“Reket”çilikdə suçlanan baş redaktorun cinayət işi: icra başçısı həkimlə Bakıya pul göndəribmiş

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Qafqaz Xəbər” qəzeti Musavat.com-a istinadən xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.

Məhkəmədə Habil Vəliyevlə vəsatətlə çıxış edib. O, bundan sonra məhkəmə proseslərinin qapalı keçirilməsini istəyib: “Mənim ötən prosesdəki çıxışım, iradlarım qeyd mətbuatda yer almadı. Həm də məmim səhhətimdə problem var. Yaızlanlar mənə pis təsir edir”.

Məhkəmə vəsatəti təmin etməyib. Prosesin davamında DTX-nın həbs etdiyi “Bizim Dövr” qəzetinin baş redaktoru olmuş və hazırda cinayət işi ayrıca araşdırılan Surxay Əliyev şahid qismində ifadə verib. O, istintaqa ifadəsini təsdiqlədiyini və ittihamların yalan olduğunu söyləyib.

Digər şahid isə Surxay Əliyevin müavini olmuş Hikmət Nəcəfli olub. O, Habil Vəliyevi tanıdığını bildirib. Cinayət işi üzrə bir neçə epizodda onların adı ayrı-ayrı şəxslərin şantaj edilməsində keçir. Hatəm İbrahimovun rüsvayedici görüntülərlə şantaj edilməsi epizodu üzrə ifadə verərkən deyib ki, ittihamlar əsassızdır. O, H.İbrahimovun şantaj edilməsindən xəbərsiz olduğunu və istintaqdakı ifadəsini xatırlamadığını deyib.

Prosesin davamında şahid Rauf İsfəndiyarov ifadə verib və Habil Vəliyevi mətbuatdan tanıdığını deyib. O, Laçın Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramil Cəbrayılovun şantaj edilməsi epizodu üzrə dindirilib.

Şahid Habil Vəliyev istintaqdakı ifadəsini təkzib edib. Belə ki, R.İsfəndiyarov istintaqda deyib ki, 2011-ci ildən Habil Vəliyev icra başçısı haqda öz qəzetində silsilə yazılar yazıb. Bununla da ondan külli miqdarda pul tələb edib.

R.İsfəndiyarov icra başçısının Habil Vəliyevə zərfdə pul göndərdiyini də istintaqdakı ifadəsində söyləyib: “Mən rayondan gəlirdim. İcra başçısının istəyi ilə Malik Vəliyev mənimlə birlikdə Bakıya gəldik. Bakıda Habil Vəliyevlə görüşdük və Malik pulu ona verdi”.

R.İsfəndiyarov həkim olduğunu və icra başçısı ilə rayondan münasibətlərinin yarandığını deyib. O, DTX-da verdiyi ifadəsini təsdiq etmədiyini və Habil Vəliyevə pul verilməsindən xəbərsiz olduğunu söyləyib.

Şahid Sadiq Əliyev də məhkəmədə şahid qismində dindirilib. O, Habil Vəliyevi bir dəfə gördüyünü deyib və bildirib ki, Zığda obyektdə işləyib: “Obyektlə bağlı yazılar yazılırdı. Müdir Hatəm müəllim məni çağırdı ki, get maraqlan gör, bu haqda niyə yazılır. Mən də bir dəfə Bakıya gəlib onlarla görüşmüşəm. 3500 bir vermişəm, iki dəfə də 600 manat…”

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb, münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib, bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

  DİGƏR XƏBƏRLƏR