Sarkisyana arvad paltarı “geyindirən” azərbaycanlı – Salam Sarvan yazır

Salam SARVAN
Məşədi İbadın məşhur dilemması getdikcə müasirləşməkdə: papağı başa necə qoymalı ki, Gəncə qumarbazına, “şapka”nı necə qoymalı ki, kredit verən idarələrin müdirlərinə, əmmaməni necə qoymalı ki, İrana işləyən dindara, tacı necə qoymalı ki, bəzi rayon xanlarına oxşamayasan?!
İş təkcə papaqda deyil ki… Paltar məsələsi Azərbaycanın mahiyyətində çox ciddi amil – Beyrəyin qanlı köynəyindən tutmuş Fatının tumanınacan.
Gör indi nə deyirəm… Həyat fəlsəfəsi “axırı beş arşın bezdir” olan, əməkhaqqına “donluq” deyilən, pionerinin gələcəyə yalnız sehirli xalatda gedə bildiyi buralarda paltar fəlsəfəsi tamam fərqli.
Fəlsəfəsinə görə, paltar buralarda üst paltar deyil, alt paltardı: o, şüuraltımızda daha rəngarəng ifadə olunmaqda.
Paltar bizim əlimizdə silaha da çevrilə bilir. Məsələn, bizimkilər Xocalı soyqırımında şəxsən iştirak eləmiş Sərkisyandan son vaxtlaracan belə qisas alırdılar: onun arvad parikində, arvad paltarında fotomontajını “Facebook”da yayırdılar. Guya da, guya… Düşmənə söyüş söyüb qaçmağa oxşayan bir hərəkət.
İki ayağımı bir başmağa qoyub təkidlə deyirəm: ən yeni tariximiz də, daha çox, paltarla bağlı. Söhbət Əsgəranda iki həmvətənimizin öldürülməsinə görə ilk erməni-azərbaycanlı qarşıdurmasında bir bacımızın kişilərimizin qarşısına yaylıq atmasından gedir. Bacımızın bu jestindən sonra bizimkilər müqəddəs adət-ənənələrimizə hörmət əlaməti olaraq ermənilərin üstünə getməkdən vaz keçmiş və orada Qarabağ müharibəsinin ilk sülhü bağlanmışdı: “Yaylıq sülhü”.
Metro vaqonlarında öz kitablarını satan Bəşir Kəsərli “həmin yaylığı” indiyəcən başında gəzdirir. Ta onu iddia eləmək doğru olmazdı ki, qadın müğənnilərimizdən biri öz başıləçəkli imicini Bəşir Kəsərlidən götürmüş.
Onu deyirdim axı… Başıləçəkli Bəşir Kəsərli Qarabağ xanının vəziri Molla Pənah Vaqifin bu misralarını ucadan deyə-deyə Bakı küçələrini dolaşmaqda: “Kəlağayi əlvan, qəsabə qıyqac, altından cunası hayıf ki, yoxdur”. Həmin qadın müğənnimiz isə əsgərlərin qarşısında oxuya-oxuya hərbi-vətənpərvərlik ruhunu qaldırmaqda: “Şuşanın dağları başı dumanlı… Qırmızı koftalı, yaşıl tumanlı”.
O vaxt hələ paltar amili siyasətə gəlib çıxmamışdı: hələ Əşrəf Mehdiyevin “Qeyrət”çiləri əyinlərinə ağ kəfən geyib yolun üstündə oturmamışdılar, “Azadlıq” blokunun narıncı tenniskaları çirklənməmişdi.
O vaxt hələ müasirləşmək, modayla ayaqlaşmaq ümidləri də qalmaqdaydı – hələ çadralardan çıxan kimi çadırlara bürünməmişdik.parafr.az

  DİGƏR XƏBƏRLƏR