““Bank Standart” dələduzluq yolu ilə evimi əlimdən alıb”

72 yaşlı kişi mənzilinin geri qaytarılmasını tələb edir

Bakı şəhəri, Xətai rayon sakini Tofiq Xəlilov redaksiyamıza gələrək şikayətlənib. 72 yaşlı şikayətçi bildirib ki, ötən il lisenziyası ləğv olunan “Bank Standart”ın əməkdaşı dələduzluq yolu ilə onun evini əlindən alıb:

“2006-cı il tarixində bankın əməkdaşı Emin Abbasov həyat yoldaşım Lətifə Xəlilovanı aldadaraq Xətai rayonu, 2-ci Zeytun sovxozu, Naximov küçəsi, 2-ci döngə, 110D nömrəli evin girovu əsasında 32 000 manat alqı-satqı müqaviləsini imzaladıb. Xəlilovaya 25 000 ABŞ dollar sələmə pul verməklə evi saxtakarcasına ələ keçirib. Əvəzində isə həyat yoldaşım hər ay faiz ödəməklə E.Abbasova cəmi 38.750 ABŞ dolları qaytarıb. Borc müqaviləsi adı altında Emin Abbasov 24 mart 2006-cı il tarixdə alqı-satqı müqaviləsinə imza atdırmaqla onun etibarından sui-istifadə edərək bizə, ər-arvada məxsus evi məndən xəbərsiz ələ keçirib. Olaydan 11 ay sonra Emin Abbasov mənim xəbərim olmadan evə mülkiyyət hüququ əldə edir. Sonra isə Emin Abbasov Lətifə Xəlilovanın ona heç bir borcu olmadığına 20.08.2007-ci il tarixdə etibarnamə vermişdi ki, evi sata bilsin. Həmin etibarnamə 12.08. 2008-ci il tarixdə Emin Abbasovun şəxsi ərizəsinə əsasən ləğv edilib”.

Şikayətçinin sözlərinə görə, evi ələ keçirdikdən sonra Emin Abbasov öz çirkin əməllərini davam etdirərək 01 avqust 2007-ci il tarixdə 2871 nömrəli saxta arayış alıb: “28 gündən sonra isə o, ”Bank Standart” KB-nin Nəsimi rayonu filialının işçiləri ilə əlbir olub evi girov qoyub. Bu zaman sənəddə məni ev dələduzu Emin Abbasovun qohumu kimi göstəriblər. Nəticədə qeyri-qanuni olaraq girov qoyulan evə görə bank tərəfindən verilən 51.600 manat kreditdən 9.288 manat (18%) bankda saxlanılıb. E.Abbasovla L.Xəlilova arasındakı “razılaşmaya” görə, Lətifəyə çatan 10.000 manat əvəzinə 15.000 manatı banka ödəməli imiş, ancaq banka 14.648 manat ödənilib. Qalan 32.312 manatı Emin Abbasov özü götürüb və bu səbəbdən də 2008-ci ilin oktyabr ayından banka 35.820 manat ödəyib. Bankın məlumatına görə, qalan kreditin faiz borcu 22.423 manat təşkil edir. 3 ildən sonra isə E.Abbasov gəlib mənə dedi ki, evi alıb”.

72 yaşlı şikayətçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin bir nəticəsi olmadığını deyib:

“Təəssüflər olsun ki, 2009-cu ildən bu günə kimi bütün instansiya məhkəmələri saxta sənədlər əsasında qərarlar verib. Nəticədə 31 avqust 2010-cu il tarixindən etibarən 2 nəvəmlə evsiz qalmışam. Bizim evimizə isə kirayəçi yerləşdiriblər. Mən isə nəvələrimlə birgə kirayədə yaşayıram. Bütün instansiya məhkəmələrində qanunun tələblərinə riayət edilmədən bizim vətəndaşlıq hüquqlarımız kobud şəkildə pozulub. Bu qədər ədalətsizlik, haqsızlıq olar?! 72 yaşımda nəvələrimlə birgə evsiz qalmaq çox ağırdır. Üstəlik, səhhətimdə də ciddi problemlər yaranıb”.

Tofiq Xəlilov düşdüyü durumla bağlı aidiyyəti orqanlardan köməklik göstərilməsini, hüquqlarının bərpa edilməsini istəyib.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini dərc etməyə hazırıq.

Qeyd edək ki, “Bank Standart” ötən ilin sentyabrında bağlanıb. Belə ki, 30 sentyabr 2016-cı il tarixli qərara əsasən bankın lisenziyası ləğv olunub. Bankın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç isə bu ilin iyul ayından beynəlxalq axtarışa verilib.musavat.com

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR