“Nazirliyə görə 900 avro cərimə ödədik” – Millinin məşqçisi (MÜSAHİBƏ)

Kamandan oxatma üzrə milli komandanın məşqçisi Natiq Fazilov federasiyadakı problemlərdən danışıb. 
O, Unikal.org-a müsahibəsində nazirliyin qərar dəyişməsindən sonra ödədikləri cərimə barədə də məlumat verib.
– Avropa Oyunları ərəfəsində Kamandan oxatmaya daha çox diqqət vardı. İndi deyəsən, bu idman növündə zəiflik yaranıb?
– Mən elə deməzdim. Əksinə, son iki ildə daha yaxşı nəticələrimiz oldu. Sadəcə olaraq, bu uğurlarımızı reklam edə bilmirik. Böyüklərimiz iş adamları olduğu üçün onları milli komanda bir o qədər də maraqlandırmır.
– Siz dediyiniz o reklamı Gəncər və İdman Nazirliyi edə bilər?
– Nazirliklə işləmək lazımdır. Mən məşqçiyəm, öz adıma hər şey edirəm. Yarışları təşkil edir, bununla bağlı nə problemlər varsa, öz üzərimə götürürəm. Gərək, mən nazirliklə sıx əlaqədə olum.
– Nazirlikdən maddi cəhətdən dəstək almırsız?
– Bizi yarışlara nazirlik göndərir. Yanvar ayında İslam ölkələrinin dünya çempionatına yollanmışdıq. Yaxşı maliyyə ayrılmadığı üçün yarışa ancaq qızlar aparılmışdı. Orada qızlarımız yaxşı nəticə göstərdilər. Bundan başqa da yarışlarımız olub. Ümumilikdə nəticələrimiz pis deyil.
– Ümumilikdə maliyyəni necə təmin edirsiz? Ancaq nazirliyin hesabına?
– Maaş, idman qurğularının icarəsi – bunları federasiya maliyyələşdirir. Amma Avropa çempionatları, dünya kubokları, dünya çempionatlarına gedib- gəlməyin xərcini nazirlik ödəyir.
Nazirlik buna görə maliyyə ayırır. Amma ona da baxılır nə yarışdır, lazımdır, ya yox…
– Nazirlik sizi ildə neçə yarışa göndərə bilir?
– Ötən il 4 yarışa, bir təlim məşqə göndərmişdi. Çətinliklə, cırmaq-cırmaqla da olsa, çalışırıq nə isə olsun. İnandırım ki, bu da çox azdır. Bu il isə cəmi iki dəfə yarışa göndərilib. Yarışa idmançı aparmağımız da maliyyədən aslıdır. Əslində, beynəlxalq yarışa millinin tərkibində 3 oğlan 3 qız getməlidir. Nazirlik axırıncı yarışa 2 qız 1 oğlan aparmağımız üçün maliyyə ayırmışdı. Argentina uzaq olduğu üçün maliyyə bir az çox tələb olunurdu. Buna görə də məcbur olub idmançıları ixtisara salmalı olduq.
– İxtisara salmaq yerinə maliyyəni artırılması tələbini irəli sürə bilməzdiz?
– Bunu əslində federasiyanın prezidenti həll etməlidir. Deyilənə görə, federasiyamızın prezidenti nazir Azad Rəhimovla sıx əlaqədədir. Amma onlar yuxarı təbəqədir. Yuxarı təbəqəni, aşağı təbəqədə nə baş verdiyi maraqlandırmır. Hər il federasiyamızın rəhbəri deyir “hər şey yaxşı olacaq, sizi bütün yarışlara göndərəcəyik”. İşi görmək vaxtı gələndə deyirlər “vəsait yoxdur, pulumuz yoxdur”.
– Belə anladıq ki, bu idmanın inkişafı üçün çabalayan tək sizsiniz?
– Bəli, elə çıxır… Görsəniz ki, biz harada məşq edirik təəccüblənərsiz. Mən şəxsən öz övladımı orada məşq etməyə göndərmərəm.
– Oxatma bahalı idman növüdür. Çünki aksesuarları bahalıdır. Bəs, bunu necə təmin edirsiniz?
