“Leyla Şıxlinskayanın qulu olmaqdan çıx, həqiqətləri danış” – MƏHKƏMƏDƏ

“Leyla Şıxlinskaya” klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçiləri -keçmiş baş mühasib Şəhla Abbasov, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə davam edib.

“Qafqaz Xəbər” qəzetinin Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cianyətlər Məhkəməsində  hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid qismində Leyla Eynullayeva dindirilib.

O bildirib ki, klinikada Rentgen şöbəsinində işləyib: “Maaşım pasientlərdən asılı olub. 700 manatdan çox olmurdu. Pulumu kassadan, Nadejda xanımdan alırdım. Əmək haqqı kartım olmayıb. Sonradan müstəntiq mənə dedi ki, adıma belə bir kart olub”.

Səyalə Salmanova isə laboratoriyada çalışdığını deyib: “Klinikada alqı-satqı aptek vasitəsilə olurdu. Pullar kassaya ödənilirdi. Məndə faiz söhbəti yox idi. Konkret maaş alırdım. Kartım yox idi. Maaşı kassadan, Nadejda xanımdan alırdım. Başqa heç bir məsələdən xəbərdar olmamışam”.

Daha sonra klinakada həkim-kordioloq çalışmış xanım deyib ki, hər xəstədən 40 faiz ona çatıb: “Hər xəstəni qeydiyyata alırdım. Hesablayırdıq. Sonra ona görə də pulumu alırdım. Adıma kart açılmamışdı. Pulu kassadan, Nadejda xanımdan alırdım. Kart məsələsindən xəbərdar deyildim. Hazırda Neftçilər Xəstəxanasında işləyirəm”.

Məhbubə Əlizadə klinikada anestezioloq işləyib: “Maaşım faizlə almışam. Maaşım əməliyyata görə idi. Adıma kart olmasından xəbərsiz olmuşam. Pulları kassadan, Nadejda xanımdan alırdım”.

Daha sonra klinikanın baş kassiri Nadejda Kaysina sualları cavablandırıb. O bildirib ki, yüksək vəzifəli işçilərin kartları onda olmayıb.

Buna etiraz edən təqsirləndirilən Şəhla Abbasova və Polad Əliyev isə bunu təkzib edib.

Şəhla Abbasova bildirib ki, 2012-ci ildən 2013-cü ilin avqustuna qədər direktor kimi bütün sənədlərə Nadejda qol çəkib.

Bu zaman təqsirləndirilən Polad Əliyev yerindən şahidə etiraz edib: “Leylanın qulu olmaqdan çıx, həqiqətləri danış”.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.

Onlar klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.

Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

  DİGƏR XƏBƏRLƏR