Agentliyin baş direktoru Vəkillər Kollegiyasının sədrinə müraciət etdi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova
 

Hörmətli Anar müəllim,
Rəhbəri olduğunuz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1 saylı Hüquq məsləhətxanasının vəkili Rəfiyev Şahin Kollegiyanın vəkillər qarşısında qoyduğu vəzifələrdən demək olar ki, ən ümdəsini – vəkillik peşəsinin nüfuzunu yüksəltmək tələbini “unudaraq” məhkəmə iclası zalında özünəməxsus pafoslu çıxışları ilə “Qafqaz Xəbər Agentliyi”nin əməkdaşlarının ünvanına “hücum” edərək, müdafiə etdiyi iddianın mülki xarakterli olmasını fərqinə varmadan onları “reketçi jurnalistlər” adlandırmaqla ağır cinayət əməli törətməkdə ittiham edərək, hətta həbs olunmaları barədə müraciət etmiş olduğunu yalandan hakimə söyləyərək əsassız-sübutsuz ittihamlarla “ürəyini boşaltmışdır”.

Məsələ bundadır ki, iddiaçı – “Şurataz” şirkətinin sahibi Abbasov Xaliq Nərman oğlunun vəkili Şahin Rəfiyev, bu ilin yanvar ayının:
– 17-də X.N.Abbasovun şərəfini, ləyaqətini və işgüzar nüfuzunun müdafiəsi (MM Maddə 23.) tələbi ilə “Qafqaz Xəbər Agentliyi”nin qafqaznews.az saytına qarşı mülki qaydada,
– 24-də isə X.N.Abbasova böhtan (CM Maddə 147.2.) atılması şikayəti ilə “Qafqaz Xəbər Agentliyi” MMC-nin rəhbbəri Araz Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir.

Bizim müraciətimiz əsasında hər iki iş məhkəmə aidiyyəti üzrə Xətai rayon Məhkəməsinə göndərilmişdir.

Xüsusi ittiham qaydasında baxılan 1(011)-105/2018 saylı iş üzrə 27.03.2018-ci il tarixdə hakim Bəxtiyar Məmmədov xüsusi ittiham qaydasında şikayətin rədd edilməsi barədə qərar qəbul etmişdir.

Mülki qaydada baxılan 2(005)-1227/2018) saylı iş üzrə 02.04.2018-ci il tarixdə hakim İlahə Abbasovanın sədirliyi ilə keçirilən məhkəmə iclasında vəkil Rəfiyev Şahin “Qafqaz Xəbər Agentliyi”nin jurnalistlərini “hədə-qorxu ilə tələb etmə” cinayətində ittiham etmişdir.

Belə ki, vəkil Rəfiyev Şahin mülki iddia üzrə araşdırma aparılan məhkəmə iclasında “Qafqaz Xəbər Agentliyi”nin kollektivinin, onun sözləri ilə desək, “mətbuat reketçiliyi ilə məşğul olmaqda” ittiham edib və məhkəməyə bildirib ki, sitat: “qafqazxəbər reket jurnalistlərdir. Həmin yazıların dərc edilməməsi üçün onlar dəfələrlə müxtəlif şəxslərlə Xaliq Abbasova müəyyən sözlər-ismarıclar yollayıblar ki, istəmirsinizsə sizdən yazaq, bizə 20.000-30.000 pullar ödəyin, yoxsa biz başlayacağıq yazmağa. Bu da mətbuat reketçiliyidir. Onları həbs etdirmək üçün müraciət etmişəm. Yazılar reket istiqamətində aparılır.”

Həmin cinayət xarakterli şikayəti üzrə 3 gün əvvəl xüsusi ittiham qaydasında şikayətin rədd edilməsi barədə məhkəmə qərarının ona elan edilməsinin fərqinə varmadan, öz “pafoslu” çıxışından ruhlanan Rəfiyev Şahin, çıxışını mülki işə aidiyyəti olmayan və rabitəsiz sözlərdən ibarət cümlələrlə bitirmişdir, sitat: “Bildirirəm ki, Xaliq Abbasov “şurataz” şirkətinin direktoru deyil. Bundan başqa, qeyd edilir ki, Xaliq Abbasov öz işi ilə əlaqəli olaraq, keçmiş MTN-nin 4-cü baş idarəsinin rəisi Akif Çovdarov, Bunlar heç bilmirlər ki, Rəşid Əmircanov Akif Çovdarovun kiçik kürəkənidir, amma bu günki gündə, sadəcə olaraq, mən bir şeyi nəzərinizə çatdırıram ki, Akif Çovdarovun vəkili mənəm, o işlə əlaqədar heç hökm də qanuni qüvvəyyə minməyib, hələ apellyasiyaya da getməyib, mən danışa bilmərəm, dövlət sirri olduğu üçün mən burda məlumat verə bilmərəm, çünki, dövlət sirri olduğu üçün iltizama imza etmişəm, həmin işdə Xaliq Abbasov anlayışı, “şurataz” anlayışı, təkər biznesi anlayışı yoxdur. İnanın mənim səmimiyyətimə, möhtərəm hakim, sadəcə olaraq dövlət sirrinə imza etdiyim üçün sübutları təqdim edə bilmərəm.”

Onun bu hərəkəti məhkəmə iclasında özünün məsəl gətirdiyi atalar sözünü xatırladırdı: “Aşığın sözü qurtaranda nanay-nanay oxuyur.”

Jurnalistləri AR Cinayət Məcəlləsinin 182. Maddəsi ilə nəzərdə tutulan – “Hədə-qorxu ilə tələb etmə”- ağır cinayət əməlini törətməkdə əsassız ittiham etməsi ilə əlaqədar vəkil Rəfiyev Şahinin həmin Məcəllənin 147. (Böhtan) və 147.2. (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə məsuliyyətə cəlb olunması barədə xüsusi ittiham qaydasında tərəfimizdən məhkəməyə müraciət olunub.
Ağır cinayət əməli törətməsi barədə əsassız, sübutsuz, dəlilsiz ittihamların kiminsə ünvanına söyləməyin ən azı etik normalardan kənar olması, hətta hüquqşünas olmayan şəxsə də gün kimi aydındır.
Məhkəmə iclasında nümayəndəmiz Şahin Rəfiyevə sual verdi ki: “Qafqaz Xəbər Agentliyi”nin əməkdaşlarını hədə-qorxu ilə 20-30 min manat məbləğində pul tələb etmə və reketçilikdə günahlandırmaqla ittiham etdiniz. Bunu nə ilə sübut edə bilərsiniz?”

Şahin Rəfiyevin cavabı belə oldu: “Siz sübut elədiyiniz kimi. Dedim-dedim dəəə, lazım gələrsə edərəm…”

“Akif Çovdarovun vəkili mən olmuşam” deməklə açıq-aşkar öyünməklə özünü “əlçatmaz və əvəzolunmaz vəkil” kimi təqdim etməyə cəhd edən Şahin Rəfiyev baxılan mülki iş üzrə “iddia ərizəsinə əlavə”sində göstərir ki, məlumatlar “böhtan xarakterli” olduğuna görə üzr istənilməli və qafqaznews.az saytından çıxarılmalıdır (surəti əlavə olunur). Güman edirk ki, şərhə ehtiyac yoxdur.

Hörmətli Sədr,
Müraciətimizi nəzərə alaraq, hüquqşünasa – vəkilə xələl gətirən hərəkətlərinə görə Şahin Rəfiyevin barəsində tədbir görülərək bizə bildirilməsini Sizdən xahiş edirik.

“Qafqaz Xəbər Agentliyi” MMC-nin baş direktoru Araz Məmmədov

  DİGƏR XƏBƏRLƏR