Qisas cinayətində son pərdə: daha iki nəfər tutuldu – ƏMƏLİYYAT

Keçən ay Bakının Lökbatan qəsəbəsində 26 yaşlı Osman Abdullayevin güllələnib öldürülməsi ilə bağlı daha iki nəfər tutulub.

“Qafqaz Xəbər” qəzeti  Lent.az-a istinadən xəbər verir ki, qətldə şübhəli bilinən Emin Həmidov və Nicat Quliyev həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, cinayətkar qruplaşmanın digər üzvü Həsən Məşədiyev bir neçə gün əvvəl Hökməli qəsəbəsində polisə silahlı müqavimət göstərərkən öldürülüb.

Onu da qeyd edək ki, Osman Abdullayev əvvəllər adam öldürdüyünə görə 8 il 6 ay məhkumluq həyatı yaşayıb. O, peşəkar güləşçi, idman ustalığına namizəd olub. 2008-ci ildə o, dostu Tural İbrahimovu öldürdüyünə görə həbsxanaya düşüb. Belə ki, həmin vaxt T.İbrahimov Osmanın boşanmış bacısı ilə münasibət qurmağa çalışıb. Buna görə, o vaxt 16 yaşı olan O.Abdullayev Turalı qətlə yetirib.

Bir müddət əvvəl Osmanın həbsxanadan çıxdığını öyrənən Turalın qohumları onunla görüşmək istəyib. Belə ki, T.İbrahimovun qohumu, 1991-ci il təvəllüdlü Emin Həmidov və 1984-cü ildə doğulmuş Həsən Məşədiyev Osmanı Lökbatanda kimsəsiz yerə aparıb və orada güllələyərək öldürüb. 26 yaşlı Osmanın meyiti gölməçədə aşkarlanıb.

  DİGƏR XƏBƏRLƏR