Şəfəq Ağacan-Bu mənəm

Bu mənəm Şəfəq Ağacan…

Kimisinə görə yaxşıyam, kimisinə görə pis. Kimisinə görə gülər uz, kimisinə bəd xasiyyət. Amma insanına görə insanam. Çoxluğumda başqası, təkliyimdə özüməm. Özümə ittihamçı, özgəsinə vəkiləm. Kimsənin danışmadığı bir dil kimiyəm, kimsənin inanmadığı bir dəli, yazarının bilə oxumadığı bir kitab, heç çalınmayan bir musiqi, heç soruşulmayan bir sual kimiyəm. İnsanlar içində varam amma yox kimiyəm. Dolmuş bulud kimiyəm. Nə yağış olub yer üzünə tökülmədim, nə parçalanıb göy üzünə düzülmədim. Amma həmişə ətrafıma yağışdan sonra qalan paklığı, saflığı bəxş etdim. Çünki həyatı sevdim. Közərən ocaq kimiyəm. Nə atəş olub alovlanmadım. Nə də əriyib kül olmadım. Amma mən həmişə ərtafımdakı insanları isitdim. Çünki insanlığı sevdim.

Boğulan biri kimiyəm. Nə ürəkli hava aldım. Nə öləcək qədər havasız qaldım. Amma mən ətrafımdakılara bir rahatlıq bəxş etdim. Çünki yaşamağı sevdim. Ürəyini boşaltmaq istəyən biri kimiyəm. Nə ürəkdən gülə bilmədim, nə də dost-düşmən görməsin deyə hönkürtü vurub ağlaya bilmədim. Amma mənim qəlbim qan ağlasa da üzüm güldü həmişə. Çünki çəkdiyim mənimdir düşündüm. Heç kimsəni üzməyə haqqım yoxdur. Əzizlərimi doğmalarımı, dostlarımı üzüb, düşmənimi sevindirməmək üçün. Sevgisiylə qanadlanan biri kimiyəm. Sevgini hər zaman uca tutdum. Yerlərdə süründürmədim.

Bəzən həyatımızda olan bir insan bizi hərdən çətin seçimlər qarşısında qoyur. Hansı ki, o seçim bir anda həyatımızın bütün istiqamətini dəyişir. Hərdən bu seçimləri etmək də özü böyük bir cəsarət tələb edir. Çünki o seçim bizim həyatımızın bütün istiqamətini dəyişə bilər. Çox düşünmək lazım gəlir hərdən, lakin hərdən də bir anın, bir saniyənin içində seçimimizi edib həyatımızın istiqamətini dəyişirik. Nə qədər doğru və ya səhv edirik, yəni nəticəsini isə zaman göstərir bizə. Amma bir həqiqət olur ki seçimimizi geri döndərə bilmirik. Necə ki zamanı geriyə qaytarmaq kimi bir imkanımız olmursa, etdiyimiz seçimi də geriyə qaytarıb dəyişmək şansımız olmur. Amma həyatımda olan yanlış insanlar, deyərdim mənim həyat təcrübələrimi artırıb. Ən əsas yaxşı insanların qədrini bilməkdə. Çalışıram hər zaman qurunun oduna yaşı yandırmayım. Bir-birini dəli kimi sevənə də insan deyirlər, bir-birini it kimi çəkib yeyənə də. Dünyasını yenidən qurana da insan deyirlər, o dünyanı yıxıb yerlə bir edənə də. Ən böyük acını çəkənə də insan deyirlər, o acını verib yaşadana da. Sabahlara min ümidlə baxana da insan deyirlər, o ümidi min dəfə məhv edənə də. Bir insanın əlindən tutana da insan deyirlər, o insanın ayağından çəkənə də. Bir sevgi uğruna yaşayana da insan deyirlər, o sevgini içində boğmağa cəhd edənə də. “Bütün insanları sevirəm” deyə hayqırana, əməliylə bunu sübut edənə də insan deyirlər, çəkinmədən, düşünmədən insanlığın qəlbinə min acını sıxana da. Öz həyatını sevdiklərinə qurban verənə də insan deyirlər, özünə min qurban seçənə də…Sevdiyimdən çox da sevilirəm. Amma mən öz sevgimi xəyallarımda qorudum. İnsanlıq və sevgi mənim üçün toxunulmazdır, çünki insanları sevəndə ürəkdən sevirəm.

  DİGƏR XƏBƏRLƏR