Qubada meşə ərazisində yanğın başlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən “Report”a daxil olan məlumata görə, aprelin 11-də saat 13:50 radələrində Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib: “Daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür”.


*** 13:59

Quba. 11 aprel. REPORT.AZ/ Quba rayonunda meşə ərazisində yanğın başlayıb.

“Report”un Şimal bürosu xəbər verir ki, rayonun Zərqava kəndi ərazisində meşə massivində səhər saatlarında başlayan yanğın hələ də davam edir.

Yerli sakinlər meşədə baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Quba Rayon Yanğından Mühafizə Xidmətinə məlumat veriblər.

Yanğın getdikcə böyük ərazini əhatə etməyə başlayıb.

  DİGƏR XƏBƏRLƏR