Binəqədi İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərildi

Xaləddin İsgəndərovun başı üzərindəki təhlükə böyüyür

“Qafqaz Xəbər” qəzeti musavat.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinə xüsusi istintaq qrupu göndərilib.

Bu barədə redaksiyamızı bilgiləndirən mənbə bildirib ki, istintaqçılar rayon ərazisində aparılan tikintilərin qanuniliyini, ekologiyaya vurulan ziyanla bağlı görülən tədbirlərin müvafiq qanunvericiliyə uyğun olub-olmaması və rayonun rəhbər vəzifəli şəxslərinin qəbul etdikləri qərarların qanunlarla uzlaşıb-uzlaşmamasını yoxlayırlar.

Qaynağımız deyib ki, istintaq qrupu Binəqədi İcra Hakimiyyətində araşdırmalara başlayarkən icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicədə olub. Onu araşdırmalarla bağlı müalicəsini yarımçıq buraxıb geri qayıtmağa məcbur ediblər.

Başçının Almaniyaya müalicəyə getməsi haqda “Yeni Müsavat”ın əvvəlki saylarında xəbər vermişdik. Bildirilirdi ki, X.İsgəndərov illərdir ki, baş ağrılarından əziyyət çəkir və ildə 1 dəfə Almaniyada müalicə olunur. Başçı geri qayıtsa da, hələ də rəsmi olaraq işə çıxmır.

Təcrübəli müstəntiqlərdən ibarət qrup vaxtilə təcili yardım stansiyası üçün inşa edilən və tikintisi yarımçıq qalan binanın həyətində aparılan qanunsuz tikintilər və Zeytunluq deyilən ərazidəki ağacların kəsilməsi, Azadlıq prospektində yaşıllıqların məhvi ilə bağlı faktlar toplayır, rayon sakinləri sorğu-sual olunur. Bu günə qədər Binəqədi Rayon İcra Hakimiyyətinin bir neçə səlahiyyətlisinin də rayonda baş verən cinayət xarakterli əməllərlə bağlı dindirildiyi bildirilir. Qeyd olunur ki, rayon icra hakimiyyətinin yaxınlığındakı “Favorit” mağazası ilə üzbəüz aparılan tikinti işləri də bir neçə gün əvvəl dayandırılıb. Qaynağımız bildirib ki, istintaq qrupu yanvarın 5-6-da Binəqədi rayonuna ezam olunublar və bu günə qədər topladığı çox ciddi faktlar var.

Yada salaq ki, X.İsgəndərov  bir müddət əvvəl ətrafındakıları başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili səliqəyə  salmalarını tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib. Bundan sonra rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq, tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub. Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi seçki dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur, bu, Qüdsi Bayramovu maraqlandırmır.

Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz.

Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur. Başçı rayonda vəziyyəti sanki bilərəkdən gərginləşdirməyə, xalqı ayağa qaldırmağa çalışır. Xatırladaq ki, Binəqədi rayonunun 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsi məhv edilib və həmin ərazidə tikinti işləri aparılır. Mətbuatda yayılan xəbərlərdən belə aydın olub ki, Heydər məscidinin yaxınlığında zeytun bağının bir hissəsinin məhv edilərək, yerində tikinti işlərinə başlanılması prosesinin arxasında birbaşa olaraq Binəqədinin icra başçısı Xaləddin İsgəndərov dayanır. Məhz icra başçısının birbaşa tapşırığı ilə əraziyə ağır texnika yeridilərək ağaclar məhv edilib, ərazidə tikinti işlərinə başlanılıb. Tendensiya.com saytı yazmışdı ki, məsələ ictimailəşməsindən sonra müvafiq qurumlardan sərt reaksiyalar verilib. Zeytun bağında tikinti işlərinin dərhal dayandırılması ilə bağlı göstəriş gəlib. Binəqədi rayon prokuroru Nazim İmanov əraziyə tabeliyində olan işçilərini göndərərək, tikintinin dayandırılmasına çalışıb. Amma prokurorun bu istəyi icra başçısı Xaləddin İsgəndərovun müdaxiləsindən sonra nəticəsiz qalıb. Tərəflərin bir-birinə ağır sözlər deməsi  xəbəri də yayılmışdı. Görünən odur ki, Xaləddin İsgəndərovu qarşıda çox çətin və ağır günlər gözləyir.

  DİGƏR XƏBƏRLƏR