Adil Vəliyev hasarlama üçün icazə verdiyi vətəndaşı niyə təkrarən incidir?

Adil Vəliyevin qoçuları yenidən Sidqi Abbasovun başının üstünü kəsdirdilər…

Bu günlərdə QAFQAZXEBER.AZ-da “Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda bildirilirdi ki, Ləyiş bağları ərazisində alqı-satqı yoluyla torpaq sahəsi əldə edən və öz torpaq sahəsini hasarlamağa çalışan vətəndaş Sidqi Abbasov Sabunçu RİH-in süni maneələriylə üzləşib.

Bunu QAFQAZXEBER.AZ saytına şikayətində vətəndaş Sidqi Abbasov bildirib. O qeyd edib ki, sentyabrın 22-də notariusda alqı-satqı müqaviləsi əsasında Quluzadə Nəcəf Məmməd oğlu və Nəzərov Seyavər Məmməd Rza oğlundan ayrı-ayrılıqda iki torpaq sahəsi əldə edib. “Bu torpaq sahələri ümumilikdə 0,37 hektardır. Mənsə, vicdanlı alıcı olaraq, qanunvericiliyə uyğun şəkildə öz mülkümü hasarlamaq işlərinə başlamaq istədim. Lakin o ərazidə torpaq sahibi olan digər vətəndaşlar bildirdilər ki, sən Sabunçu Rayon İcra Hakimiyyətinin xəbəri olmadan burda hasarlama apara bilməyəcəksən.

Ona görə də, biz Sabunçu RİH-də kimdən “icazə” alacağımızı öyrənməyə çalışdım. Bir neçə gün sonra, mənimlə RİH-də memarlıq şöbəsində çalışan Həbib adlı şəxs görüşdü. O dedi ki, “hörmət” olmadan tikintiyə başlamaq olmaz. Mən dedim ki, iki min manat verə bilərəm, amma Həbib müəllim 30 min manat tələb etdi. Daha sonra ancaq 20 minə qədər düşdü, lakin mənə heç cür imkan verilməyəcəyini dedi. Həbibin sözlərinə görə, bu rəqəmlər RİH başçısı Adil Vəliyevin tapşırığıdır. Həbib mənlə danışığında RİH başçısı Adil müəllimin və onun müavini Güloğlan müəllimin adından istifadə edirdi”, – deyə S.Abbasov qeyd edib.

Onun sözlərinə görə, Həbib adlı RİH işçisi 30 min manatı verməyəcəyi təqdirdə, onun torpaq sahəsində heç bir tikinti apara bilməyəcəyini deyib. “Mən onların tələbi ilə razılaşmadım və məhkəməyə müraciət etdim. Bundan xəbər tutan RİH isə məni qabaqlamaq üçün bələdiyyə adından məhkəmədə iddia ərizəsi qaldırıb, guya 1964-cü ildə çıxarışla alınmış bu torpaq sahələrinin sənədləri qanunsuzdur. Mən vicdanlı alıcıyam, lakin onlar zorla məndən qisas almağa, pulu vermədiyimə görə torpaq sahələrini də əlimdən almağa çalışırlar”, – deyə S.Abbasov qeyd edib.

Biz məsələ ilə bağlı Həbib adlı şəxslə əlaqə saxladıq. “Onun dedikləri tamamilə yalandır. Bizə şər-böhtan atır. Başqa torpaq sahəsinin orderini oturdub bu torpaq sahəsinin üstünə, istəyir ki, onun qanunsuz əməllərinə göz yumulsun. Məhkəməyə verilib, ona görə də, bu yolla özünü haqlı çıxarmağa çalışır”, – deyə Həbib müəllim bildirib.

Sabunçu RİH başçısının müavini Müslüm Mahmudov isə Sidqi Abbasovu dələduzluqda ittiham edib. O, Sidqi Abbasovun RİH tərəfindən məhkəməyə verildiyini deyib. Lakin biz öyrəndik ki, məhkəmə iddiası Kürdəxanı Bələdiyyəsi tərəfindən açılıb.

Biz dəfələrlə Kürdəxanı Bələdiyyəsinə zəng etsək də, məsələ ilə bağlı münasibət ala bilmədik. Noyabrın 10-da isə Sidqi Abbasov bizimlə əlaqəs saxlayaraq bildirdi: “İki gün öncə Sabunçu RİH başçsının imzası ilə məktub aldıq ki, hasarlama işlərinə başlaya biilərik.

Bu gün isə hasarlama işləri aparılarkən, əraziyə Elnur və Pərviz adlı şəxslər gəldi, dedilər ki, bizi Həbib müəllim göndərib, işi dayandırmaq lazımdır. Onlar dedilər ki, “Ağsaqqal deyib, burda daş üstə daş qoyulmayacaq”. Mən soruşdum ki, “ağsaqqal” kimdir? Dedilər, icra başçısı Adil müəllim. Həbibə zəng etdim, telefonu açmadı. Xahiş edirəm, araşdırın, biz də bilək.

Sabunçu RİH-in “ağsaqqal”ı bizə hasarlama üçün icazə verdiyi halda niyə maneəçilik törədir? Adil Vəliyev niyə bizi təkrarən incidir?”.

Biz adıkeçən Həbib müəllimə zəng etdik, o isə “Məni orda mane olan halda gördünüzmü, mənə zəng etməyin” deyib dəstəyi asdı.

Pərviz adlı şəxs də jurnalist olduğumuzu biləndə dəstəyi atdı.

Sabunçu RİH başçı köməkçisi Müslüm Mahmudov isə bizə Təsərrüfat şöbəsinə zəng etməyi tövsiyə etdi. Şöbədə isə zənglərimizi açan olmadı.

Bizim üçün də maraqlıdır, “ağsaqqal” Adil Vəliyev vətəndaşlarla məzələnirmi?

Araşdırmamız davam edir.

Tamerlan Zeynallı

QAFQAZXEBER.AZ

Sabunçu RİH mətbuata danışan sabiq bələdiyyə sədrinə təzyiq göstərir? – ARAŞDIRMA

Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir? – ŞİKAYƏT



  DİGƏR XƏBƏRLƏR