Evdə məhkum uşaqlar

Sevinc TELMANQIZI

O gün CNN-də maraqlı bir hesabatla tanış oldum. 2016-cı ildə 10 ölkədə 12 000 valideynlə həyata keçirilən Qlobal Uşaq və Oyun Araşdırmasına görə, uşaqların 56 faizi bir gündə orta hesabla 1 saatdan az, 19 faizi isə 30 dəqiqədən daha az açıq havada oyun oynayır. Bir saatdan daha az küçədə qalma faizi Türkiyədə 61 faizi təşkil edir.

Azərbaycanda belə hesabat həyata keçirilməyib. Amma əmin olun ki, bizdə də bundan çox deyil. Gündə 1 saatdan daha az açıq havada qalmaq Birləşmiş Millətlər İnsan Haqları Yüksək Komissarlıq Ofisinin məhkumların açıq havada keçirmələrini tövsiyyə etdiyi minimim müddətdən daha azdır. Dəhşəti siz özünüz düşünün.

Bəli, müasir valideynlər uşağını küçələrə az buraxır, bizim uşaqlığımızda oynadığımız oyunlardan böyük əksəriyyətinin xəbəri belə yoxdur. Hamısı telefonun, kompüterin, planşetin qabağında… Gözlərlə o alət arasında maksimum 20-30 santimetr məsafə və nəticədə 25 nəfərlik sinfin yarıdan çoxu eynəklə gəzir, uzağı görmür. Ən yaxşı halda da valideynlər uşağı əyləndirmək adına əyləncə mərkəzlərinə, AVM-lərdəki uşaq məkanlarına aparırlar. Qapalı məkanlar, pəncərəsiz, havasız yerlər. Yenə uşağa uşaqlığını yaşamaq üçün verilən minimal imkanlar. Düzdür, indi bir çox binaların həyətində oynamağa da yer yoxdur. Qarajlar, marketlər, gözəllik salonları. Barmaq qoymağa yer görən kimi kimsə nəsə tikir, qurur, həmin yeri qapadır.

Daha bir səbəb isə odur ki,  indi uşaqların bayırda oynamaq üçün ümumiyyətlə vaxtları yoxdur. Hazırlıqlar, kurslar, məşğələlər… Günlərini bunlar zəbt edib. Günorta 1-ə qədər məktəb, 1-dən sonra isə fasiləsiz hazırlıqlar.  Amma bunlar da yeganə səbəb deyil.

Kimdən soruşsan deyəcək ki, bu, indiki valideynlərin tənbəlliyindədir. “Uşağın əlinə telefon verib canlarını qurtarırlar” arqumentini tez-tez eşitmirikmi? Təbii ki, bunda da bir həqiqət var. Uşağına pəncərədən nəzarət etmənin tənbəlliyi ilə çoxu heç onu bayıra da buraxmır. Amma hamı üçün bu, keçərlidirmi?

Valideynlər sözün bir çox mənalarında təhlükəli bir missiyanı yerinə yetirirlər. Bəli, indi küçələr uşaqlar üçün təhlükə mənbəyidir: uşaq oğruları, manyaklar, pedofillər, avtoxuliqanlar… Siyahını uzatmaq olar, amma bunların hamısı əsəb cırmaqlamaqdan başqa bir işə yaramayacaq. Müasir valideyn indi küçədə uşağına yaxınlaşan istənilən yad insanı potensial təhlükə kimi görür. İnternetdə bu cür sosial çarxlar bəs deyincədir. Uşağı təhlükədən qorumaq üçün valideyn ona nələri öyrətməlidir, hansı taktikaları aşılamalıdır və sair.

Təsəvvür edirsiz, indi küçəyə uşaq buraxmaq az qala döyüş səngərində mövqe tutmağa bənzəyir: “Bax, qızım, tanımadığın əmi (düşmən) sənə yaxınlaşıb, saçını sığallasa, konfet versə, qışqırmağa başla, qonşuları köməyə çağır…”

O gün Bakı məktəblərindən birində ibtidai sinif şagirdinin ayaqyolunda yuxarı sinif şagirdi tərəfindən zorlanması xəbəri hamının əsəbini tarıma çəkdi. Gah dedilər, valideynlər aksiya keçirib. Gah yazdılar ki, məktəb rəhbərliyi məsələni ört-basdır etməyə çalışır. Amma bütün hallarda hamımızın ürəyində bir xal qaldı. Məktəb koridorları, məktəb həyəti də artıq əvvəlki qədər etibarlı deyil, onu öyrəndik. O halda uşağını həyətə buraxmayan valideynləri necə qınayaq? Hər gün kriminal xronika uşaqlarla bağlı nə qədər tükürpədici xəbərə yer verir? Hər bir valideyn empati qurur, qorxu ssenariləri yazır beynində və…

Uşağın, yeniyetmənin sərbəst buraxılması, onun həyata alışdırılması üçün özbaşına gəzintilərə, uzaq məsafələrə getməsinə icazə verilməsi keçmiş zamanda qalıb. Bəli, 20 il öncəyə qədər bunda heç bir problem yox idi və uşaqlarımız üçün qurulan təhlükələr, tələlər bu qədər çox deyildi. Var idi, amma bu qədər deyildi.  İndi isə hər an təhlükəyə hazır vəziyyətdə dayanmaq valideynlərin əsas vəzifəsi olub. Axı bilirik, şəhər turistlərlə dolub-daşır. Hər tərəfdə potensial təhlükə var. Hansısa neqativ hal isə travma kimi uşağın beynində illərlə qalır və ölüncəyədək silinmir.

Bəli, uşaqlar həyət-bacaya çıxmır. Təəssüf ki, havasız şəraitdə, dörd divar arasında böyüyürlər. Uşaq oyunlarından xəbərsizdilər. Dünyanı ancaq o aqressiv oyun qəhrəmanlarının gözü ilə, vurdu-qırdıda görürlər. Amma əmin olun ki, bayırdakı dünya o oyunlardan daha təhlükəlidi. Əks halda, uşaqlara evdə məhkum həyatı yaşatmağı heç bir valideyn istəməz.musavat.com

  DİGƏR XƏBƏRLƏR