Avtobusda mədəni olmağın asan yolu

Aliyə

Çexovun bir qeydini oxumuşdum. Deyirdi ki, mədəniyyətli olmaq supu süfrəyə dağıtmadan yemək deyil. Mədəniyyətli olmaq qonağın supu süfrəyə dağıdanda özünü görməzliyə vurmaqdır. Qonaq pərt olmasın deyə.

Yəni, mədəniyyət başqasını düşünməkdir. Məsələn, avtobusda elə dayanmaq ki, yanındakını narahat etməyəsən. İnsanlar illərlə cəmiyyət kimi bir birlikdə yaşayırsansa, artıq başqalarını düşünmək kimi bir qanunla razılaşmısan. Bir üzv kimi bu qaydaya əməl etməyəndə bütün orqanizm iflic vəziyyətə düşür.

Gündəlik həyatda onlarla belə halla rastlaşırıq. Deyinə-deyinə üstündən keçirik. Məsələn, avtobusa minən, qapının ağzında sıx dayanmış adamlarla rastlaşan bir sərnişin deyir ki, ay arxada dayananlar, oralar seyrəklikdir, bir az arxaya keçin, biz də minə bilək. Arxada dayanan insanların əlbəttə ki, tükü tərpənmir. Bunlara mədəniyyətsiz də demək olmaz, adamın gözünü töküb, öz mədəniliklərini müxtəlif təhdidlərlə sübut edərlər.

Niyə belədi adamlar?

Onun üçün ki… Arxada dayananlar qapıda dayanıb müraciət edən adamın səmimiyyətinə inanmır. Dəqiq bilir ki, sabah o adam onların yerinə olsa, başqasının xeyrinə yerini 30 santimetr dəyişməyəcək.

Və yaxud da başqasının yolunu kəsib onlarla adama tıxac yaradan avtobus sürücüsünə heç kim deməyəcək ki, ay kişi, sən düz eləmirsən. Çünki, avtobusun içindəkilərə bu sərf edir. Amma o vaxt ki, tıxac böyüyür özləri də çıxa bilmir, onda anonim ünvanlara deyinmələr başlayır. İflic yaranır, çünki qaydaya zidd olaraq başqalarını yox, özünü düşünmüşdün.

İndi avtobus modelinin bütün dünyada işlədiyini düşünək. Gördüyümüz mənzərəni izah edirmi?

Bunu bilməyən yoxdur, deyəcəksiniz, əlbəttə bəs çıxış yolu nədədir? Hamıya yol verib, özümüz quru yurdda qalaq? Atalar deyib axı, düz düzdə qalar. Çıxış yolunu bilmirəm. Amma başqasına yol verib, özünüz avtobusa minə bilməyəndə təsəlli yerinə bunu düşünə bilərsiniz: yol verdiyiniz üç-beş adam bu mədəniyyət qaydalarının hələ də işlədiyinə inandı. İnandısa, deməli o da gələcəkdə kiməsə inanıb, yol verəcək. Yəni, sən yaşlı qadına yol verdiyin üçün axmaq deyilsən, gələcəyi yəni bizim uşaqlarımızın yaşayacağı həyatı qapaqap reallıqdan mədəni, sivil bir topluma doğru dəyişən müdrik bir adamsan.

Təbiətin sağ qalmaq üçün öldürmək kimi amansız qaydasını dəyişmək istəyən insanın tutduğu yol budur.

Bu mövzuda rus rejissoru Yuriy Bıkov “Yaşamaq” adlı filmini izləmişdim. İki adamın rastlaşmasından bəhs edirdi. Birinin adı Andreydir, onu kimlərsə təqib edirlər, o daim qaçır, qarşısına çıxanları öldürür. Andrey dərə, təpə düz demədən qaçdıqda bir gölün kənarında balıq tutan kişiyə rastlayır. İtini sevən Mixail adlı bu ovçu mərhəmətli adamdır. Yolları birləşən Andrey və Mixail birgə qaçmalı olurlar. Ovçu Mixail Andreyə mərhəmətli olmağı, Andrey isə ovçuya zalımlığı, özünü düşünməyi, sağ qalmaq üçün öldürməyi öyrədir. Sonda ovçunun qarşısına bu qədər yoldaşlıq edib mərhəmətli olmağı öyrətdiyi Andreyi öldürməyi şərt qoyurlar. Yaşamaq üçün Andreyi öldürməlisən. Və Andreydən dərs alan ovçu onu öldürür, öldürür və sağ qalır. Hər kəs öyrətdiyinin qarşılığını alır. Amma rejissorun fikrincə, məsələ təkcə öyrətmək deyil. Yoxsa rejissor Mixaili ovçu kimi verməzdi. İnsanın təbiəti də bunu deyir, sağ qalmaq üçün öldürməlisən. Yaşamaq üçün mərhəmət göstərməlisən.

Həyat belədir, Baltasar… kulis.az

  DİGƏR XƏBƏRLƏR