Şəhid polkovnik-leytenat Raquf Orucova həsr edilən filmin təqdimatı olub

2016-cı ilin aprelində şəhid olan polkovnik-leytenat Raquf Orucova həsr edilən “Ruhun həsrəti” filminin təqdimat mərasimi olub.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbərinə görə, Mətbuat Şurasının təşəbbüsü ilə hazırlanan filmin ssenarisi və onun səslənməsi şəhidin həyat yoldaşı Sevinc Orucovaya məxsusdur.

Tədbirdə Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək deyib ki, ərazi bütövlüyü uğurunda minlərlə insan döyüşüb, qəhrəmanlıq göstəriblər, onların ailələrinə daim diqqət və qayğı göstərilməlidir.

Deputat Gövhər Baxşəliyeva qeyd edib ki, Raqub Orucovun itkisi ağırdır: “Biz başımızı dik tutmalıyıq. İnanırıq ki, qəhrəman oğulların sayəsində işğalda olan torpaqlarımız azad ediləcək. Hər birimiz şəhid ailələrinə diqqət və qayğı göstərməliyik, biganə qalmamalıyıq”.

“Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva deyib ki, vətən yolunda canından keçən insanlarla bağlı təbliğat aparılması çox önəmlidir.

Milli Məclisin üzvü Aqil Abbas aprel döyüşlərində hərbiçilərin qəhrəmanlıq göstərdiyini vurğulayıb.

O, telekanalları bu məsələlərə diqqət göstərmədiyinə görə qınayıb: “Müğənnilərə ayırdığınız zamandan hərbi-vətənpərvərlik mövzularına da ayırın, filmlər çəkin. Kitablar yazılır, onu çox adam oxumur, amma filmlərin auditoriyası daha genişdir”.

Tədbir çıxışlarla davam etdirilib.

  DİGƏR XƏBƏRLƏR