Mədət Quliyev Milli Qəhrəmanlarla GÖRÜŞÜB

Görüşdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şücaət, igidlik və rəşadət nümunələri göstərmiş Milli qəhrəmanlarımız ölkəmizin yaxın tarixinə nəzər salaraq, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən danışmışlar.

“Qafqaz Xəbər” qəzeti Gununsesi.info-ya istinadən bildirir ki,  Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımıza nəsib olmuş azadlığın yüksəkliyində dayana bilməyən o zamanki hakimiyyət tarixin millətimizə bəxş etdiyi bu əvəzsiz sərvəti nə lazımınca qiymətləndirə, nə də onu qoruyub saxlanmaq iqtidarında olmuşlar. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin naşılığı və bacarıqsızlığı üzündən yaranan fəlakətli vəziyyət xalqımızı ağlasığmaz məhrumiyyətlərə düçar etmişdir.

1991-1993-cü illər nəinki dövlətimizin müstəqillik tarixində itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “olum, ya ölüm” seçimi qarşısında qalmışdır. Ölkədə yaranmış xaos, anarxiya və hərc-mərclikdən məharətlə istifadə edən erməni işğalçıları xarici havadarlarının dəstəyi ilə əzəli və tarixi torpaqlarımızı qəsb edir, digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə gətirib çıxarmışdır. Xalqımız belə bir ümidsiz vəziyyətdə imdad dolu nəzərlərini dahi şəxsiyyət Heydər Əliyevə dikmişdir.

Bu çətin məqamda ulu öndərimiz Heydər Əliyev həmişə olduğu kimi, xalqının harayına çataraq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanda az bir zamanda mürəkkəb, ziddiyyətli, son dərəcə gərgin hadisələri öz dühası və müdrikliyi ilə yoluna qoymuş, dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir. Ümummilli Liderin qətiyyəti, yenilməz iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan vətəndaş müharibəsi, qardaş qırğını, dövlət çevrilişləri girdabından qurtularaq, müstəqilliyini qorumuş, respublikamız intibaha qovuşmuşdur.  

Gununsesi.info-ya daxil olan məlumatda bildirir ki,  Milli qəhrəmanlar çıxışlarında, bu gün ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik xəttini uğurla davam etdirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan mübaliğəsiz öz tarixinin ən güclü dövrünü – ictimai-siyasi sabitlik, sosial-iqtisadi yüksəliş və təhlükəsizlik şəraitində yaşayır. Möhtərəm Prezident cənab İlham Əliyevin ölçülüb-biçilmiş və düşünülmüş müstəqil dövlətçilik strategiyası, milli mənafelərə xidmət edən, son dərəcə cəsarətli daxili və xarici siyasət kursu sayəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan Respublikası bütün çətinliklərə mətanətlə sinə gərir, sınaqlardan dəyanətlə çıxır, öz tərəqqi xəttini, hər bir sahədə sabitliyi, yüksək iqtisadi inkişaf tempini qoruyub saxlaya bilir. Bunun nəticəsidir ki, Azərbaycanda xalq-iqtidar həmrəyliyi gündən-günə daha da möhkəmlənir, ölkəmizin beynəlxalq nüfuzu və mövqeləri getdikcə güclənir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin misilsiz səyləri ilə respublikanın müdafiə qabiliyyətinin durmadan artdığını vurğulayan Milli qəhrəmanlarSilahlı Qüvvələrin hərbi-texniki potensialının yüksəldilməsi nəticəsində Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından birinə çevrildiyini bildirmişlər. Milli qəhrəmanlar qeyd etmişlər ki, işğal olunmuş ərazilərimizin möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə tam azad ediləcəyi gün heç də uzaqda deyil: “Biz hamımız bir əsgər olaraq dövlətimizin başçısının ölkəmizin ərazi bütövlüyünün təmin olunması barədə hücum əmrinə tam hazırıq. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu rəşadətli döyüş əməliyyatı ilə bu hazırlığı bir daha təsdiq etmişdir”.

Milli qəhrəmanlar xüsusi vurğulamışlar ki, möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən Vətən, dövlət, xalq, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərmiş Milli qəhrəmanlara, habelə müharibə əlillərinə, şəhid ailələrinə yüksək diqqət və qayğı var. Dövlət başçısının 2018-ci il fevralın 20-də imzaladığı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Sərəncam buna əyani sübutdur.

Milli qəhrəmanlar bildirmişlər ki, möhtərəm Prezident cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, dövlətimizin başçısının Azərbaycanın müstəqilliyinin qorunması və tərəqqisi istiqamətində bütün səylərinin uğurla həyata keçirilməsində daim ön sırada olacaqlar.

Görüş iştirakçıları 2018-ci il aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində yekdilliklə Zati-aliləri cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan etmişlər.

Sonda Milli qəhrəmanlar prezident seçkiləri ilə bağlı müraciət qəbul etmişlər.

Milli qəhrəmanlar müraciətdə vətəndaşlarımızı aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə, müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi, xalqımızın gələcək rifahı naminə cənab İlham Əliyevə səs verməyə çağırmışlar.

  DİGƏR XƏBƏRLƏR