“Valideyn uşağın yaşayıb-yaşamamasına qərar verə bilməz” – QALMAQAL

22-ci həftəsində 370 qram doğulduğu üçün valideynləri tərəfindən imtina edilən körpənin xəbəri ötən eşidən hər kəsi məyus etmişdi.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Türkürpədən hadisə paytaxtın sayılıb-seçilən klinikalarından birində baş vermişdi.

Bu haqda xəbəri Baku Medical Plazanın Op. Dr. uşaq cərrahı və uroloqu Aqil Əbilov yaymışdı. O, hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında ailənin uşağın yaşamasını istəmədiyini bildirmişdi: “Uşaq cəmi 370 qram doğulmuşdu. Həyatımda gördüyüm vaxtından əvvəl doğulmuş ən balaca canlı idi. Adətən belə körpələr küvəzdə süni tənəffüs verilərək saxlanılır. 22 həftəlik olsa da, özü nəfəs alırdı ehtiyacı yox idi. Təəssüf ki, ailəsi yaşamasını istəmədi”.

Uşaq cərrahının sözlərinə görə, Azərbaycanda çox ailələr bu halda uşağın yaşamasını istəmir: “O uşaq anada düşük olduğu üçün gətirilmişdi və heç kim yaşayacağına inanmırdı. Müayinə zamanı məlum oldu ki, hər şey normaldır. Həmin uşaq bir müddət küvəzdə saxlanıldığı təqdirdə yaşaya bilər. Ancaq bu proses uzun çəkəcəkdi. Maddiyyatla da əlaqəsi yoxdur. Sadəcə ailə yaşamasını istəmədi”.

Həkim bu tip hadisələrin təkrarlanması üçün sosial şəbəkədə təbliğat apardığını da qeyd edib: “Sosial şəbəkələrdə bu kimi videoları paylaşmaqda bir məqsədim var, o da valideynləri maarifləndirmək. Bunun kimi vaxtından əvvəl doğulmuş başqa bir körpənin də videosunu paylaşmışam. Körpəni 770 qram olan zaman bağırsaq çürüməsi səbəbindən əməliyyat etmişik. Artıq qidalanır və 970 qram olub. Hər uşağın yaşamaq ümidi və şansı var. Təki əldən gələn hər şey edilsin. Bu paylaşmalarımla valideynlərə göstərmək istəyirəm ki, erkən doğuşlarda övladdan tez imtina etməsinlər, onlara bir yaşama şansı vermələri kifayətdir”.

Bəs görəsən, valideynlərin bu cür vaxtından erkən doğulmuş uşaqlardan yaşamaq şansını əlindən almağa ixtiyarı varmı?

Lent.az-ın suallarını Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov cavablandırır.

– Həkim kimi nöqteyi-nəzərim, uşaq 22 həftədən yuxarı doğulubsa, tam həcmdə müalicə tədbirləri aparmaq lazımdır. Həkimlikdən əvvəl birinci növbədə insanıq. Hansı həftədə olursa-olsun, uşaq artıq doğulubsa, birinci dəqiqəsindən körpənin müalicəsinə başlayırıq. Küvesə qoyuruq, rütubət, istilik sistemini qoşuruq, tənəffüs problemini həll edirik. Yaşasa, nə gözəl. Yaşamırsa, demək körpənin orqanizmi həyatla uyğunlaşmır. Bu halda həkim və insan kimi vicdanımız rahat olur ki, əlimizdən gələni etdik.

R. Hüseynovun sözlərinə görə, əksər hallarda 22 həftədən aşağı doğulmuş uşaqların orqanları bizim mühitdə yaşaya bilmir: “Doğulanda ürək döyüntüsü olur. Tərpənir, amma biz bilirik ki, bunun ağciyər toxuması yetişməyib. Biz ona hansısa tənəffüs dəstəyi versək, mənimsəmə olmayacaq. Ağciyər differensasiya etmir.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun foyesində vaxtında əvvəl doğulan uşaqların şəkilləri var. Şəkillər arasında Volter, Göte, Mendelleyev, Eynşteyn, Nyuton da var. Görün, nə qədər dahilər vaxtından əvvəl doğulublar?! Bəzi həkimlər deyir ki, ekstremal keçidi keçənlər başqa insanlardır. Bəziləri onlara “başqa planetdən gələnlər” deyirlər.

Baş neonatoloq şəxsi təcrübəsində rast gəldiyi hallar haqqında da danışır: “Baxırsan kiçik bir canlıdır, amma hərdən adama böyük adam kimi baxırlar. Sanki sənə müdrik bir insan baxır. Ona görə də vaxtından erkən doğulmuş bu uşaqlara daha çox diqqət yetirmək lazımdır. Azərbaycanda 500-550 qram doğulmuş 2 körpə var ki, indi böyük uşaqlardır”.

