“Azərbaycan dili” fənni üzrə ikinci imtahanın tarixi açıqlanıb

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahan iyunun 10-da keçiriləcək.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş, lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların kabinetlərindəki hesablarından çıxılır.

Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyunun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləck.

Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

  DİGƏR XƏBƏRLƏR