11 sentyabr, 1 yanvar, 19 may, 2 mart…

Xalid KAZIMLI

Uzun illər öncə 11 sentyabr günüydü, Bakı vaxtı ilə axşam saatları idi. Qəfildən xəbər gəldi ki, həmin vaxt səhərini yeni açmış ABŞ-da böyük terror hücumu olub, terrorçular tərəfindən ələ keçirilmiş təyyarələr Nyu-Yorkdakı əkiz qüllələrə, Vaşinqtonda Pentaqonun binasına çırpılıb və bütün dünyanın telekanalları bunu canlı-canlı göstərirlər.

Xəbərdən xəbəri tutan hər kəs televizorların qabağında oturdu, gözünü ABŞ-da baş verən hadisələri göstərən ekranlara zillədi.

Bütün xəbərlər ortadaydı. Hər bir yenilik anındaca dünyanın yaşayış olan bütün qitələrindəki ölkələrə çatırdı. Hadisəyə dair şərhlər verilirdi, ehtimallar irəli sürülürdü, terror aktını törədənlərin kim ola biləcəyinə dair versiyalar səslənirdi, siyasətçilərin reaksiyaları canlı efirə verilirdi, dünya ölkələrində bu müdhiş terakta xalqın münasibəti göstərilirdi, ölənlər, yaralananlar və xilas edilənlər barədə statistik məlumatlar rəsmi şəxslər tərəfindən hər saatın tamamında (bəzən yarım saatdan bir) açıqlanırdı və sair və ilaxır.

Bu mövzuda azı 12 saat boyunca canlı verilişlər yayımlandı. Biz də gecə yarıdan ötənədək ABŞ-da baş verən dəhşətli terakta dair xəbərləri izlədik.

Dünya mediasında qayda budur: çox sayda insan tələfatıyla nəticələnən təbii fəlakətlər, terror aktları baş verəndə televiziyalar fasiləsiz canlı yayım verir, ictimaiyyətin informasiya aclığını doyurur, hər bir detal haqqında təfərrüatlı məlumatlar yayırlar.

Sonradan biz bu sayaq səhih və yenilənən informasiyalarla dolu canlı yayımları təyyarə qəzalarında, zəlzələlərdə, Türkiyədə (ötən ilin 1 yanvarında), Fransada, Rusiyada baş verən terror aktları zamanı da gördük.

Budur, bizdə də çoxsaylı insan tələfatıyla nəticələnən növbəti texnogen qəza – yanğın hadisəsi baş verib. İctimaiyyəti məlumatlandırmaq üçün ortada işləyən yalnız bir neçə xəbər agentliyi və saytlardır. Nə bir televiziya, nə bir radio ortalıqda görünmədi.

Hadisə yerində olan jurnalistlər də yanğın olan sahədən uzaq tutuldular, onlara lazımi informasiya verilmədi.

Bu, həmin vaxt dünya miqyasında işıqlandırılmalı olan bir faciəvi hadisəydi, amma isti-isti, canlı-canlı heç Xətai rayonu miqyasında da işıqlandırılmadı. Beş-altı saytın yazmasıyla, uzaqdan çəkilmiş şəkillər yaymasıyla nə olacaqdı ki?

Bu nəyi göstərir? Bu, müasir jurnalistikanın, xüsusilə də telejurnalistikanın durumunun, peşəkarlığının, azadlığının göstəricisidir.

Bizdə artıq müasir standartlara uyğun telejurnalistika yoxdur.

İndiyədək ölkəmizdə ermənilər tərəfindən törədilən terror aktlarının (xüsusilə də metro stansiyalarında baş verən analoji teraktların) dünya masştabına çıxmamasının, o hadisələrlə bağlı ortada nəinki videokadrların, hətta düz-əməlli bir fotoşəklin olmamasının səbəbi məhz telejurnalistikamızın sıfır vəziyyətində olmasıdır.

İndi Xocalı soyqırımından çəkilmiş videolentlər misli-bərabəri olmayan dəyərdə tarixi sənəddir, amma bunu mərhum Çingiz Mustafayev öz şəxsi təşəbbüsü, şücaəti, vəsaiti hesabına çəkib. Dövlət televiziyası bu mühüm işə əlini bulamayıb.

Bəzi oxucular da hərdən adama yandıq vermək üçün deyir və ya yazırlar: “Sizin saytınızı oxuyana qədər gedib AzTV-yə baxaram”.

Di get, bax. Dünən sırasında biz də olmaqla operativ işləyən saytlar 1 saatın içində dəhşətli yanğınla bağlı 15 xəbər yaydılar, televiziyalarda isə konsert gedirdi. Mətbəx proqramı verənlər, manıs qeybəti yayanlar vardı. Sanki ölkədə, paytaxtda heç nə baş verməyib.

Bu, ilk dəfə deyil. Telekanallar həmişə belə edir. Vaxtilə yalnız ANS bu çərçivədən kənara çıxır, ajiotaj doğuran hadisələr olanda ictimaiyyətə xəbər çatdırmağı özünə borc bilirdi.

Bu cür olmaz. Televiziyalarımız işlərini dünya standartları səviyyəsində qurmalıdırlar. Onların buraxdıqları boşluğu qəzetlər heç cür doldura bilməzlər, az-çox saytlar nəsə etmək istəyir, videogörüntü yayırlar, onların auditoriyası isə, bildiyimiz kimi, məhduddur, ən yaxşı halda 100 min unikal İP civarındadır.

Baş vermiş hadisə ilə bağlı həqiqətlərin və məsuliyyətli şəxslərin ortaya çıxarılması isə hüquq-mühafizə orqanları ilə yanaşı, obyektiv və peşəkar jurnalistikanın təmin edəcəyi bir işdir. İkincilər ortada görünmürsə, əsl günahkarların məsuliyyətdən yayınacağı ehtimalı yüksəkdir. Yenə gözətçilər, təsərrüfat işləri müdiri, bağban kimi sıravi adamların yaxası əldə qalacaq. O zaman indi ortada görünməyən telekanallar məhkəmə salonundan reportaj verəcəklər.Musavat.com

  DİGƏR XƏBƏRLƏR