Kolleclərə 9 illik təhsil bazasında ərizə qəbulu davam edir

2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu davam edir

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2018-ci il martın 1-dən başlayıb və martın 27-dək davam edəcək.

13 mart saat 16:30-a olan məlumata əsasən, 7365 abituriyent (Azərbaycan bölməsi – 7159; rus bölməsi – 206) elektron ərizəsini təsdiq edib.

Kolleclərin müsabiqəsində iştirak etmək istəyən istər cari ilin, istərsə də əvvəlki illərin məzunları qeyd olunan tarixdə elektron ərizələrini
http://eservices.dim.gov.az/erizetex/erize/?frm=egov ) doldurmalı və onun təsdiqini təmin etməlidirlər.

Qeyd edək ki, 9-cu sinfi Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü və ondan sonrakı illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edirlər.

9-cu sinfi Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya digər ölkələrdə yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini qeyd olunan tarixlərdə Sənəd Qəbulu Komissiyalarının birində təsdiq etdirməlidirlər. Həmin abituriyentlər SQK-ların ünvanları ilə qəbul haqqında elanın tam mətnində tanış ola bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanından (9‑cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən  abituriyentlər isə müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının birinci mərhələsi aprelin 15-də, ikinci mərhələsi isə  iyulun 10-da keçiriləcəkdir.

Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanından topladığı ümumi bal əsasında aparılır.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdirdikdən sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “Azərbaycan dili” fənnindən (ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün) test imtahanı verirlər. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Bu imtahanda abituriyentlərə kurrikulum əsasında hazırlanmış 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

“Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – 2018-ci il aprelin 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 10-da isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Tələbə qəbulu elanının tam mətni ilə buradan tanış ola bilərsiniz.

  DİGƏR XƏBƏRLƏR