“Şeyxin 7 uşağı var, dolanması üçün nəsə lazımdır, onun xaricdə mütləq biznesi olmalıdır” – Rafiq Əliyev

Son 3-4 gündür ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və onun ailəsi haqqında xoşagəlməz məlumatlar dərc olunur. Əvvəlcə şeyxin Çexiyada biznesi, daha sonra oğlunun birdəfəlik Türkiyəyə getməsi, qudasının xəbəri  təsdiqləməsi və hacı Qalib Salahzadənin oğlunun həbsi QMİ-ni bəyanat yaymağa vadar etdi.

Görəsən, şeyxinin adı niyə bu qədər hallanır, ailəsi və biznesi ilə bağlı əsaslı və ya əsassız xəbərlər yayılır. Məqsəd nə ola bilər?

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev şeyxə qarşı haqsızlıq edildiyini və onun da övladlarını saxlaya bilməsi üçün ürəyi istədiyi yerdə biznes qura biləcəyini dedi:

“Şeyxin adının bu qədər hallandırılmasını, ailə və biznes məsələlərinə bu dərəcədə müdaxilə olunmasını, düzü, mən anlamıram. Əslində şeyx də adi insandır. Vəzifəcə statusunun olmasına baxmayaraq, şeyx də bizneslə məşğul ola bilər və harda istəyirsə, orda da biznesini qura bilər. O, şirkət qurmaq üçün kimdənsə icazə almalı deyil. Yəqin ki, insanların şeyxə qarşı münasibətdə mövqeləri mənfidir deyə, bu cür şeyləri axtarıb tapırlar və ortaya kompremislər çıxardırlar.

Deyirlər ki, oğlu Türkiyəyə getdi. Dünənə qədər nə qədər insan Türkiyəyə gedib?! Amma heç kim buna əhəmiyyət vermir və mənfi baxmır. Ümumiyyətlə, xaricdə biznesi olmayan imkanlı insan varmı? Yoxdur! Şeyx də Azərbaycanda varlı insanlardan biri hesab olunur və onun xaricdə mütləq biznesi olmalıdır. Mən buna normal baxıram. İndi onun biznesi kiminlədir, qadınlamı, ya kişiylə? Biznesi kişiylə olsaydı, deyəcəkdilər kişiylədir, qadınla olsaydı deyəcəkdilər qadınladır. Axı şeyxin özü də dolanması üçün nəsə qazanmalıdır. Şeyxdən tələb edək ki, dinlə qazan? Bəs onun 7 uşağı, nəvələri var. Haradan qazansın, onları necə dolandırsın? Yəni şeyxin bizneslə məşğul olması onun dini fəaliyyətinə zərər gətirməz. İkincisi də, o nəyləsə dolanmalıdır da…Məsələn, Provaslav kilsəsinə dövlət xüsusi status verir və onların bizneslə məşğul olmalarına imkan yaradır. Həmin biznesə də dövlət, ümumiyyətlə vergi qoymur. Lakin Qafqaz Müsəlmanları İdarəsində buna imkan vermirlər. Onlar yalnız bizneslə ümumi qaydalarla məşğul olurlar. Mən bunu bildiyimə görə deyirəm. Ona görə də şeyxin bizneslə məşğul olması elə də qəbahət deyil”.

Keçmiş sədr varislik məsələlərinə gəldikdə Məhəmməd Paşazadənin heç vaxt varis olmayacağını əminlikdə dedi:

“Varislik məsələsinə gələndə, mən şeyxin oğlunun onun varisi olacağına heç vaxt inanmaram. Çünki şeyxin oğlu Məhəmməd Paşazadə heç vaxt dinlə məşğul olmayıb və heç vaxt şeyx də ona varisi kimi baxmayıb. Ola da bilməz.

 

QMİ-nin bağlanması ilə bağlı yayılan xəbərlərin isə heç bir əsası yoxdur və çox əminliklə deyirəm ki, o idarə bağlanmayacaq. Çünki həmin idarə həm insanlara, həm də dövlətə lazımdır. Ölkədə dini tənzimləyən iki idarə var. Biri Qafqaz Müsəlmanları İdarəsidir, biri də Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi…”

Şeyxin qudasının heç də sakit adam olmadığını deyən Rafiq Əliyev  Allahşükür Paşazadənin “vur”ulmasında dövlətin heç bir marağının olmadığını dedi:

“Onun qudasının danışmasına gəldikdə, o heç də sakit adam deyil. Qudasının özü də, oğlu da şeyxülislama çox ziyan vurublar, əziyyət veriblər, adını hallandırıblar. Əslində şeyxin qudası cəmiyyətdə elə bir statuslu insan deyil ki, onun haqqında nəsə yazıla və onlar kimisə maraqlandırsın. Onu mütləq gətirib şeyxülislama qoşmalıdırlar ki, onun qudasının adına olan problemləri camaata oxutsunlar. Qudasının heç şeyxlə elə bir yaxınlıq və ya dostluq əlaqələri də yoxdur. Amma onların adını şeyxə bağlayırlar və ona qarşı belə bir addım atırlar. Məncə, bunda dövlətin də marağı yoxdur. Dövlət şeyxə qarşı bu məsələlərdə maraqlı deyil, onunla əməkdaşlıq edir və bu əməkdaşlıq çoxdandır ki, onları qane eləyir”.a24.az

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR