduğu barədə dəqiq bilgi yoxdur.  Eləcə də T.İsmayılovun harada olması barədə də. T.Ismayılovun yəhudi kökənli olduğu üçün Rusiyanı tərk etdikdən sonra  İsrail vətəndaşlığı aldığı deyilir.  İsraillə sıx bağlılığı səbəbindən onun hazırda da bu ölkədə olduğu güman edilir.

Bəzi mənbələr Rusiya prezidenti Vladimir Putinin və nümayəndə heyətinin Ankaraya srağagünkü səfərində “AST Telman” mövzusunun da gündəmə gəldiyini ehtimal edir. İddia olunur ki, birbaşa prezidentlər səviyyəsində olmasa da, Ankaradan onunla bağlı bilgi istənilsin.

Bəs, “AST Telman” özü haradadır?  Yaxın günlərdə veriləcək həbs sanksiyası bu suala böyük ölçüdə aydınlıq gətirə bilir.musavat.com

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR