Həm sevər, həm döyər…

Sevinc TELMANQIZI

Əvvəllər Türkiyənin xəbər buraxılışlarında, ya da qadın tok şoularında belə mənzərələrlə qarşılaşırdıq. Qadınlar gözlərinin altı göyərmiş şəkildə canlı yayıma çıxır, “ərim məni döydü” deyib, yardım istəyirdilər. Boşandığı əri tərəfindən bıçaqlanan, öldürülən qadınlar, “cinnət” keçirən atanın qurbanına çevrilən qızlar…

Dəhşətlə izləyirdik. Ta ki, öz ölkəmizin hüdudlarına gələnə qədər. İndi dəhşətlə izləməklə qalmayıb, qorxudan da əsirik. Çünki sürətlə yayılır bu vandalizm.

O gün qəzetə yazı üçün statistikanı hazırlayırdım, şoka girdim. Sinif fərqi söhbəti yoxdur. Cəlilabadın ucqar kəndində, savadı olmayan traktorçu da bu vəhşiliyə əl atır, Bakının Nizami rayonundakı iş-güc sahibi olan ər də. Burda savad, sosial sinif, maddi durum kimi səbəblər axtarmaq lazım deyil. İnsanın xislətində vəhşilik, qeyri-humanizm, anlaqsızlıq varsa, bu cür əməllər onun üçün qaçılmazdır. Məsələn, kənddəki kişi arvadını “niyə anama cavab qaytardın” deyib təpiyinin altına salırsa, şəhərdəki oxumuş kişi “niyə evə gec gəldin” deyib eyni əməli edir. Səbəb fərqli, amma nəticə eynidir. Uzaqbaşı kişinin ali savadı onun törətdiyi vəhşiliyin dərəcəsinə təsir edə bilər. Savadsız, dünyagörüşü olmayan, ömründə bir kitab üzü açmamış olanı arvadı döyəndən sonra evə də od vurur. Amma nisbətən savadı, karyerası, dünyagörüşü olan bu işi tutandan sonra pencəyini götürüb evdən çıxır.

Döyülmə, öldürülmə səbəblərini oxuyub, dəhşətə gəlirəm. Yanlış anlamayın, heç bir səbəb bu əmələ haqq qazandırmır. Qadının əməli pisdirsə, məmnun deyilsənsə, yolları ayırırsan, qurtarıb gedir. Məhkəmələrdə verilən ifadələr insanı az qala ağladır. Biri deyir ki, “dedim, atan evinə getmə, getdi. Bir neçə dəfə bu, təkrarlanandan sonra dözə bilmədim”. Zəka əlilinə anlatmaq mümkün olmur ki, “ata evi” deyilən məkan sənin o qadını dəfə-daraqla, zurna-balabanla gətirdiyin yerdir. Həmin o evin sahibinin, atanın xeyir-duasını alandan sonra ailə-uşaq sahibi olmusan. İndi bu, nəyin havası, nəyin hikkəsidir axı?

O dəfə bir səs-küylü qətl hadisəsinin detalları mətbuatda dərc edildi. Bir nəfər gənc həyat yoldaşı ilə taksiyə minib, növbəti gün də həmin sürücünü öldürüb. Səbəb olaraqsa məhkəmədəki ifadəsində bildirdi ki, bəs həmin sürücü  taksidə olanda onun həyat yoldaşına öz nömrəsini göstərib. Sosial şəbəkədə başlanan müzakirə isə adamın ayaqlarını yerdən kəsirdi. Çünki içində qadınların üstünlük təşkil etdiyi bir dəstə deyirdi ki, günah qadında olub, yəqin nəsə göz-qaş edib, yəqin açıq-saçıq aparıb özünü, yəqin….

Hamısı “yəqin”lə başlanan “arqumentlər” olsa da, əksəriyyət əmin idi ki, günah qadının olub. Halbuki nə reportajda, nə də istintaq materiallarında hələ ki, elə bir nüans ortaya çıxmamışdı.

Bu hal mənimçün cəmiyyətin güzgüsü idi. Bir qayda olaraq qadının suçlanması… Döyülüb? Yəqin nəsə günahı var, ya da dilini dinc qoymayıb. Öldürülüb? Yüz faiz namus məsələsi olub, yoxsa kişi niyə arvadını öldürsün? İzahatlar əksər hallarda bu formada olur. Halbuki ərin xəstə, manyak, narkoman, psixi pozğunluqlu birisi olma ehtimalı da var. Üstəlik, bu ehtimallar son zamanlarda çox yayılıb. Amma bununla belə, cəmiyyət hər zaman suçu döyüləndə və öldürüləndə axtarmağa meyllidir. “Ər evindən ancaq meyidin gələ bilər» məsəli bizim ellərdə yayılmayıbmı? Ata-ana nə olursa olsun, qızlarının boşanmaması üçün əllərindən gələni etmirlərmi?

“Adamı əri döyər dəəə” kimi sarsaq əsaslandırmanı ancaq bizdə analar öz qızlarına yeridə bilərlər. Çünki onların da “zəngin həyat təcrübəsində” ər kötəyi olub. Kəsəsi, onlar zamanında döyülübsə, qalan hər kəsin döyülməsi mübahdır, məqsədəuyğun və anlaşılandır…

Və bütün bu döyülə-döyülə davam edən ailə həyatı nə ilə nəticələnir, bilirsizmi? Qadın susur, gözünün göyü keçənə, ağzının qanı quruyana qədər camaat arasına çıxmır, susur, susur… Və belə vəhşiliyin dozasını da öz əlləri ilə artırmış olur. Günlərin bir günü bu döymə aksiyaları əri qane etmir, az gəlir ona, “level adlamaq” üçün silaha əl atır, benzinə əl atır. Bir, bəzən iki, bəzənsə 4-5 insanın həyatına eyni anda son qoyur.

Ərindir, söyər də, sevər də… Yenə də eyni çürük sitatı gətirə biləcəksizmi, əziz ağbirçək analar? Musavat

QAFQAZXEBER.AZ

  DİGƏR XƏBƏRLƏR