Baş direktor Zakir Qaralova müraciət edir

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Cənab Baş Prokuror,

Bağlanmış müqaviləyə əsasən “Şurataz LTD” MMC SOCAR şirkətinin Nəqliyyat İdarəsini müxtəlif növ avtomobil şinləri ilə təmin edir.

Əslində isə, “Şurataz LTD” MMC-nin rəhbəri Xaliq Nərman oğlu Abbasov yaxın əlaqədə olduğu SOCAR şirkətinin vitse-prezidenti Mikayıl İsmayılovla öz aralarında sövdələşərək müxtəlif növ şinlərin alqı-satqısını dövlətə 80-100 faiz şişirdilmiş qiymətlərlə sənədləşdirilər. Nəticədə isə milyonlarla manat məbləğdə pullar mənimsənilir.

Qeyd edək ki, şirkətin rəsmi saytı “shurataz.az”da onun sahibi Xaliq Abbasov haqqında heç bir məlumat göstərilmir.

Məsələn, bazar qiyməti 300 manat olan 315-80R-22,5 ölçülü şin “Şurataz LTD” MMC ilə SOCAR şirkəti arasında 500 manata sənələşdirilir. Bu cür bir çox nümunə təqdim edə bilərik. Bu işlərdə də Xaliq Abbasov müxtəlif maxinasiyalara yol verir və vergilərdən yayınmışdır. Ölkədə daha ucuz şin sata biləcək şirkətlər kənarda qalır, lakin Mikayıl İsmayılovun protejesi SOCAR-ın əsas tərəfdaşlarından biri kimi çıxış edir. Bundan başqa, X.Abbasovun “İFO Tire LTD” adlı bir şirkəti də var. O, Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”indəki qiymətləri dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tire” LTD ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır.

Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir. Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var. Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib.

Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur.

Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib.

Redaksiyamıza “İFO Tire” LTD şirkətinin adına Sumqayıt BGİ-nə gətirilən malların “invoice” sənədlərindən “Goodyear” və “Lanvigator” şirkətlərinin istehsal etdiyi məhsulların surəti göndərilib. 2016-cı ilin birinci ayında gələn malın “İnvoice”inin üstündə “İfo Tire” LTD yazılmasa da, bu hesabatın hansı şirkətə məxsus olduğunu müəyyənləşdirmək asandır. Malın siyahısı və dəyəri invoysda göstərilib. “İnvoice” hesablamasında zavodun qiymətləri karandaşla qeyd olunub, lakin içəridə göstərilən qiymətlər Xaliq Abbasov tərəfindən azaldılan qiymətlərdir. Çox güman ki, Xaliq Abbasov invoysda malın zavod qiymətini azaltmazdan əvvəl Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovla razılaşıb.

Bu Xaliq Abbasov tərəfindən törədilən cinayətdir və onun əməlinə Sumqayıt BGİ-nin rəhbərliyi göz yumub. Hətta, burada ortaqlıq barədə şübhələr də istisna deyil.

Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, “IFO Tire” LTD şirkətinin təsisçisi Məhərrəmov İslah Siyafər oğludur. Sual yarana bilər ki, onda Xaliq Abbasovun bu işə nə aidiyyəti var?

Məsələ bundadır ki, Məhərrəmov İslah Siyafər oğlu “IFO Tire” LTD şirkətinin təsisçisi olmaqdan savayı, həm də “Şurataz LTD” MMC də şirkət sahibi və baş direktor Xaliq Abbasovun birinci müavinidir. Yəni, Xaliq Abbasov özünün “yedək” şirkətinin rəsmi rəhbərliyini məhz özünün “Şurataz”dakı müavininə həvalə edib.

Birinci “invoice” sənədində tam aydın görünür ki, zavod qiymətinin ümumi məbləği 77 min 168 dollar olduğu halda, invoysda 49 min 550 dollar göstərməklə 27 min 617 dollar məbləğində malın invoysunu azaldaraq vergidən yayınma faktı var. İkinci invoysda isə ümumi qiymət 35 min 460 dollar təşkil edir, bu da zavod qiymətindən 5 min 261 dollar azdır. Yəni zavod qiyməti 40 min 722 dollar təşkil edir.

Beləliklə, Xaliq Abbasovla İslah Məhərrəmov 5 min 261 dollar məbləğində malın rəsmi “invoice”ini azaldaraq saxtakarlıq yolu ilə vergidən yayınıblar. “İfo Tire” LTD şirkəti “Şurataz LTD” MMC şirkətinə təkcə 2016-cı ilin birinci rübündə 68 konteyner mal göndərib. Nəticədə isə, dövlətdən nə az-nə çox, 2 milyon 440 min ABŞ dolları gizlədilib. Azərbaycan iqtisadiyyatının çətin günlər yaşadığı, ölkə daxilində valyuta dövriyyəsinin əhəmiyyət daşıdığı bir zamanda, bəzi şəxslərin dövlətdən pul gizlətməsi, gəlirlərini isə müxtəlif vasitələrlə xaricə “daşıması” yolverilməzdir. Xüsusilə də, bəzi gömrük məmurlarının özbaşınılığı bir qrup işbazdan başqa, həm sahibkarların, həm də sadə vətəndaşların sosial-iqtisadi vəziyyətini çətinləşdirməyə xidmət edir. Biz, bu faktları əldə edib ictimailəşdirdik.

Hörmətli Baş Prokuror,
Göstərilən faktlar hüquq mühafizə orqanları tərəfdən obyektiv araşdırarsa müxtəlif maxinasiyalarla mənimsənilmiş milyonlarla manat məbləğində pullar dövlət büdcəsinə qaytarılar.

Hörmətlə, “QAFQAZ XƏBƏR AGENTLİYİ” MMC-nin baş direktoru Məmmədov Araz Kərəm oğlu


  DİGƏR XƏBƏRLƏR