Dönərxanalarda özbaşınalıq: ekspertlər həyəcan təbili çalır

“Mənşəyi bəlli olmayan ətlərdən istifadə edirlər, dönər və şaurmalar təhlükəli xəstəliklərin yayılma mənbəyidir”

Avropa Birliyi rəhbərliyi dönər və şaurma ətinə əlavə edilən fosfatdan istifadə olunmasını qadağan etmək niyyətindədir. Aparılan araşdırmalara görə, fosfatların istifadə olunması ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.  Bildirilir ki, həmin maddə ətin dadlı və sulu qalmasını saxlamaq üçün əlavə olunur.

Bəs görəsən, ölkəmizdə fəaliyyət göstərən dönərxanalarda vəziyyət necədir? Dönərlərin hazırlanmasında bu kimi maddələrdən istifadə edilirmi?

Bu suallara aydınlıq gətirmək üçün “Yeni Müsavat” qəzetinin müxbiri paytaxt Bakıda yerləşən dönərxanalara baş çəkib.

Dönərxanalar daha çox insanların sıx olduğu yerlərdə, əsasən metro stansiyalarının ətrafında fəaliyyət göstərir. “Fast-food” yeməklərinin satışı üçün bu yerləri əlverişli məkan hesab etmək olar. 

Dönərçilərlə ilə söhbətimiz zamanı bəlli oldu ki, xaricdə dönər və şaurma ilə bağlı yayılan xəbərlər qısa zamanda onların da qulağına çatıb. Adının çəkilməsinin istəməyən dönərçi fosfatdan nəinki istifadə, adını belə ilk dəfə eşitdiyini bildirdi: “Fosfat nə olan bir şeydir bilmirəm. Mən eşitmişdim ki, Çində ətə hansısa kimyəvi maddə qatırlar, ətin çəkisini artırır. İllədir ki, dönərçi işləyirəm. Dönəri daha da dadlı etmək üçün istifadə etdiyim duz, istiot, soğan və mayonezdir. Bunun üçün əlavə nəyəsə ehtiyac yoxdur. Kim istəyər millətini məhv etsin. Düşünürəm ki, bu işlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Digər bir satıcı isə ətin ləzəttli qalması üçün dönərə əlavə  ədvalar vurduğunu bildirdi: “Bir çox dönərxanalarda ətin təzə qalması üçün çörəkotundan istifadə edirlər. Bu ədvanın insan orqanizmi üçün heç bir mənfi təsiri yoxdur. Dönər əti şişə vurulmamış bir neçə saat dincəlməyə qoyulur. Çörəkotu həmin zaman əti təravətli saxlayır. Bu ədvaya hər mətbəxdə rast gələ bilərsiz. Bir dönərin hazırlanmasında mayonez, pomidor, xiyar və sairələr istifadə edirik. Şükür, Azərbaycanda ət tapmaq çətin deyil. Pis də qazanmırıq. Niyə qazancımıza haram qataq?  Bu o ölkələrə aiddir ki, orada ətin qiyməti çox bahadır və yaxud ət dadsızdır. Bu cür kimyəvi dadlandırıcı maddələrdən istifadə edib, gəlirlərini artırmaq istəyirlər”.

Ərazidə olduğumuz zaman dönərxanaların gigiyena və uyğunluq sertifikatını görmək istədik. “Neftçilər” metro stansiyası ətrafında fəaliyyət göstərən dönərxanalarda demək olar ki, nə təmizlik, nə də ətin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatını təqdim edən olmadı.  Öyrəndik ki, dönər üçün gətirilən ətlər mənşəyi bəlli olmayan yerlərdən və müxtəlif  qəssabxanalardan alınır.

Ətlə yanaşı, satışı qadağan olunan toyuq dönəri də var. Xatırladaq ki, iki il  öncə toyuq dönərinin satışına qadağası ilə bağlı xəbərdarlıq edilib. Hətta buna görə Türkiyədən toyuq idxalına da qadağa qoyulmuşdu. Toyuq dönərinin satışının qadağası ilə bağlı gigiyena və epidemiologiya mərkəzlərinə göstəriş də verilib.