– Düzdür. Federasiya heç nə etmir desək, yalan olar. O da imkan çatan qədər… Oxları, kamanları yeniləyir. Amma dövlət tərəfindən dəstək olmalıdır. Hər dövlətdə belədir. Gənclər arasında dünya çempionatına yollanmışdıq. Ən kasıb Gürcüstan, Ermənistan, Maldova kimi ölkələrin bütün idmançıları təlim-məşq toplanışından gəlmişdi. Biz isə cəmi 10 gün əvvəl bildik ki, yarışa gedirik. 10 gün qalmış mən uşaqları hara təlim-məşqə apara bilərəm? Gedib nazirliyə deyəcəyik ki, heç olmasa, məşqlər üçün Qəbələyə göndərin, deyəcəklər, pul yoxdur. Ona görə də getməmək daha yaxşıdır.
– Ölkə xaricinə gedə bilmirsiz, rayonlara göndərmirlər. Bəs məşqləri harada keçirsiniz?
– İldə bir dəfə güc-bəla ilə ölkə xaricinə çıxa bilirk. Cəmi 11-12 nəfəri çalışırıq Antaliyaya təlim-məşq toplantısına göndərə bilək. Burada bizim üçün şərait olsun, isti yer olsun, mən heç yerə getmək də istəmərəm. Bizdə mövsüm mart ayında başlayır. Mart ayında harada məşq keçək? 70 metr məsafədən atış etməliyik. Şərait yoxdur. Məcbur oluruq, qırğın-qiyamətlə Antaliyaya yollanırıq. Gah deyirlər 11 nəfər aparın, gah da deyirlər, yox, 8 nəfəri aparın. Siyahını nazirliyə təqdim edirik ki, bu qədər gənclərdən ibarət millinin, bu qədəri böyüklərdən ibarət komandanın üzvləridir. 2 nəfər də məşqçidir. Nə masajçı apara bilirik, nə də həkim… Amma çalışırıq hoteli də şəraiti olan yer seçək.
– Həkimsiz təlim-məşqə yollanmaq risklidir. Zədə olarsa başqa həkimə getmək də əlavə xərcdir.
– Biz də çalışırıq uşaqları göz bəbəyimiz kimi qoruyaq. Nə edə bilərik? Əgər il ərzində nazirlik tərəfindən federasiyanın hesabına 120-130 min manat pul ödənilərsə, bu məbləği ya dollara, ya avroya çevirib yarışların keçirlmə yerinə uyğun olaraq bölərəm.
Tutaq ki, Şanxayda dünya kuboku keçirilir. Fikirləşirəm ki, bunun bilet, sığorta, otel , viza pulu var. Bugünkü büdcə ilə mən qənaət edib, Antaliyadakı yarışa gedərəm. Ən uzağı Almaniyaya gedə bilərəm. Argentinaya getmək üçün adama 200 dollar viza pulu çıxdılar.
Ümumilikdə qayda var ki, sırf nazirlik tərəfindən Avropaya göndərilən idmançılara havayı viza alırlar. Amma Argentinaya getmək üçün pul ödəməli oluruq. Beş nəfər üçün 1000 dollar verməli olduq. İndi bilmirik nazirlik o pulu bizə geri ödəyəcək, ya yox…
Bəlkə də bu il bizə 100 min ayrıblar. Bilmirəm, o pul necə gəlib, necə getdi. Yunanıstana yarışa getməli idik. Son ana qədər gedəcəyimiz deyildi. Biletləri sifariş vermişdik, hər şey hazır idi. 2 gün qalmış nazirlikdən dedilər, “yox getmirsiz, maliyyə yoxdur”. Axı biz də beynəlxalq federasiyaya yazmışdıq ki, yarışa idmançılarımızı göndəririk. Gedə bilmədik deyə hər idmançıya görə 140 avro cərimə ödədik. Çünki yer ayrılıb. Biz deyə bilmirik ki, bunu nazirlik edib. 6-7 nəfər getməli idi, 900 avro cərimə ödədik. Bizim yaxşı idmançılarımız var, amma problemləri arada qaldırmaq üçün maliyyə lazımdır.

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR