Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi olub

Türkiyə Respublikası Prezidentinin Sarayında – Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

“Qafqaz Xəbər” qəzeti “Report”-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.

Səfər rəsmi nahar yeməyi ilə başa çatacaq.


  DİGƏR XƏBƏRLƏR