İcra başçısının müavini jurnalistləri təhqir etdi – VİDEO + FOTOLAR

Nərimanov RİH başçısının müavini mətbuata açıqlama vermək yerinə, təhqir və təhdidlərə üstünlük verdi

İbadova paytaxtda rayon tapşırılıb, o isə “sabahdan bütün işlərimi atıb sizinlə məşğul olacağam” deyir…

“Sizin aləminizdə şərəfli olmaq övladlarına 200 minlik avtomobil almaq, dövlətin pulları ilə villa və obyektlərə sahib olmaq, əlil binalarında mənzil satmaqdırsa… deyiləsi söz yoxdur”

Bu günlərdə QAFQAZXEBER.AZ saytında “Ölkə rəhbərliyini qəzəbləndirən məmur balası həbsdən necə qurtuldu” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda son aylarda məmur uşaqları tərəfindən törədilən qəzalara toxunulmuşdu.

Yazıda qeyd olunurdu ki, baş nazirin müavini Əli Həsənovun nəvəsi və general Novruzəli Orucovun oğlu məsuliyyətə cəlb olunsa da, “Range Rover”lə bir qadının ölümünə səbəb olan Nərimanov RİH başçısının müavini Şahmar İbadovun oğlu Elmar İbadov hansısa yolla yaxısını həbsdən qurtarıb.

Xatırladaq ki, hadisə avqustun 22-də baş verib. Şahmar İbadovun özü mətbuata bu hadisə barədə belə danışıb: “Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq” (a24.az).

Belə çıxır ki, Ş.İbadovun oğlu 200 minlik avtomobiliylə yazıq qadını vurmasaydı, onsuz da bir neçə saat sonra qadın özü dünyasını dəyişəcəkdi. Necə deyərlər, cavan oğlan sadəcə bir insanı əzabla yaşamaqdan qurtarıb…

Görünür ki, sözügedən məqalə Şahmar İbadovu çox qəzəbləndirib. Axı, QAFQAZXEBER.AZ saytı həmin məqalədə dövlət başçısının qudurğanlıq hallarına qarşı barışmaz olduğunu vurğulayıb…

Bəlkə də, “hörmətli” Şahmar İbadovun hiddətinə bu sətirlər səbəb olub ki, o, sentyabrın 30-da 0124961100  nömrəsindən  Qafqaz Xəbər Agentliyinin rəhbərliyinə zəng edərək, nalayiq təhqirlərə və təhdidlərə yol verib.

Ş.İbadov öz hiddətini o qədər çirkin şəkildə ifadə edib ki, agentlik rəhbərliyinin ünvanına “şərəfsizlər, gedin özünüzə şərəfli iş tapın” deməkdən də çəkinməyib.

Hətta, Ş.İbadov “sabahdan bütün işlərimi atıb sizinlə məşğul olacam” deyə hədə-qorxu gəlib.

Kim bilir, bəlkə də, sabahdan Şahmar İbadov vəzifəsindən də imtina edib, Qafqaz Xəbər Agentliyi ilə mübarizəyə başlayar.

Əgər icra başçısının müavini bütöv bir rayonun qayğılarını kənara atıb, jurnalistlərlə müharibə etməyə and içirsə… O zaman ictimaiyyət bunu necə qiymətləndirməlidir.

İbadova paytaxtda rayon tapşırılıb, o isə jurnalistlərə “sabahdan bütün işlərimi atıb sizinlə məşğul olacağam” deyir…

Əlbəttə, övladının bahalı avtomobilləri, BDU-ya cangüdənlə gedib-gəlməsi, habelə, hərbi xidmət çəkməməsi barədə məlumatlarla cəmiyyətin “sevimli”sinə çevrilən Şahmar İbadovdan başqa reaksiya gözləmək olmazdı.

Qafqaz Xəbər Agentliyi olaraq, biz də bilmək istərdik, “şərəfli iş” dedikdə, Şahmar İbadov nəyi nəzərdə tutur?

Olmaya, rayon büdcəsinin talanması, maxinasiyalarla sərvət toplamaqdır şərəfli iş?

“Hörmətli” Şahmar İbadov, Sizin aləminizdə şərəfli olmaq övladlarına 200 minlik avtomobil almaq, dövlətin pulları ilə villa və obyektlərə sahib olmaq, əlil binalarında mənzil satmaqdırsa… deyiləsi söz yoxdur.

Əgər düşünürsünüzsə ki, hansısa sayta təkzib verdirmək üçün söymək və hədə-qorxu gəlmək lazımdır… Bir daha sübut etmiş olursunuz ki, Cənab Prezidentin etimadına layiq deyilsiniz.

Biz sizə heç nə demirik, təhqirlərinizə təhqirlə cavab vermirik… Səviyyənizi özünüz göstərirsiniz.

Qafqaz Xəbər Agentliyinin kollektivi








  DİGƏR XƏBƏRLƏR