Örtülü tənqid dostluğu pozmaz

Samir SARI

Əslində haqlı və ciddi sualdır: “Biz tənqidi niyə qəbul etmirik?”

Birincisi, ona görə ki, biz hələ tənqidin nə olduğunu, mahiyyətini bilmirik, tənqidlə təhqiri, məzəmmətlə tənqidi, tənqidlə qara “piar”ı səhv salır, qarışdırırıq.

Biz gündə olan ölkələrdə tənqid yaşayış uğrunda mübarizənin tərkib hissəsidir. Çox vaxt adamı ona görə tənqid edirlər ki, onun adını dilə-dişə salsınlar.

Siz heç çox təriflənən adamın işdən çıxarıldığını, cərimələndiyini görmüsünüz? Əksinə, adətən təriflənən adamlara mükafat verilir, vəzifəsi böyüdür, hətta deputat-zad da qoyurlar.

Amma tez-tez tənqid olunan, tənqidi qəbul edən adam ağzıyla quş tutsa da, xeyri yoxdur, başıqapazlı olaraq qalacaq, yetən üstünə cumacaq, axırda yerindən perik salacaqlar. Başqa sözlə, bu ölkədə tənqidi qəbul edənləri minirlər. Söz-sözü gətirən kimi, deyirlər:  “Özü də boynuna alır”; “özünün də etiraf etdiyi kimi”; “özü də etiraz etməz ki” və sair və ilaxır.

Bu üzdəndir ki, bu ölkədə tənqidi sevmirlər.

Əslində dünyanın heç bir ölkəsində tənqiddən ötrü əldən getmirlər. Çünki faydası az, ziyanı çoxdur. Çox tənqid olunan hansısa şirkətin işgüzar nüfuzu zay olmurmu? “Filan markadan olan telefon zaydır, filan funksiyaları yoxdur” deyə qlobal miqyasda tənqid kampaniyası başlasa, o şirkət milyardlarla dollar həcmində ziyana düşər, düşməz? Müflis olar. Belədirsə, o şirkət tənqidi necə qəbul etsin?

Yaxud da götürək dünyanın ən yaxşı futbolçularını, Messini, Ronaldonu. Hamı onların bir-iki zəif oyununa görə total tənqidə başlasa (bəzən elə də olur), onlar da tənqiddən “düzgün nəticə çıxarmasalar”, hirslənib dalbadal qol vurmasalar, olar ki, baş məşqçi tənqidləri nəzərə alaraq onları bir daha oynatmaz. Yaxşı olarmı?

Xüsusilə də ictimaiyyət arasında səsləndirilən tənqidi fikirlər, əmin olun ki, xeyirliyə deyil, düşmənçilikdir, adamı hədəfə çıxarıb söydürməkdir.

Məsələn, son vaxtlar dəb olub, bir də görürsən, kimsə kiminsə adını feysbuk səhifəsində çəkib yüngülcə bir tənqidi fikir yazır, qeyd edir ki, filankəs bəy də belə deyərkən yanlış mövqedə olub. Adi, dostcasına tənqid. Amma siz gəlin o “yumşaq status”un altında yazılan sərt şərhlərə baxın. Biri yazır: “O köhnənin satqınıdır”. Başqası qeyd edir: “O deyildimi filan vaxtı filan cür deyirdi, alçaq adamdır”.

Ardınca söhbət irəliləyir, “yumşaq şəkildə tənqid olunan adamı” söyüb-biabır edirlər, nəsil-nəcabət, yeddi arxa dönən, şəcərə, mahal – hamısını bir-birinə qatırlar. Söhbət, əlbəttə ki, gedib “tənqid olunan”a çatır, bir “istəyən adam” ona xəbər verir ki, bəs səni filan səhifədə söyürlər. O da öz iradını “baş tənqidçi”yə bildirir, deyir, qaqa, məni orda niyə söydürürsən. “Tənqidçi” cavab verir ki, burda nə var axı, adamlar öz fikirlərini yazırlar. Nəhayət, onların sözləri çəpləşir, söyülən söydürəni dostluqdan çıxarır, blok edir və s. O adam da gedib yeni bir status yazır ki, filankəs adını demokrat qoyub, amma adi tənqidə dözmədi, məni dostluqdan çıxardı. Bədxahlar yenə tökülüşüb yazırlar ki, hə, hə, o çoxdanın oğraşıdır.

Gördünüzmü, adi bir tənqidi fikrin axırı gəlib söyüşə çıxdı.

O gün gənc yazıçı-jurnalist Kəramət Böyükçöl qəzetimizə müsahibə verib demişdi ki, Bəxtiyar Vahabzadədən min dəfə güclü şairdir. Bu sözə görə onu demək olar ki, min dəfəyə yaxın tənqid etmişdilər. Əslində nə tənqid ey, söhbətə atası Qəşəm Nəcəfzadəni də qatmışdılar və ikisinin ünvanına deyilən “tənqidi fikirləri” bir barrel İsmayıllı balıyla da yeyib sinirmək olmazdı.

Ancaq bu, Kəramətin vecinəydimi? Deyildi. Niyə? Çünki o həmin “tənqidi fikirlər”i oxumamışdı. Düzdür, oxusa da, dərhal qaçıb siçan dərmanı içib özünü öldürəsi tiplərdən deyil, amma elə “tənqidi sözlər” vardı ki, Kəramət onu deyən adamın ağzının üstündən İmişli camışının təzəyini yapışdırsa, haqlı olardı.

Ən yaxşı tənqid, bilirsinizmi, nədir? Adam (tutaq ki, yazar) bir səhv buraxır, kimsə ona ya telefonla deyir, ya da daxili poçtuna yazır ki, əslində elə deyil, belədir, yanlışsan. O da qanacaqlı adamdırsa səhvi düzəldir, təşəkkür də edir. Amma həmin şəxs eyni sözü üçüncü, beşinci, beşyüzüncü adamın yanında desəydi, inciklik qaçılmaz idi.

Buradan çıxan nəticə budur: “Tənqid konfidensiallığı sevir”.Musavat.com

  DİGƏR XƏBƏRLƏR