Biznesmeni qətlə yetirib qaçan dəstə üzvləri HAKİM QARŞISINDA

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 6-da davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 16-da Xaçmazda baş verib.

Şəhər sakini İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov və Firudin Axverdiyev həbs edilib. Dəstənin başçısı kimi bilinən V.Rüstəmov isə ölkədən qaçıb. 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə V.Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Dəstə üzvlərinin müxtəlif dövrlərdə quldurluq, oğurluq və digər cinayətləri törətdikləri ortaya çıxıb.

Onlara Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, qətlə yetirilən İ.Məmmədov Xaçmazda  ticarət mallarının topdan satışı ilə məşğul olan biznesmen kimi tanınıb.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR