XİN: Bəzi dairələr prezident seçkilərinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayırlar

“Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şayə və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır”.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Bu kimi internet resursları tərəfindən təqdim olunan şəkillərdə və video görüntülərdə iddia olunan seçki məntəqəsi ilə real seçki məntəqəsinin nömrəsi arasında uyğunsuzluq, şəkillərə fotoşop elementlərinin daxil edilməsi və yaxud da kimliyi bilinməyən şəxslər adından danışılması, vətəndaşların seçki fəallığına və seçici növbələrinə başqa don geyindirilməsi cəhdləri bu cür məlumatların saxta olduğunu açıq şəkildə sübut edir.

Saxta məlumatlar vasitəsilə onlar seçkiləri azad, demokratik və şəffaf şəkildə izləyən beynəlxalq və yerli müşahidəçiləri yanlış istiqamətə yönləndirmək, aldatmaq və nəticə etibarilə, onlar tərəfindən hazırlanacaq yekun hesabatlara təsir etmək kimi çirkin məqsədlər güdürlər.

Beynəlxalq və yerli müşahidəçilərin seçkiləri azad, demokratik və şəffaf şəkildə izləmələri üçün bütün şərait yaradılıb və onlar yerlərdə vəziyyətlə tanış olmaq üçün zəruri imkanlara malikdirlər”, -deyə XİN rəsmisi vurğulayıb.

  DİGƏR XƏBƏRLƏR