Köhnə diri doğma meyarına görə, 1 kilodan az doğulmuş uşaqlara “düşük”, “abortos” adı verirdilər. 28 həftəlik müddətdə çəkisi 1 kilo olan uşaqlar doğularsa, buna “diridoğulmuş” deyilirdi. Bu o demək deyil ki, həkimlər onlarla məşğul olmurdu. Olurdular, müalicə tədbirləri görülürdü. Amma statistikaya düşmürdü. Statistikaya o halda düşürdü ki, abortos 168 saatdan artıq yaşasın. İllər keçdi, qaydalar dəyişdi. 2015-ci il, yanvarın 1-dən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə yeni diridoğulma meyarlarına keçdi. 1 kilo çəkidə yox, ondan bir qədər aşağı diapazona – 500 qrama düşdük. Hər 500 qramlıq uşaq diridoğulmuş hesab edilməyə başlayandan sonra göstəricilərdə də dəyişiklik oldu.

Baş neonatolq bildirir ki, istər vaxtından erkən doğulan, istərsə də vaxtında doğulan körpənin hər hansı problemi varsa, körpə sağalana qədər xəstəxana şəraitində müalicə alır. Valideyn körpədən imtina etdiyi təqdirdə müalicəsi yekunlaşdıqdan sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat verilir.

Statistikaya görə, 28 həftəlik doğulan uşaqların baş-beynində şırım olmur. 1 yaşına çatanda o uşaqlar ya əqli cəhətdən inkişaf etmirlər, ya qulaqları eşitmir, ya da gözləri görmür. Yaxud qaraciyərində, ağciyərində xroniki xəstəliklər olur. Eləsi də var, sinir sistemi yetişməmiş olur, getdikcə quruyur.

R. Hüseynovun sözlərinə görə, 22 həftəlik uşaq 370 qram çəkidə doğulubsa, böyük ehtimalla onda inkişaf ləngiməsi var: “Bəzən görürsən, uşağın çəkisi azdır, hestasiya dövrü çoxdur. Birinci növbədə hestasiya dövrü, sonra boy və çəki götürülür. Çünki boy və çəki bizi aldada bilər. Hestasiya dövrü uşağın orqanlarının funksiyalarının inkişafını daha doğru göstərir. Valideyn hansısa bir səbəbdən müalicənin davamından imtina edərsə, biz – tibbi heyət valideyni fikrindən döndərməyə çalışırıq. Valideynə vəziyyəti izah edirik ki, körpənin müalicəsi xəstəxana şəraitində davam etdirilməlidir. Yox, əgər müalicəsi olmayan xəstəlikdirsə, yaxud anadangəlmə qüsur varsa və heç bir əməliyyatla bunu sağaltmayacaqsa, onda da çalışıb onun ağrısını azaltmalıyıq. İnsan gərək dünyasını insan kimi dəyişsin. Ağrısız, əzabsız. Bəzi vaxtlar olur ki, valideyn deyir, mən istəmirəm ki, uşağım əziyyət çəksin, verim mənə aparım. Biz bilirik ki, evə aparsa, uşaq daha çox əziyyət çəkəcək. Ya tənəffüs, ya ürək ağrıları olacaq. Sidiyə gedə bilməyəcək, yaxud bağırsaqları işləməyəcək. Bağırsaq ağrılarında, ya sidiyə gedə bilməyəndə körpə necə ağrı çəkəcək?! Xəstəxanan şəraitində biz profilaktik tədbirlər görəcəyik, sidiyə gedə bilmirsə, kömək edəcəyik ki, sidiyini buraxsın. Köpü varsa, dərman verəcəyik. Ağrısı çox olanda ağrıkəsici verəcəyik. Tənəffüsündə problem varsa, tənəffüs aparatı qoşacağıq ki, körpə əzab çəkməsin. Bunları xəstə uşağın valideynlərinə sadə cümlələrlə izah edəndə onların etiraz etməyə yeri qalmır. Uşağın müalicəsini yarımçıq dayandırıb xəstəxanadan aparmağa əsası qalmır”.

Məsələnin hüquqi tərəfini öyrənmək üçün millət vəkili Musa Quliyevə müraciət etdik. Millət vəkili Lent.az-a açıqlamasında bunları dedi:

– Uşaq xəstəxana şəraitində doğulubsa və onun tibbi köməyə ehtiyacı varsa, xəstəxana məsuliyyət daşıyır. Valideynin ixtiyarı yoxdur ki, uşağın yaşayıb-yaşamamasına qərar verə. İstəmirsə, ərizə yazıb, uşaqdan imtina edə bilər. Doğuş özəl xəstəxanada baş tutubsa, özəl müəssisə məsuliyyət daşıyır. Saxlamaq imkanı yoxdursa, mütləq Səhiyyə Nazirliyinə məlumat verməli idilər. Körpə özəl klinikadan dövlət müəssisəsinə köçürülməli idi.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də mövzu ilə bağlı açıqlama istədik. Komitədən bildirdilər ki, ümumiyyətlə, bu haqda danışmaq istəmirlər.

  DİGƏR XƏBƏRLƏR