Maraqlıdır ki, bu qadağaya əməl etməyənlər çox kiçik bir məbləğdə cərimə ödəyərək məsuliyyətdən yayına bilərlər. Halbuki minlərlə insanın sağlamlığını təhlükə altında qoyurlar. Cəriməyə gəlincə isə fiziki şəxslər üçün 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər üçün 100 manatdan 200 manata qədər, hüquqi şəxslər üçün isə 200 manatdan 400 manata qədər cərimə nəzərdə tutulub.

Araşdırmamız zamanı bəlli oldu ki, dönərxanalara nəzarət edən qurumlar bütün bunları nəzarətsiz qoyub, demək olar ki, bu sahədə özbaşınalıqdır. Dönərçilərlə söhbətimiz zamanı aydın oldu ki, sonuncu dəfə dönərxanalara nə zaman baxış keçirildiyini belə xatırlamırlar.

Yalnız ildə bir dəfə aidiyyəti qurumlar tərəfindən sertifikat verildiyini bildirdilər: “Biz işçiyik, bu məsələləri müdriyyət həll edir. Əti tanıdığımız qəssabxanalardan alırıq. Yoxlama və digər məsələləri də özümüz həll edirik. Səhv etmirəm hər il bizə sertifikat verirlər”.

Qeyd edək ki, istər təmizlik, istərsə də ətin keyfiyyəti ilə bağlı sənədlər obyektin görünən hissəsindən asılmalı və maksimum istehlakçının gözü önündə olmalıdır.

Təəssüf ki, baş çəkdiyimiz obyektlərin heç birində bu halla rastlaşmadıq.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.

E.Hüseynov ölkədə fəaliyyət göstərən dönərxanalarda satılan qidaların insan həyatı üçün təhlükəli olduğunu və bu sahənin nəzarətsiz qaldığını vurğuladı: “İstehlakçı hüquqlarını qorunmasına xidmət edən dövlət orqanları demək olar ki, 2 ildən artıqdır ki, tam fəaliyyətsizdir. Biznes strukturları üçün toxunulmazlıq şəraiti yaradılıb. Belə bir halda təbii ki, insanların həyatı üçün təhlükəli olan maddələrin qida məhsullarına qarışdırılması aktualdır. Təsadüfi deyil ki, bu ilin fevral ayında ölkə prezidentinin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılması kimi məsələ ortaya qoyuldu. Bütün bunlar göstərir ki, bu sahədə  problemlər var. Lakin biz nə şaurmada, nə də dönərxanalarda müstəqil ekspertizalar aparmamışıq. Lakin bu qidalar təhlükəli olaraq Azad İstehlakçılar Birliyinin diqqətindədir və onların antireklamını aparırıq”.

E.Hüseynov 95 faiz dönərxanaların standartlara uyğun  fəaliyyət göstərmədiyini bildirdi: “Bizim monitorinqlər göstərdi ki, 95 faiz dönərxanalarda standartalara uyğun hazırlanmış yerlərdən xammal alınmır. Hamı öz istədiyi formada fəaliyyət göstərir. Mənşəyi bəlli olmayan ətlərdən istifadə edir. Bir sözlə, dönərxanalar və şaurmalar təhlükəli xəstəliklərin yayılma mənbəyidir.

Belə ki, dönər ətinin alt qatlarında – mərkəzində olan bişməmiş plazma qovrulmuş ətə qarışır və bu yolla heyvanlarda olan xəstəliklərin insanlara keçmə riski yaranır. Bundan əlavə, ehtimal olunur ki, ətə müxtəlif qarışıqlar da əlavə oluna bilər. Baxmayaraq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını hazırladı. Dönərləri təzə ətdən hazırlayıb, şişə taxıb, sellofanlara büküb, dondurub, öz avtomobilləri ilə dönərxanalara verirdi. Ümumiyyətlə, gigiyenik sertifikat hər yerdə olmalıdır.  Bu sertifikat heç də malların təhlükəsizliyini təmin etmir. Çünki sertifikat aya və yaxud ilə verilir. Müəssisələrə 6 aylıq sertifikat verirlər ki, nə istəyirsən et. Bu isə anormal bir haldır. Lakin hər dəfə dönərxanalara gətirilən ətlər yoxlanılmalıdır və icazə verilməlidir. Dönəri hazırlayan müəssisə olmalıdır və oradan hazır vəziyyətdə gətirilməlidir. Bir sözlə, bu sahəyə nəzarət yox səviyyəsindədir”.

QAFQAZXEBER.AZ 


  DİGƏR XƏBƏRLƏR