Məmur uşaqları üçün ən münasib vəzifə

Azərbaycanda heç bir işi bacarmayan, yeganə talantı ancaq “ağıllı” pozalar verib dodaq büzmək olan məmur balaları üçün ən gözəl və münasib iş yerləri ictimaiyyətlə əlaqələr, mətbuat xidməti, “ölü yerdən” marketinq və reklam şöbələridir.

Otururlar dövlət qurumunda, dövlət qulluqçusunun maaşını alırlar, ətraflarına da özləri kimi “Ayka”ları və “Rusik”ləri yığırlar… Əlbəttə ki, ayıblarını ört-bastır etmək üçün yetim-yesirdən savadlı bir nəfəri də minimal maaşla otuzdururlar kompüter arxasına ki, “kəsib-doğrasın”.

Uğur olanda bunlar çıxır göz önünə…

Uğursuzluq olanda isə yetim-yesirin gözünü vurub çıxarırlar.

Bu cür gülməşəkərlərin əsl siması isə sosial şəbəkələrdə üzə çıxır.

Özünü şou-biznes ulduzları kimi aparan “papanın gül balaları” hər hansı ictimai mövqe bildirən şəxslərə qarşı aqressiya, tərbiyəsizlik göstərir… Nəticədə özləri gülüş hədəfinə çevrilirlər.

Rus dilində uzada-uzada danışan, dövlət dilini öyrənməyi “zapodlo” bilən bu gülməşəkərlər… elə özləri demişkən, ilk “imtaxan”dan biabır olaraq çıxırlar.

Onlar “xalis”ə “halis”, erməniyə “ərməni”, “halal”a isə “xalal” deyirlər. Onlara hər hansı yaşlı bir təqaüdçü yaxınlaşsa, ağzını açmamış da, “Fu, otoydi bıstro!” sözlərini eşidər.

Bu insanlar bizim dövlət qurumlarımızın simalarıdırlar.

Sima demişkən, hazırda saytlarda Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı şərh tirajlanır. O cümlədən, pozitiv və gülərüz siması, ekstravaqant fotoşəkilləriylə birlikdə.
Deyilənə görə, dədəsi elə həmin qurumda rəis müavinidir.

Atasının qızı rayonlardan əhalinin Bakıya gəlməsinə qarşı çıxır.

Əsl dissidentlik edib. Bununla da Lalə xanım rayonlardakı korrupsiyanın, işsizliyin əsas tənqidçisi olub. Lalə xanım demək istəyir ki, bölgələr inkişaf etdirilsin, ali məktəb və istehsalat müəssisələri rayonlarda çox olsun, xalq da paytaxta üz tutmasın.

Eşq olsun! Alqışlar… Yaman gülərüz və pozitiv xanımdır ha… Nə yazdığını da əvvəldən düşünsə, lap qəşəng olar.

Rüfət Əhmədzadə

“Qafqaz Xəbər” qəzeti

  DİGƏR XƏBƏRLƏR