“AZƏRBAYCANDA TURİZM GƏLİRLƏRİ MÜƏYYƏN QRUPLARIN ƏLİNDƏ CƏMLƏNİB”

“Turizm gəlirlərinin əsas qismi özəl sahə tərəfindən əldə olunub”.
Bunu “Sherg.az”a iqtisadçı – ekspert Rəşad Həsənov deyib. Ekspertin sözlərinə görə, vergilər, xüsusi dövlət rüsumları nəzərə alındıqda dövlət gəlirlərinə bu müsbət təsir göstərə bilər:
“Nəzərə almaq lazımdır ki, hökumətin bu istiqamətdə əsas mövqeyi tədiyyə balansının tənzimlənməsidir. Bu istiqamətdə hökumət özəl sahəyə öz dəstəyini göstərir.
Turizmdən əldə olunan qazanc sahibkarların fərdi olaraq müəyyənləşdirdiyi məsələdir. Bəzi hallarda bu sahənin qazancları yeni investisiyaların qoyulmasına, turizm obyektlərinin yaradılmasına yönəldilir.
Digər hallarda isə bu vəsaitlər ayrı-ayrı sahələrə transfer edilir. Məsələn, şirkət bir sahədən əldə etdiyi gəlirləri başqa sahələrə investisiya edə bilər. Beləliklə, balanslı şəkildə başqa sahələrin də inkişafına zəmin yaranar. Azərbaycanda turizm gəlirlər daha çox müəyyən qrupların, böyük şirkətlərin, holdinqlərin əlində cəmlənib.
Ona görə, bu şirkətlər tərəfindən əldə edilən gəlirlərin başqa sahələrə yönəldilməsi ehtimalı daha yüksəkdir. Çünki kiçik və orta sahibkarlıq subyektləri adətən bir sahədə fəaliyyət göstərir və buradan əldə etdiyi gəlirləri həmin sahədə cəmləşdirirlər”.
Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR